Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9806/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, iddiaçı (İddiaçı) 18 sentyabr 1984-cü il tarixdən etibarən Azərbaycan SSR Nazirlər Soveti yanında “Başkolxozsovxoztikinti” İdarəsinin X3nda yükləyici vəzifəsindən əmək fəaliyyətinı başlamışdır. Onun 36 ildən artıq əmək stajı var. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. X4 əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətini nəzərə almadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina etmiş və bu barədə 12 aprel 2023-cü il tarixli məktub ünvanlamışdır. İddiaçı hesab edir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanunsuz və əsassızdır, qurum ətraflı araşdırma aparmadan nəticəyə gəlmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəmə icraatının gedişində əlavə ərizə təqdim edərək, cavabdeh DSMF-nin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul ounmasını xahiş etmişdir. Məhkəmə cavabdeh Dövlət Sosial Müdafiə Fondunu həmin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz etmiş və iddia tələbinin dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. İddiaçı 29 avqust 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə 12 aprel 2023-cü il tarixli məktubla cavab verərək, ümumi iş stajının 25 ildən az (22 il 3 ay 8 gün) həmçinin, güzəştli iş stajının 12 il 6 aydan az (2 il 2 ay 29 gün) olması səbəbindən pensiya təyin etməkdən imtina etmişdir. Bundan narazı galan iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanuni hesab olunur və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına əsasən iddiaçı 1 iyul 2022-ci il tarixdə pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmışdır (60 yaş). Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “Azəraqrartikinti" ASC-nin 29 avqust 2022-ci il tarixli 02/i nömrəli arayışda iddiaçının xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Başkolxozsovxoztikinti” İdarəsinin X3nda yükləyici, xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Yerlitikintimateriallan” filialının Qobustan AYDMS-nin daş karxanasında sahə rəisi, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X3nda sahə rəisi, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X3nın istehsal sahəsində nəzarətçi və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X3 sahəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirilmə zamanı sözügedən müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X3nda sahə rəisi vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən olunmuşdur. Bu fakt "xxxx" Birliyinin birgə akt ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən dolayı iddiaçının ümumi iş stajı aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət); xx.xx.1984-xx.xx.1985-ci il; xx.xx.1986xx.xx.1988-ci il; xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. Ümumilikdə 22 il 3 ay 8 gün. İddiaçının güzəştli iş stajı aşağıdakı kimidir: xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdən ibarət olmaqla ümumilikdə 2 il 2 ay 29 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayarag, kifayət gədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim edilmiş yazılı etiraza əlavəsində bildirilir ki, İddiaçı cavabdehə təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisəsiz qəbul edilən ümumi sosial sığorta stajı cəmi 29 il 2 ay 8 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979 - xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər (hərbi xidmət dövrü); xx.xx.1984 - xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1986 - xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1988 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (Ümumilikdə xx.xx.2006-cı il tarixədək 22 il 3 ay 8 gün əmək stajı), xx.xx.2006-cı il tarixdən sonra 6 il 11 ay sığorta stajı. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli sosial sığorta stajı 2 il 2 ay 30 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər təşkil edir (qarşılıqlı yoxlama aktına əsasən). «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2022- ci il tarixli 02/i nömrəli arayışda iddiaçının xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Başkolxozsovxoztikinti” İdarəsinin X3nda yükləyici, xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Yerlitikintimaterialları” filialının Qobustan AYDMS-nin daş karxanasında sahə rəisi, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X3nda sahə rəisi, xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X3nın istehsal sahəsində nəzarətçi və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yolkörpütikinti” firmasının X3 sahəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirilmə zamanı sözügedən müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X3nda sahə rəisi vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən olunmuşdur. Bu fakt "xxxx" Birliyinin birgə akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr iddiaçının güzəştli sosial sığorta stajına daxil edilmişdir. İddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər (6 il 11 ay) onun sosial sığorta stajına daxil edilmişdir. Bundan başqa, iddiaçının xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 31.227,20 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 iyul 1960-cı il tarixdə doğulmuşdur, əmək kitabçasına və hərbi biletinə əsasən (hərbi xidmət dövrü də daxil olmaqla) onun 29 il 2 ay 8 gün, yəni 25 ildən artıq ümumi sığorta stajı var, o cümlədən 12 il 6 aydan artıq vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən daş karxanasında “yükləyici”, “sürücü”, “istehsal sahəsində nəzarətçi” və “sahə rəisi” vəzifələrində çalışmışdır və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.2.1-ci yarımbəndində (Açıqda dağ-mədən işləri və yer səthində işlər üzrə fəhlələr, rəhbərlər və mütəxəssislər) nəzərdə tutulmuşdur. Bu barədə müvafiq arayış iş materiallarında mövcuddur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi bildirilmişdir ki, onun 25 il ümumi sığorta stajı toplansa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı 12 il 6 ay stajı mövcud deyil. Cavabdehin mövqeyinə görə onun bu işlərdə 2 iş 3 ay (xx.xx.2018xx.xx.2020-ci il tarixləri arasındakı dövr) var. Cavabdeh tərəfindən aparılmış dəqiqləşdirilmə zamanı müvafiq müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X3nda sahə rəisi vəzifəsində işlədiyi aşkar olunmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının 1.2.1-ci yarımbəndində açıqda dağ-mədən işləri və yer səthində işlər – kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər üzrə fəhlələr, rəhbərvər və mütəxəssislər nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin, əvvəlki dövrlər üzrə iş xüsusiyyətlərini əks etdirən digər sənədlərin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi birbaşa təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Lakin nəzərə alınmalıdır ki, əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajının böyük hissəsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən ümumi iş stajına daxildir. Həmin işlər üzrə onu tutduğu vəzifələr əmək kitabçasında aydın şəkildə əks olunmuşdur və həmin hüququ verən işlərdə iş stajının xüsussiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan (1.2.1-ci yarımbənddə) müvafiq vəzifələrə uyğunluğu "xxxx" ASC “Yolkörpütikinti” firmasının 29 avqust 2022-ci il tarixli 02/i saylı arayışı ilə də təsdiqini tapır. Bu sübutlar cavabdeh inzibati orqanın təqdim etdiyi "xxxx" Birliyi ilə birgə tərtib edilmiş aktdan daha mötəbər qiymətləndirilir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək kitabçasında əks olunmuş müvafiq iş stajının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajına daxil edilməməsi qanuna ziddir. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı toplanmış olur. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 60 yaşdan (1 iyul 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 60 yaşdan (1 iyul 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan (1 iyul 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9806/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9806/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver