Məhkəmə qərarları › İş №2-1(112)-9799/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9799/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9799/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, 547 saylı xx.xx.2003-cü il tarixli sərəncama əsasən ona ayrılmış 1200 kv.m torpaq sahəsində tikilmiş Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivi ev 22-də tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bir yerdə özəlləşməsinə köməklik edilməsini, çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********39 nömrəli məktubla bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində əlavə fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Belə ki, təqdim edilmiş Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 547 nömrəli, 16 avqust 2003-cü il tarixlidir. 2001-ci il yanvarın 1-dən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan əlavə, həmin sərəncam əsasında tərtib edilmiş texniki pasport xx.xx.2003-cü il tarixlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Həmçinin sərəncamda istinad olunan “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanının həmin dövrdə qüvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi təmin edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 35 kv.metr, yaşayış sahəsi 42.8 kv.metr olan fərdi yaşayış evi tam payla onun adına xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə əsas Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 547 saylı sərəncamı olmuşdur. Həmin sərəncama əsasən "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 249 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış , lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 16 avqust 2003-cü il tarixli sərəncama əsasən, Pirşağı qəsəbəsi, Yeni yaşayış sahəsində 2 otaqlı, tikinti sahəsi 101.80 kv.metr, ümumi sahəsi 78.01 kv.metr, yaşayış sahəsi 34.96 kv.metr təsərrüfat otağının sahəsi 18.24 kv.metr, açıq eyvan sahəsi 17.01 kv.metr olan 1200 kv.metr torpaq sahəsində tikilmiş 22 saylı evə İddiaçı adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. Sərəncamın icrası təmin olunaraq, iddiaçıya həmin evə dair qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi təmin edilmişdir. 2003-cü ildə torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını təsdiq edən sənəd kimi texniki pasportun verilməsi ilə kifayətlənsə də, hal-hazırda torpaq sahəsinə dair çıxarışın alınması zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində əlavə fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin faktiki iddiaçının istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 547 nömrəli, 16 avqust 2003-cü il tarixlidir. Bildiririk ki, 2001-ci il yanvarın 1-dən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir. Bundan əlavə, həmin sərəncam əsasında tərtib edilmiş texniki pasport xx.xx.2003-cü il tarixlidir. Həmçinin sərəncamda istinad olunan “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanının həmin dövrdə qüvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 08 nömrəli sərəncamından görünür ki, «Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanı və Azərbaycan Respublikasının Baş Nazirinin müavini- Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sədrinin 03 aprel 2002-ci il tarixli ƏŞ- 1061 saylı məktubu nəzərə alınmış və Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına yaşayış məntəqəsi tikintisinə sabiq S.Əliyev adına südçülük sovxozu ərazisindən, dövlət mülkiyyətində olan, əkin yeri kimi uçota alınmış, torpaq sahəsindən 34.0 ha ayrılıb Respublika Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 249 nömrəli sərəncamından görünür ki, «Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli, 562 saylı fərmanına əsasən, Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına yaşayış məntəqəsinin tikintisi üçün Abşeron Rayon İcra Hakimiyyətinin 05 aprel 2002-ci il tarixli, 08 saylı sərəncamı nəzərə alınaraq, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə Sabunçu rayonunun İnzibati ərazisində yerləşən, keçmiş S.Əliyev adına südçülük sovxozunun ərazisinin dövlət mülkiyyətində saxlanmış 34.0 ha əkinə yararlı torpaq sahəsi ayrılmış və Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahıya əsasən, mövcud qanunvericilik əsasında adları siyahıda göstərilən vətəndaşİara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısına tapşırılmışdır. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 547 saylı xx.xx.2003cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına əsasən “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2001-ci il tarixli 562 saylı Fərmanını rəhbər tutaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamını və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi sədrinin ƏŞ- 3797 saylı xx.xx.2003-cü il tarixli məktubunu nəzərə alaraq, Pirşağı qəsəbəsi Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101.80 kv.m, ümümi sahəsi 78.01 kv.m, yaşayış sahəsi 34.96 kv.m, təsərrüfat otağının sahəsi 18.24 kv.m, açıq eyvan sahəsi 17.01kv.m olan 1200.0 kv.m torpaq sahəsində tikilmiş 22 saylı evə vətəndaş İddiaçı adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmişdir. - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2003-cü il tarixli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi 1200 kv.metr, tikintialtı torpaq sahəsi 103.9 kv.metr, fərdi yaşayış evinin ümumi sahəsi 42.8 kv.metrdir. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 028704 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi küçəsindəki 2 otaqlı ümümi sahəsi 42.8 kv.m, yaşayış sahəsi 35 kv.m olan 22 saylı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********09 nömrəli məktbubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasporta əsasən 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1625 ha təşkil edir (0.0425 ha artıqdır). Bundan əlavə texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinə bitişik köməkçi sahələr, həmçinin torpaq sahəsində əlavə ikimərtəbəli yaşayış evi və köməkçi tikililər inşa edilmişdir. İddiaçı hazırda mülkiyyətində olan 22 saylı fərdi yaşayış evinin yerləşdiyi 1200 kv.metr torpaq sahəsinə də mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. Həmin Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 7-ci bəndi 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410) qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, bu Fərman ümumən erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan qaçqın statusu almış Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasında məskunlaşması problemlərinin həlli məqsədilə qəbul edilmiş, həmin Fərmanla (o cümlədən, Fərmanın 7-ci bəndi ilə) qaçqınların ölkə ərazisində daimi yerləşmələrinin təmini ilə bağlı xüsusi tələblər, o cümlədən, onların məskunlaşdıqları ev və ya torpaq sahəsi ilə bağlı mütləq qaydada hüquqmüəyyənedici sənədlərin olması nəzərdə tutulmamışdır. İşin yuxarıda istinad edilən hallarından görünür ki, iddiaçı 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan şəxslər olmuş, Fərmanın 7-ci bəndi qüvvədən düşənə kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış, daha sonra isə həmin ev onun mülkiyyətinə verilmişdir. Lakin həmin tikilinin yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməmişdir. Məhkəmə hesab edir ki, istinad olunan normanın hazırda qüvvədə olmaması iddiaçının həmin normaya istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsinə mane deyildir. Belə ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin müvafiq sahədəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi barədə norma hazırda qüvvədə olmasa da, qanunvericilikdə baş vermiş iddiaçıların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar onalara münasibətdə tətbiq edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan tikilinin yerləşdiyi həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin etirazında göstərdiyi dəlillərə gəldikdə, həmin dəlillər formal əsaslar olmaqla, iddiaçıların qanunvericiliyə əsasən yaranmış hüququnun qeydə alınmasından imtina üçün əsas hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar