Məhkəmə qərarları › İş №2-1(112)-9801/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9801/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9801/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nünamyəndəsi X4 iştirakə ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, şəhid ailəsi üzvü olduğuna və anadangəlmə əlliliyə görə pensiya məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün 19 noyabr 2010-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək 8207.52 manat məbləğinin bütöv şəkilində ödənilməsini öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “şəhid ailəsi üzvü olduğuna görə ona təyin olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün 19 noyabr 2010-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək 8207.52 manat məbləğinin ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi” olaraq dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə anadan olmuş, 2001-ci ildə, yəni 10 yaşı olanda ümumi xəstəlik səbəbindən sol böyrəyinin xroniki pielonefriti aşkar olunmuşdur. Bu səbəbdən Dövlət Sosial Müdafiə Fondunun Nazirliyi tərəfindən ona müddətsiz əllilik təyin edilərək ayda 57 manat məbləğində əlliliyə görə pensiya ödənilirdi. Həmin dövrdən bu vaxta qədər əlliliyə görə pensiya məbləği 426 manat təşkil edir. Daha sonra isə onda 04 noyabr 2021-ci il nefrektomiya və anadangəlmə nəticəsində bir böyrəyin olmaması ikinci dərəcəli xroniki böyrək çatışmazlığı aşkar olunmuşdur. İlkin təyinat 2002-ci ildən bu vaxta qədər bu xəstəliyini təsdiq edən müxtəlif müayinələrin çıxarışları və əlliliyini təsdiq edən digər sənədlər DSMF-nin alt sistemində yerləşir. Həmçinin qeyd etmək istəyir ki, atası X6 Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Ağdam rayonunun Güllücə kəndində 13 aprel 1994-cü il tarixində şəhid olmuşdur. Atasının şəhid olmasına görə o, ailə başçısını itirdiyinə görə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi şəhidin şəhid ailəsi üzvü hesab olunan 18 yaşına çalmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına Azərbaycan Respublikası Prezident təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, vətəndaşların əlillik təyinatının qüvvədə saxlanılması barədə qərarlarının sistemə daxil olması tam şəkildə təmin edilməmişdir, bu səbəbdən ona aid olan dövr üzrə, yəni 2009 - 2010-cu illər üzrə müvafiq sənədlər ƏƏSM Nazirliyi tərəfindən aşkarlanmamış və qeyd olunan mənbələr əldə edilməmişdir. İddiaçı cavabdehin imtinasının əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci, 3-cü və 6-cı bəndlərinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Qeyd etmək istərdik ki, sizə şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 1 yanvar 2006-cı il tarixindən təyin edilərək 30 aprel 2009-cu il tarixinədək (18 yaşı tamam olanadək) ərizəçi qismində ananız (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. Şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnuzun yaranmasına baxmayaraq, təqaüdün təyin olunması ilə bağlı müraciət etməmiş və əlilliyiniz ilə bağlı müvafiq məlumatları təqdim etməmişsiniz. Nəticədə, 1 may 2009-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək sizə ödənilməli olan təqaüd məbləği şəhidin digər ailə üzvləri, yəni babanız X7, nənəniz X2 və ananız X3 arasında bölünərək onlara ödənilmişdir. 3 mart 2022-ci il tarixli **********4 nömrəli müraciətinizi nəzərə alaraq, sizə 1 aprel 2022-ci il tarixindən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Eyni zamanda, 1 aprel 2022-ci il tarixinədək Ş.Ö.Rəsulova, Y.G.Rəsulovaya və M.Ə.Rəsulovaya ödənilən təqaüd məbləği onların təqaüdünün aylıq məbləğindən tutulmaqla (hər birindən 25 manat olmaqla ümumilikdə 75 manat) sizə ödənilir.”

5. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “Sizə şəhid ailə üzvlərinə görə (şəhid X6) xx.xx.2022-ci il tarixindən Prezidenti təqaüdü (Nərimanov rayonu, iş № 000259) təyin edilmişdir. Təqaüd üzrə xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməyən 8207,52 (səkkiz min iki yüz yeddi manat 52 qəpik) manat məbləğdən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1300,00 (min üç yüz) manat ödənilmişdir. Müraciətinizə əsasən bildiririk ki, qalıq 6907,52 (altı min doqquz yüz yeddi manat 52 qəpik) manat fərq məbləğ sizə hər ay 75,00 (yetmiş beş) manat olmaqla ödənilir.”

6. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

7. Cavabdehin iddiaya dair yazılı etirazında qeyd edimişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi” Qaydalarının 2-ci bəndinə əsasən, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin arvadına (ərinə), valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. İddiaçı şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01 yanvar 2006-cı il tarixdən təyin edilərək 30 aprel 2009-cu il tarixədək (18 yaşı tamam olanadək) ərizəçi qismində anası (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək (İddiaçı təqaüd təyin olunan tarix - xx.xx.2022) sözügedən təqaüd şəhidin digər ailə üzvləri, yəni atası X7, anası X2 və arvadı X3 arasında bölünərək onlara ödənilmişdir. İddiaçı şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnun yaranmasına baxmayaraq, təqaüdün təyin olunması ilə bağlı müraciət etməmiş və əlilliyi ilə bağlı müvafiq məlumatları təqdim etməmişdir. Bundan sonra İddiaçı 03 mart 2022-ci il tarixli müraciətini nəzərə alaraq, ona 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Eyni zamanda, İddiaçı tərəfindən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı müraciət daxil olmadığı üçün 01 may 2009- cu il tarixdən 31 mart 2022-ci il tarixədək ona ödənilməli olan təqaüd məbləği şəhidin digər ailə üzvləri, yəni babası X7, nənəsi X2 və anası X3 arasında bölünərək onlara ödənilmişdir. Bu səbəbdən 01 aprel 2022-ci il tarixinədək adıçəkilən şəxslərə ödənilən təqaüd məbləği onların təqaüdünün aylıq məbləğindən tutulmaqla (hər birindən 25 manat olmaqla ümumilikdə 75 manat) İddiaçı ödənilir. İddiaçının fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, sözügedən fərq məbləğinin iddiaçının vaxtında müraciət etməməsi səbəbindən digər ailə üzvlərinə ödənilmişdir. Həmçinin 19 dekabr 2006-cı il tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Belə ki qanunvericilikdə sözügedən təqaüdün birdəfəlik ödənilməsinə dair hər hansı bir norma nəzərdə tutulmamışdır.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsi).

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs başa düşülür.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”:

1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: - 2.1. arvadına (ərinə); - 2.2. valideynlərinə; - 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; - 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; - 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

7. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.

8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.

16. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

17. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01 yanvar 2006-cı il tarixdən təyin edilərək 30 aprel 2009-cu il tarixədək (18 yaşı tamam olanadək) ərizəçi qismində anası (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək (İddiaçı təqaüd təyin olunan tarix - xx.xx.2022) sözügedən təqaüd şəhidin digər ailə üzvləri, yəni atası X7, anası X2 və arvadı X3 arasında bölünərək onlara ödənilmişdir. İddiaçının 03 mart 2022-ci il tarixli müraciəti əsasında 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Təqaüd üzrə xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməyən 8207,52 manat məbləğdən qalıq 6907,52 manat fərq məbləğ hər ay 75,00 (yetmiş beş) manat olmaqla ödənilir.

18. İddiaçının tələbi şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün birdəfəlik ödənilməsindən ibatətdir.

19. Məhkəmə iddia tələbində qeyd edildiyi kimi ödəmənin birdəfəlik ödənilməli olmasına münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, pensiya qanunvericiliyindən fərqli olaraq əvvəlki dövrlər üçün ödənilməli olan təqaüdün hissə-hissə ödənilməli olması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa mövcud olmamış, ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi isə məhdudlaşdırılmamışdır. Beləliklə, istər təqaüd, istər müavinətin pensiyadan fərqli olaraq hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamış, birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya ödəniş birdəfəlik qaydada edilməlidir.

20. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, iddia əsaslıdır və təmin edilməlidir.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı şəhid ailəsi üzvü olduğuna görə təyin olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün 19 noyabr 2010-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək olan 8207.52 manat məbləğinin ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar