Məhkəmə qərarları › İş №2-1(112)-980/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-980/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-980/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etdiyi dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında yaralandığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar verməsi üçün həmin orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi əsasında ilk cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi onun daxili işlər orqanlarında xidmət etdiyi dövrdə döyüş bölgəsində yaralanması ilə əlaqədar aldığı bu xəsarətin xidməti vəzifəsinin icrası ilə əlaqədar olması (xəsarətin səbəb əlaqəsi) haqqında müvafiq qərar verilməsindən xx.xx.2019-cu il tarixli, 029-20275R-3219 saylı məktubu ilə imtina etmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci İl tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3-cü bəndinə əsaslanaraq bildirmişdir ki, bu qərar vətəndaşın xəsarət aldığı zaman xidmət keçirdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarılır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Onun tərəfindən belə arayış təqdim edilmədiyi üçün Tibb İdarəsi tərəfindən belə qərarın verilməsi imkan xaricindədir. Çox təəssüf ki, DİN-nin Tibb İdarəsi həmin Əsasnamənin 7.4-cü bəndini nəzərə almır. Həmin bənddə göstərilir ki, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətbndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Əgər bu normaya diqqət yetirilsə, hərbi-həkim komissiyası «qərar çıxara bilər» deyil, məhz «çıxarır» göstərilmişdir. O, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X5 (XTPD) polis nəfəri kimi xidmətə başlamışdır. Həmin dövrdə DİN-nin əməkdaşları respublikanın ərazi bütövlüyü uyğunda gedən döyüşlərə cəlb edilirdi. O da daxili işlər orqanlarında xidmət etdiyi dövrdə, 1992-ci ilin oktyabr ayından 1994-cü ilin avqust ayına kimi Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Həmin əməliyyatların birində - Ağdərə istiqamətində gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində yaralanmış, təcili surətdə Bakı şəhərinə gətirilmiş və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur. Ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın təpə nahiyyəsinin çapılmış yarası (qəlpə) diqnozu qoyulmuşdur. Xəstəxanadan çıxdıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmış, Ağdam, Füzuli və digər rayonlar uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1996-cı ildə DİN-nin X7 Dəstəsinin buraxılması və hazırda belə qurumun fəaliyyət göstərməməsi ilə əlaqədar Tibbi İdarəsinin tələb etdiyi həmin arayışın alınması mümkün deyildir. Onun döyüş əməliyyatlarında iştirakı DİN-nin Baş Kadrlar İdarəsinin rəisi R.Abbasövun imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli, 0xx/xx-5175R-3218 saylı məktub (X7 Dəstəsinin komandirinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmri ilə Ağdərə rayonunun yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə pul ilə mükafatlandırılmağı) və DİN-nin əmri ilə xx.xx.2015-ci il tarixində “Müharibə Veteranı” vəsiqəsinin verilməsi ilə təsdiq olunur. DİN-nin Tibbi İdarəsinin rəisi Mahmud Yusifovun imzası ilə 3 saylı şəhər Klinik Xəstəxanasına ünvanlanmış xx.xx.2019cu tarixli, 029-1071-1219/4 saylı sorğuda onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə həmin xəstəxanada müalicə olunub-olunmamağı və qoyulmuş diaqnoz barədə məlumat verilməsi istənilmişdir. 3 saylı Klinik Xəstəxananın verdiyi xx.xx.2019-cu il tarixli, 572 saylı cavab məktubunda bu sorğulara tam aydınlıq gətirilmişdir. Onun adına açılmış olan 2559 saylı xəstəlik tarixi saxlanılmadığı üçün məlumatın 2559 saylı tibbi karta əsasən verilməsi, onun göstərilən tarixlərdə həmin Xəstəxanada müalicə aldığı və diaqnozu (qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın təpə nahiyyəsinin çapılmış yarası (qəlpə) dəqiq göstərilmişdir. Tibb İdarəsi öz sorğusunda onun xəsarəti hansı şəraitdə aldığı barədə məlumat verilməsini istəməmişdir. İstəsəydi xəstəxana həmin xəsarətin Qarabağ uğrunda gedən döyüşlərdə aldığını göstərərdi. Çünki onun həmin Tibbi kartında xəstəxanaya Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət alaraq daxil olduğu qeyd edilmişdir. Onun cəbhə bölgələrində döyüşdüyü və yaralanmağı barədə sənədlər, o cümlədən ambulator, stasionar kartından çıxarış DİN-nin Tibb İdarəsinə təqdim edilsə də, bu sənədlər nəzərə alınmamış, Əsasnamənin 7.4-cü bəndinin tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 031375 nömrəli vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-20275R-3219 saylı məktubda qeyd edilir: Sizin döyüş bölgəsində yaralanmağınızla bağlı xəsarətin səbəb əlaqəsinin təyin edıiməsi üçün DİN rəhbərliyinə ünvanladığınız ərizə DİN Tibb İdarəsində araşdırılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında (xidməti rəy) arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar olubolmaması göstərilir. Yuxarıda göstərilənləri və Sizin xəsarətinizlə bağlı travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyinizdən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı X6 tərəfindən Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 572 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2019 tarixli, 029-1071-1219 saylı sorğunuza əsasən bildirir ki, adına açılmış olan 2559 saylı xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Məlumat 2559 saylı tibbi kartaya əsasən verilir - X4, 20 yaş, Azərbaycanlı, OMON, daxil olub xx.xx.1992-ci il, evə yazılıb xx.xx.1992-ci il, diaqnoz - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin çapılmış yarası (qəlpə). Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarılış əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 778 saylı məktubda qeyd edilir: Sizin 2-1(112)-980/2020 nömrəli xx.xx.2020 tarixli sorğunuza cavab olaraq bildirilir ki, xəstə X1 adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat vermək qeyri-mümkündür. Məlumat 2559 saylı tibbi kartaya əsasən verilir - X4, 20 yaş, Azərbaycanlı, OMON, daxil olub xx.xx.1992-ci il, evə yazılıb xx.xx.1992-ci il, diaqnoz - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin çapılmış yarası (qəlpə). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2018-ci il tarixli 0xx/xx-5175R-3218 saylı məktubd qeyd edilir: Daxili işlər orqanlarında xidmət etdiyiniz dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüş əməliyyatlarında iştirakınıza görə mükafatlandırılmanız ilə əlaqədar sizə məlumat verilməsi barədə DİN-in Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır.Bildiririk ki, DİN-in keçmiş X7 Dəstəsinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmri ilə Ağdərə rayonunun yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirakınıza görə 7000 (yeddi min) manat məbləğində pul ilə mükafatlandırılmısınız. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 238-1704-1220 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2020-ci il tarixli 2-1(112)-980/2020 nömrəli məktubunuza cavab olaraq DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının rəhbərliyi bildirir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Hospitalda stasionar müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-4643-1219/4 saylı məktubda qeyd edilir: İddiaçı təqdim etdiyi sənədlər araşdırılarkən xidməti təhqiqat materialları (xidməti rəy, travma haqqında arayış) aşkar edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında (xidməti rəy) arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar olub-olmaması göstərilir. Yuxarıda göstərilənləri və İddiaçı xəsarəti ilə bağlı xidməti təhqiqat materialları (travma haqqında arayış, xidməti rəy) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir; 1.2-ci bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir; 1.8-ci bəndinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır; 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı döyüş bölgəsində yaralanması ilə bağlı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış təqdim edilmədiyinə görə xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır və imtina cavabı verilmişdir. İddiaçı aldığı xəsarətlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı X3 müalicə olunduğunu və həmin sənədlər əsasında cavabdeh tərəfindən xəsarətin səbəb əlaqəsi barədə qərar qəbul edilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan xəstəxanada iddiaçının adına açılmış olan xəstəlik tarixi saxlanılmadığı üçün ətraflı məlumat verilməsi mümkün olmamışdır, məlumat yalnız tibbi kartaya əsasən verilmişdir, həmin məlumatlarla isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması müəyyən edilmir. Travma haqqında arayışda isə xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Göründüyü kimi, iddiaçı xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayış aşkar edilməmişdir. Xəsarətin səbəb əlaqəsi haqqında qərar isə qeyd olunan arayışa uyğun olaraq çıxarılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar