Məhkəmə qərarları › İş №2-1(112)-9799/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9799/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9799/2025 24.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X20 ilə babası X15 arasında bağlanmış 29 may 1963-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ sahəsinin mərhum babası X14 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən, sahəsi 2472 kv.m olan 100/495 saylı bağ sahəsinin iddiaçının mərhum babası X14 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X20 ilə babası X15 arasında bağlanmış xx.xx.1963-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ sahəsi babasının uzunmüddətli istifadəsinə verilmişdir. Babası X15 xx.xx.1978-ci ildə vəfat etmişdir, X2, onun atası X21 xx.xx.2001-ci ildə vəfat etmişdir. O və digər vərəsələr Bakı şəhəri 10 saylı Notariat Ofisinə müraciət etmişlər və vərəsəlik işi açılmışdır. Eyni zamanda Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək həmin miras əmlaka dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Lakin ünvan 1manda onun tərəfindən müvafiq sənədlər əlavə edilməklə mülkiyyət hüququnun babasına məxsus olması barədə arayış verilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin əksər hissəsi Abşeron rayon İnzibati ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etməyi məqsədəuyğundur. Bundan sonra o 4 saylı Abşeron ərazi dairəsinə müraciət etmişdir, lakin sonuncu da xx.xx.2024-cü il tarixli məktubu ilə ona bildirmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsi Bakı şəhərinin inzibati ərazi hüquqları daxilində yerləşir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin (110 kVt) mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir, odur ki, ərizəsinin icrasından imtina edilmişdir. Lakin hal-hazırda bağ sahəsinin yerləşdiyi Xaşa-Xuna qəsəbəsi Xəzər rayon ərazisində olduğu üçün o hal-hazırda Bakı İnzibati Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir. Göründüyü kimi bağ sahələrinə dövlət torpaq kadastrının tərtibi və aparılması, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və s. bu kimi vəzifələr cavabdehin özünün vəzifəsidir. Göründüyü kimi bağ sahələrinə dövlət torpaq kadastrının tərtibi və aparılması, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və s. bu kimi vəzifələr cavabdehin özünün vəzifəsidir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının, həmçinin torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlərin hazırkı müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin bir hissəsinin Bakı şəhərini inzibati əraz-hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir.

5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin əksər hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin 100/495 saylı nömrə bağların bölgüsünə dair sxematik xəritədə göstərilməmişdir. O cümlədən elektron kadastr baza məlumatına əsasən faktiki 2472 kv.m sahənin 678 kv.m hissəsi yüksək gərginlikli elekttrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin sənəd üzrə ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki 2472 kv.m təşkil etdiyi məlum olmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri keçmiş Ordjenikidze rayonu VVAQŞ-si tərəfindən verilmiş evlənmək haqqında xx.xx.1970-ci il tarixli AZ seriyalı 113992 nömrəli şəhadətnamə qeyd edilmişdir ki, X21 ilə X3 arasında olan nikah münasibətləri xx.xx.1970-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon VVAQŞ tərəfindən verilmiş ölüm haqqında xx.xx.2001-ci il tarixli AZ seriyalı 098187 nömrəli şəhadətnamə qeyd edilmişdir ki, X21 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 235402 nömrəli şəhadətnamə qeyd edilmişdir ki, X15 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli AZ-T seriyalı 220274 nömrəli şəhadətnamə qeyd edilmişdir ki, X21 ilə X3 birgə nikah münasibətlərindən İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuşdur.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanan xx.xx.2023-cü il tarixli 285 nömrəli məktubunda qeyd edilmişdir ki, bağ sahələrinin və tikililərin və uzun müddətli icarəyə verilməsi haqqında, 29 may 1963-cü il tarixli 3588 nömrəli müqaviləyə əsasən, xx.xx.1978-ci ildə ölmüş- mərhum-X14 məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat ofisinə mərhumun oğlu- X17, nəvələri-X18, X7 (imza edir qəyyumu-X5), X22, İddiaçı, nəticəsi- X19 (Etibarnamə ilə imza edir- X11) tərəfindən müraciət olunmuş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlər araşdırılarkən məlum oldu ki, yuxarıda göstərilən əmlaka (Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ sahəsinə) hüquqmüəyyənedici sənəd alınmamışdır. Vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün yuxanda qeyd edilən, miras əmlaka (Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ, sahəsinə) dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-48-DA/2-Q-449-6-452/2025 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 14 aprel 2025-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 12 (sənəddə olduğu kimi) may (sənəddə olduğu kimi) 1942-ci ildə doğulan X12 təvəllüdü qeyd olunur. Atası: X15. Anası: X13.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1963-cü il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə, verilməsi haqqında 3588 nömrəli müqavilədə qeyd edilmişdir ki, icarədar Bakı şəhər İcraiyyə Komitəsinin X20 ilə icarəçi Əliyev Baba arasında Xaşa Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

13. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xaşa Xuna bağ massivi 100/495 saylı bağ ic.müq - 3588 torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 2.500 kv.m, faktiki sahə üzrə 2.472 kv.m. Bağ sahəsinə təqdim edilmiş icarə müqaviləsinin sürətində bağın nömrəsi 100/495 kimi qeyd olunub, lakin arxiv nüsxəsində 100 kimi göstərilib, arxiv cizgisində isə 725/495 kimi qeyd edilib. Sahənin cənub hissəsindən 14.5 metr kənardan 110 kv.luq elektrik xətti keçir. Göstərilən ümumi 2.472.0 kv.m sahədən arxiv cizgisində göstərilən ölçüləri və elektrik xəttinin mühafizəsinə düşən hissəni nəzərə aldıqda sahə 1.794.0 kv.m qalır.

14. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 56505/2025 nömrəli məktubunda, sorğuda qeyd olunan bağ sahəsinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 504, 505 və 505a bağ sahələrin qeyd edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Xoşa-Xuma bağ sahəsi 504a saylı bağ sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarış verilmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

21. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X20 ilə X15 arasında Xaşa Xuna qəsəbəsində yerləşən, sahəsi 0,25 ha olan 100/495 saylı bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1963-cü il tarixli müqavilə bağlanılmışdır. X15 xx.xx.1978-ci il tarixində vəfat etmişdir. 10 saylı notariat ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.

22. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. Cavabdehin imtinada və iddiaya yazılı etirazında göstərdiyi əsas dəliləri ondan ibarət olmuşdur ki, torpaq sahəsinin əksər hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir, 100/495 saylı nömrə bağların bölgüsünə dair sxematik xəritədə göstərilməmişdir, faktiki 2472 kv.m sahənin 678 kv.m hissəsi yüksək gərginlikli elekttrik xəttinin mühafizə zonasında yerləşir.

33. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X20 ilə X15 arasında Xaşa-Xuna qəsəbəsində yerləşən 100/495 nömrəli 0,25 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.1963-cü il tarixli müqavilə bağlanılmışdır. Bağ sahəsi X4i əsaslarla ayrılmışdır və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.

34. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “100/495” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

35. Həmçinin məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

36. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan bağ sahəsi sözügedən «Tələblər» qəbul edilənə qədər, yəni Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X10 xx.xx.1963-cü il tarixli müqaviləsi ilə ona ayrılmışdır.

37. Məhkəmə cavabdehin etirazda qeyd etdiyi digər dəlili - torpaq sahəsinin əksər hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşməsinə münasibətdə qeyd edir ki, iddiaçının qonşuluğunda yerləşən 504, 505 və 505a saylı bağ sahələri Bakı şəhərinə aid edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdırlar.

38. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

40. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən, sahəsi 2472 kv.m olan 100/495 saylı bağ sahəsinə sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X14 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar