Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9800/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı İddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən doğum haqqında şəhadətnaməsi əsasında onun (xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş, doğum faktı Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən xx.xx.1985-ci il tarixdə 34 nömrəli akt qeydi əsasında qeydə alınmış və xx.xx.1985-ci il tarixdə V-SL seriyalı, 257533 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş İddiaçı) doğmu haqqında akt qeydinin bərpa edilməsi və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. Onun doğumu Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən xx.xx.1985-ci il tarixdə 34 nömrəli aktla qeydə alınmışdır və müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası Həsənova (qızlıq soyadı: Əliyeva) Hənifə Camal qızı xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, 2-ci qrup əlildir. X2 xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub. Atam xx.xx.1987-ci il Amasiya rayonunun Əzizbəyov kəndində vəfat edib. Valideynləri xx.xx.1980-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun VVAQ Şöbəsində nikaha daxil olublar. Nikaha daxil olduqdan sonra anasına atasının soyadına uyğun olaraq “Həsənova” soyadı verilmişdir. Azərbaycanlılar Ermənistandan deportasiya edilərkən 1988-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycana gələrək Bakı şəhəri Binəqədi rayonunun ərazisində qaçqın kimi məskunlaşmışlar. Həmin vaxtdan da, ünvan 1 ünvanında yaşayır. 1992-ci ildə Bakı şəhəri Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2001-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdr. Daha sonra təhsilini davam etdirməmişdir. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün heç vaxt rəsmi iş yeri olmayıb, hazırda fəhləliklə məşğuldur. Qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onunAzərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ******* saylı qərar qəbul etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün tələb olunan sənədlərlə birlikdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Lakin, mərkəzin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində ona bildirmişlər ki, onun doğumu haqqında akt qeydi barədə məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində görünmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün deyil. Həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edildikdən sonra onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün olacağını bildirərək doğumu haqqında akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi üçün onu Ədliyyə Nazirliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzindəki Qeydiyyat Şöbəsinə yönəltdilər. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində ona bildirmişlər ki, doğumu haqqında akt qeydi Ermənistanda saxlanıldığından (doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onun Azərbaycanda doğumu haqqında akt qeydi mövcud deyil), Azərbaycanda mövcud olmayan akt qeydinə dair məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Onlar əlavə olaraq qeyd etdilər ki, yalnız doğumu haqqında akt qeydi Azərbaycanda bərpa edildikdən sonra həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilə bilər. Bu səbəbdən də, onun doğumu haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, yaşadığı yer üzrə Bakı şəhəri Cavabdeh1nə müraciət etmiş, müraciətinə sonuncu tərəfindən aşağıdakı məzmunda cavab verilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası "nın 9.7-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatmaması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəsini təmin edə bilmirlər”. Hesab edir ki, Bakı şəhəri Cavabdeh1 bu cavabı tamamilə əsassızdır. Belə ki, işin hallarından görünür ki, onun tələbi iki hissədən ibarət olmuşdur: 1) doğum akt qeydinin bərpa edilməsi; 2) doğum haqqında yeni şəhadətnamə ilə təmin edilmək. Hər iki tələbdə qeyd edilən məsələ “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəalarla tənzimlənir. Cavabdeh isə onun ərizəsini təmin etməkdən imtina edərkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 9.7-ci bəndinə istinad edib. Cavabdehin qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına hansı səbəbdən istinad etməsi ona aydın deyil. Belə ki, həmin müddəa doğum haqqında təkrar şəhadətnamələrin verilməsi ilə bağlı məsələləri tənzimləyir. Onun işinin hallarından görünür ki, müraciəti doğumu haqqında akt qeydinin bərpa edilməsi və bunun əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi ilə bağlı olmuşdur. Yəni, o, cavabdehdən doğum haqqında təkrar şəhadətnamə istəməmişdir. Müraciəti doğum haqqında akt qeydinin bərpa edilməsi və bunun əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməklə bağlı olduğundan cavabdeh “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara istinad etməli idi. X8 əsasən hesab edir ki, doğumu haqqında akt qeydinin bərpa edilməsi üçün kifayət qədər qanuni əsaslar var. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərinin bərpası üçün iki hal müəyyən edib:1) Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər varsa, həmin sənədlər əsasında vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydləri qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən birbaşa bərpa edilir; 2) Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd yoxdursa, o zaman bu halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli fakt kimi məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. Bundan sonra isə məhkəmənin belə qətnaməsi əsasında qeydiyyat şöbələri və ya konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərini bərpa edir. Onun işi üzrə müəyyən olunur ki, doğumunun qeydə alınmasını (doğumum haqqında akt qeydini) təsdiq edən sənəd var. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, ona xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kənd sovetliyi tərəfindən verilmiş V-SL seriyalı, 257533 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, onun doğum faktım Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kənd sovetliyi tərəfindən xx.xx.1985-ci il tarixdə 34 nömrəli aktla qeydə alınıb. Ona görə də, hesab edir ki, doğum haqqında şəhadətnaməsi “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 13 və 16-cı bəndlərində nəzərdə tutulan “müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd” kimi cavabdeh tərəfindən qəbul edilməli (nəzərə alınmalı) və cavabdeh doğum haqqında şəhadətnaməsi əsasında doğum akt qeydini birbaşa bərpa etməli idi. Qeyd etmək istəyir ki, Bakı İnzibati Məhkəməsi Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı mahiyyət üzrə eyni xarakterli iddia tələbini təmin edərkən özünün xx.xx.2021 -ci il tarixli, 2-1(112)-5979/2021 saylı qərarında doğum haqqında şəhadətnamənin doğum haqqında akt qeydinin bərpasına kifayət edəcək əsas olduğunu bildirmişdir. Doğum haqqında şəhadətnaməsi əsasında doğumu haqqında akt qeydi bərpa edildikdən sonra “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarda əsasən, cavabdeh şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən onun doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməli idi.Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 22-ci bəndinə görə, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 10-cu bəndinin 2-ci hissəsinə əsasən, doğum akt qeydi bərpa edildikdən sonra ərizə verən şəxslərə doğum haqqında yeni şəhadətnamələr verilir. Göründüyü kimi, doğum haqqında yeni şəhadətnamələrin verilməsi üçün qanunvericilikdə şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması tələb olunmur. Hətta, bu halda qanunvericilik şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməsini tələb etsəydi belə, hesab edir ki, həmin tələbin ona münasibətdə tətbiq edilməsi düzgün olmazdı. Belə ki, həmin tələb yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsilə təmin olunmuş şəxslərə aid ola bilər. Onun işinin hallarından görünür ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu, müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda onun doğumu haqqında akt qeydinin bərpa edilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, onun şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də, şəxsiyyət vəsiqəsinin olmaması onun doğumu haqqında akt qeydinin bərpa edilməsindən və doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxarıda qeyd edilən hallarından bəllidir ki, əslində doğumu haqqında akt qeydinin bərpa edilməsi ona elə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün lazımdır. Belə ki, artıq onun 36 yaşı olmasına baxmayaraq, doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edilməsi üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün olmur. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün doğum haqqında akt qeydinin bərpa edilməsi vacibdir. Belə ki, onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün doğumu haqqında akt qeydi barədə məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməlidir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair” Təlimatın 1.3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə elektron qaydada tərtib edilir. Lakin, doğumu haqqında akt qeydi barədə məlumatlar Ermənistanda saxlanıldığından (doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onun Azərbaycanda doğumu haqqında akt qeydi mövcud deyil), Azərbaycanda mövcud olmayan akt qeydinə dair məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Yalnız doğumu haqqında akt qeydi Azərbaycanda bərpa edildikdən sonra həmin məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilə bilər. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etsə də, yuxarıda qeyd etdiyi səbəbdən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilə bilmədiyi üçün o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, cavabdehə müraciət edərkən ərizəsnə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Bundan başqa, onun şəxsiyyətini, yəni onun kim olması artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında o, DMX tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, onun şəxsiyyətini BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Yuxarıda göstərilənlərdən də, görünür ki, onun şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq digər dövlət qurumunun onun müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Bakı şəhəri Cavabdeh1 doğumu haqqında akt qeydini bərpa edərək himayə sənədi əsasında onu doğum haqqında yeni şəhadətnamə ilə təmin etməkdən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Misal üçün, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15- 2.1-ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X5 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi şəxsiyyəti təsdiqedən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul dir. Bundan başqa, yetkinlik yaşına çatmış, lakin heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmayan, yaxud bu cür sənədlə təmin olunması mümkün olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMQ QAK tərəfindən verilmiş himayə sənədi və olduğu yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında doğum akt qeydlərinin bərpa edilməsi, doğum faktlarının qeydiyyatı və onların doğum haqqında (ilkin, yeni və təkrar) şəhadətnamə ilə təmin edilmələri ilə əlaqədar çoxsaylı məhkəmə aktları mövcuddur. Göründüyü kimi, müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənədə bərabər tutur. DMX-də onu himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almaqla həmin sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edib. Bundan əlavə, onun müraciəti üzrə inzibati işə (vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi) DMX tərəfindən baxılıb və bunun əsasında xx.xx.2022-ci il tarixdə DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınması barədə ******* saylı qərar qəbul etmişdir. Hər halda DMX digər şəxsin vətəndaşlığı barədə məlumatı ona təqdim etməyib. Çünki, bu onun vəzifə öhdəliklərinə zidd olardı. DMX-nin qərarından görünür ki, qərarda göstərilən şəxs odur və onun vətəndaşlıq mənsubiyyəti müəyyən edilib. Onun şəxsiyyəti DMX tərəfindən müəyyən olunmasa idi, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyən olunması da, mümkün olmazdı. Odur ki, hesab edir ki, onun şəxsiyyəti bəlli olduğundan, doğumu haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnaməsi) də mövcud olduğundan və doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi ona nəticə etibarilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazım olduğundan Bakı şəhəri Cavabdeh1 doğum haqqında şəhadətnamə əsasında onun doğumu haqqında akt qeydini bərpa etməli və ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamə verməli idi. Doğumu haqqında akt qeydinin bərpa edilməməsi onun doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməməsi ilə nəticələnir. Bu da, nəticə etibarilə onun şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxs (sənədsiz şəxs) kimi yaşaması səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrıseçkiliyin qurbanı olur. Belə ki, DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanısa da, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilməməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının malik olduqları hüquq və azadlıqlardan istifadə edə bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin oluna bilmədiyi üçün isə ilk növbədə onun doğumu haqqında akt qeydinin bərpa olunaraq doğum haqqında yeni şəhadətnamə ilə təmin olunması lazımdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.1985-ci ildə Ermənistan Rspublikası Amasiya rayonu Əzizbəyov kəndində anadan olmuş İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci iltarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün ərizəsini təmin edə bilməmişlər. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İşin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 05/q- 1271/15 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının doğum akt qeydinin bərpa edilməsi və yenidən verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürülənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadğından ərizəsi təmin edilə bilmir. İşdə olan notarial qaydada təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Birləşmiş Millətlər Təşkialtının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən sənədsiz şəxs olaraq himayəyə götürülmüş və 9xx-xx-00014 saylı, ***-*******3 İD nömrəli himayə sənədi ilə təmin edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2022-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarın surətindən görünür ki, İddiaçı 10 mart 2022-ci iltarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Rspublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata başlanılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan icraat nəticəsində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Qeyd edilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.5-ci yarımbəndini rəhbər tutaraq, 07 sentyabr 1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş BN 416241 nömrəli əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə 1985-ci ildə anadan İddiaçı verilmişdir, ona görə ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Q.Baxşıyev adına 179 nömrəli məktəbdə oxumuş və 2001-ci ildə təhsilini başa vurmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş V-СЛ seriyalı, 257533 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş, X2, milliyyəti azərbaycanlı, anası X3, milliyəti azərbaycanlı olmaqla, doğum faktı Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən xx.xx.1985-ci il tarixdə 34 nömrəli akt qeydi əsasında qeydə alınmış və xx.xx.1985-ci il tarixdə V-SL seriyalı, 257533 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15/39 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Hasanov Shamil (himayə sənədi № ***- *******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 12 aprel 2022-ci iltarixindən 10 aprel 2023-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş ПГ-СЛ seriyalı, 287052 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 20 aprel 1959-cu ildə Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olmuş X7 ilə 30 noyabr 1959-cu ildə Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kəndində anadan olmuş X4 26 fevral 1980-ci ildə nikahlarını bağlamışar. Nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmiş, nikah Ermənistan SSR Amasiya rayonu VVAQ Şöəsi tərəfindən qeydə alınmış və 13 oktyabr 1987-ci ildə nikahın bağlanmaı haqında şəhadətnamə verilmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş İ-СЛ seriyalı, 447345 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 24 avqust 1987-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında aktların qeydiyyatı kitabında 1987-ci ilin avqust ayının 26-cı günündə, 5 nömrə ilə akt qeydi tərtib edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 02 iyun 2022-ci il tarixli, 05/q-1271/5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək, doğum akt qeydinin bərpa edilməklə “Doğum haqqında” şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndinə (-9.7-ci bənidnə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər tqədim edildikdə təkrar şəhadətnamələr verilə bilər.) istinad edilməklə, yəni iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməməsi əsası ilə şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçının qənaətinə görə, sözügedən Qaydaların müvafiq bəndi ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa doğum haqqında təkrar şəhadətnamələrin verilməsi ilə bağlı məsələləri tənzimləyir, onun müraciəti isə doğumu haqqında akt qeydinin bərpa edilməsi və bunun əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, o, şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və ona bu barədə müvafiq himayə sənədi verilmiş, həmin himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış və o, Dövlət Miqrasiya Xidməti tərəfindən 12 aprel 2022-ci il tarixindən 10 aprel 2023-cü iltarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə, həmin sənədlər əsasında onun şəxsiyyəti müəyyən edilir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiqqeydin əvvəllərolduğunutəsdiq edən sənədlərolduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndində nəzərdə tutulmuş “Şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı məhz Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırki mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş ***-*******3 İD nömrəli himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmış, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarında da, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı) ifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kəndində anadan olmuş İddiaçı (X2, milliyyəti azərbaycanlı; anası X4, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Amasiya rayonu, Əzizbəyov kənd sovetliyi tərəfindən 16 sentyabr 1985-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh1nə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9800/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9800/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver