Məhkəmə qərarları › İş №2-1(112)-9809/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9809/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9809/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********2 №-li "Əmək pensiyasının dayandırılması haqqında" qərarının və xx.xx.2022-ci il tarixli **********2 №-li "Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. O, uzun müddət mülki aviasiya sahəsndə, o cümlədən xx.xx.2000-ci ildən etibarən “X9” şirkətində bortoperator vəzifəsində işləyir. Ona cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyası 2022-ci ilin dekabr ayında dayanırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» AR Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsi qismində inzibati icraatda mövqeləri dinlənilmiş, lakin irəli sürdükləri əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Cavabdehin bu mövqeyi əsassızıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC- də bort operator vəzifəsi mövcud deyildir. İkincisi, araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X9 şirkətinin əməkdaşlarıdırlar. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndsi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava (gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3- cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin iddiaçıya Fondun Suraxanı rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.1991-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2006-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq ruçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 224986,05 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materallarından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 27/331 saylı qərar ilə aviasiya işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün **********2 saylı məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçıya bort operator vəzifəsində işləməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsi əsas götürülməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və ödənişi davam etdirilir...Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq sözügedən səhmdar cəmiyyət uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğunu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqlarına görə uçuş heyəti üzvləri hesab edilmədiklərini bildirilib, eyni zamanda, Qanunun 9.3-cü maddəsinə deyil, 9.1-ci maddəsinə əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqlarını vurğulayıb. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda i, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçı 27 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filialın Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov pr. 43 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarından görünür ki, iddiaçıya bort operatoru kimi təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. İşdə olan pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya ödənilən əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçı hazırda ona əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edən, həmçinin pensiya ödənişini dayandıran inzibati aktların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2007-ci il tarixə pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ): - 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. - 22.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3. Mülki aviasiya bölməsinə əsasən aşağıdakı vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir: - hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi; hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator. Həmin bölmədə həmçinin qeyd olunmuşdur ki, hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilir. İddiaçıya xx.xx.2007-ci il tarixə pensiya təyin edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda tətbiq olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, qanunverici mülki aviasiya sahəsi üzrə işçilərə yaşa görə əmək pensiyası təyin edilərkən onların tutduqları vəzifədən asılı olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin iki növünü müəyyən etmişdir:

1. ƏPQ-nin 9.1-ci maddəsi tətbiq edilməklə;

2. ƏPQ-nin 9.3-cü maddəsi tətbiq edilməklə. Belə ki, əgər birinci halda şəxsin stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında hesablanırsa, ikinci halda bu staj xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır. Yəni mülki aviasiya uçuş və uçuş-sınaq heyətinə aid işçilərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi iş stajı toplanılmalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. ƏPQ-nin 9.3-cü maddəsinə əsasən isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş senzi tələb olunmur. Başqa sözlə, ƏPQ-nun 9.3-cü maddəsinə əsasən şəxsin müvafiq yaş həddinə çatması tələb olunmadan, 25 il ümumi iş stajı olduğu halda güzəştli şərtlərlə pensiya hüququ yaranır. Həmin norma əsasında pensiya o şəxslərə təyin olunur ki, onların işləmiş olduqları vəzifə yuxarıda adıçəkilən “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində sadalanan vəzifələrə aid edilmiş olsun. İş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ƏPQ-nin 9.1-ci maddəsinə istinadən təyin edilməli olduğu halda, yanlışlıqla 9.3-cü maddəsinə əsasən təyin edilməsidir. Cavabeh bu dəlilini iddiaçının tutduğu “bort operatoru” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bölmədə nəzərdə tutulması ilə əsaslandırır. İddiaçı isə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq onun tutduğu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən digər uçuş mütəxəssislərinə aid olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının tutduğu vəzifə üzrə əmək funkiyasının nədən ibarət olması müəyyən edilməlidir. Bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda göstərilmişdir ki, “"Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü yarımbəndinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 6 saylı Əlavəsinə əsasən, ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na (Vahid X2) əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində hava gəmisinin qəza-xilasetmə avadanlığının vəziyyətinə və onun istismarına nəzarət edir, yüklərin yüklənməsi, yerləşdirilməsi və bərkidilməsini həyata keçirir, onların sənədlərinin düzgün tərtib edilməsinə nəzarət edir. Hava gəmisinin bort operatoru həmçinin hava gəmisinin sanitar vəziyyətinə, salonda və iş yerlərində təmizlik və səliqəyə riayət olunmasına nəzarət edir, uçuşdan sonra hava gəmisi kapitanına qeydlərini bildirir, yerüstü xidmətlərdə aşkar olunmuş çatışmazlıqların aradan götürülməsini, daşımaların təşkili xidmətinin işçilərindən sərnişinlərin və yükün yerləşdirilməsini tələb edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operatoru nəzərdə tutulmuşdur. Həmin siyahıda nəzərdə tutulmuş şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malikdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorları müəyyən edilməyib, habelə “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya (Çikaqo 07 dekabr 1944-cü il) “Personalın Şəhadətnamələndirilməsi” adlı 1 saylı Əlavədə bort operator vəzifəsi “uçuş heyəti üzvündən başqa digər personal”ın tərkibinə daxil edilməmişdir. Qeyd olunan beynəlxalq və milli qanunvericilik normalarına əsasən, “hava gəmisinin bort operatoru” vəzifəsinin “uçuş heyəti", həmçinin “uçuş heyəti üzvündən başqa digər personal” kimi təsnifləşdirilmədiyini və Vahid X1 “Fəhlələr” kateqoriyasında müəyyənləşdiyini nəzərə alaraq, “digər uçuş mütəxəssisi” hesab edilmədiyini diqqətinizə çatdırırıq.” Göründüyü kimi, Agentlik Ekipaj üzvünün uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarət olduğunu, uçuş heyəti üzvünün uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxs olduğunu bildirmiş, buna görə də bort operatorunu uçuş heyəti üzvünə aid etməmişdir. Məsələ ilə bağlı analoji yanaşma həmçinin "xxxx" QSC tərəfindən də nümayiş etdirilmiş və məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları» hava gəmilərinin bort operatorlarının, böyük bort operatorlarının, təlimatçı-bort operatorlarının, təyyarə bələdçilərinin, böyük təyyarə bələdçilərinin, təlimatçı-təyyarə bələdçilərinin, sığorta stajlarının hesablanmasına şamil olunmur. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış "Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya"ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində "Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi" qəbul edilərək 1949-cu ilin sentyabr ayında qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura qətnamə qəbul edərək, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına "Rəsmiyyətlərin sadələşdirilməsi" adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: "Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü". “Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs." Beləliklə, Azərbaycan Respublikasının tamhüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni, hava gəmilərinin bort operatorları heyət üzvləridir, hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər.” Məsələnin dəqiqləşdirilməsi məqsədilə eyni halın yük gəmisi üzrə işləyən bort operatorlarına da şamil olunub olunmaması barədə məhkəmə tərəfindən sorğu verilmiş, "xxxx" QSC məhkəməyə təqdim ediyi xx.xx.2023-cü il tarixli məktubunda hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində bort operatoru, həmçinin yük daşımaları üzrə hava gəmisində bort operatoru və sərnişin daşımaları üzrə hava gəmisində bort operatoru vəzifəsi mövcüd olmadığından, məsələyə dair lazımi məlumatların təqdim edilməsinin mümkünsüz olduğunu, xx.xx.2023-cü il tarixli məktubunda isə Azərbaycan Hava Yolları” QSC-də bort operator ixtisası üzrə mütəxəssis olmadığı üçün, buna aid əmək funksiyaları təlimatının şirkətdə mövcud olmadığını, bort operator mütəxəssislərinin yük aviaşirkətində çalışdığını, bununla əlaqədar məsələ ilə “SW” yük aviaşirkətinə müraciət edilməsinin mümkünlüyünü bildirmişdir. Göründüyü kimi, istər Dövlət Mülki Aviasiya Agentliyi, istərsə də "xxxx" QSC bort operatorunu hava gəmisinin heyət üzvünə aid etsə də, uçuş heyəti üzvünə aid etməmiş, bunu isə həmin vəzifəni tutan şəxslərin hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü olmamaları ilə əsaslandırmışlar. Belə olan halda aydındır ki, hazırkı iş üzrə müəyyən edilməli əsas hal iddiaçının bort operatoru kimi hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələri yerinə yetirib yetirməməsidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bölməsində konkret olaraq nəzərdə tutulmuşdur ki, göstərilən işçilərin (mülki aviasiya sahəsi üzrə işçilərin) yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunur. Göründüyü kimi, qanunverici sahənin spesifik xüsusiyyətini nəzərə alaraq şəxsin tutduğu vəzifənin ƏPQ-nin 9.1, yaxud 9.3-cü maddəsinə uyğun gəlməsinin müəyyən edilməsini onun işlədiyi müəssisənin arayışından asılı etmişdir. Həmçinin həm Agentliyin, həm də QSC-nin məktublarından görünür ki, ekipaj heyətinin üzvü hava gəmisinin istismarçısı tərəfindən təyin olunur. İşdə olan iddiaçının işlədiyi “X9” şirkəti tərəfindən verilmiş 272-ÇS/SWA/CD saylı xx.xx.2023-cü il tarixli məktubdan isə görünür ki, uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 - ’Təyyarənin uçuş ekipajı”). “İl-76” tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla “Silk Way Aviaşirkəti" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru" vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı"nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənlər nəzərə alınaraq qeyd edilmişdir ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə “İL 76” tipli hava gəmilərində, gəminin idarə edilməsinə iştirak etdiyi üçün bort operatorunun uçuş heyətinin üzvü kimi qəbul edildiyini bildirmişdir. Bu mənada işin faktiki və hüquqi hallarını araşdıraraq hava gəmsinin istismarçısının arayışını da nəzərə alarn məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının işləmiş olduğu bort operator vəzifəsinin ƏPQ-nun 9.3-cü maddəsi ilə güzəştli pensiyaya çıxamaq hüququ verib-verməməsi məsələsinə həmin vəzifənin adının hərfi mənada “bort operator” olduğu əsası ilə deyil, iddiaçının həmin vəzifədə yerinə yetirmiş olduğu əmək funksiyasının xüsusiyyətləri, həmin əmək funksiyalarının icra edildiyi sahə, hava gəmisinin tipi, növü, texniki parametrləri və imkanlarından asılı olaraq hava gəmisinin idarə edilməsində iştirak edən uçuş heyəti üzvünün yerinə yetirdiyi işlə eyni (oxşar) olan funksional vəzifənin yerinə yetirilməsi baxımından qiymət verilməlidir. İddiaçının bort operator vəzifəsində yerinə yetirdiyi əmək funksiyalarına isə onun həmin vəzifəni icra etdiyi İL-76 tipli yük hava gəmisinin idarə edilməsi xüsusiyyətləri çərçivəsində baxılmalıdır. SSR Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən xx.xx.1984cü ildə təsdiq edimiş və xx.xx.1985-ci ildən qüvvəyə minmiş İl 76 tipli hava gəmisinin uçuş istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistiral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator. SSRİ Mülki Aviasiya Nazirinin 8 aprel 1985-ci il tarixli 77 nömrəli əmri ilə təsdiq edilmiş SSRİ mülki aviasiyasında uçuş əməliyyatları üzrə təlimatla müəyyən edilmişdir ki, uçuş heyətinin minimum ekipaj tərkibi X5 Təlimatında göstərilmişdir. İL-76 TD X6 əsasən, təyyarənin ekipajı yeddi nəfərdən ibarətdir: gəmi komandiri, ikinci pilot, şturman, bort mühəndisi, bort radio operatoru, baş uçuş operatoru, uçuş operatoru. "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı Təlimatının: - 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. -4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar - 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və “SİLK WAY” avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhlükəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. -5.2.8-ci bəndə əsasən bort operatorlar uçuş heyyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar. Beləliklə, müəyyən olunur ki, İL-76 gəmisi yük hava gəmisi olmaqla böyük qabaritli texnika və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. X5 Təlimatına əsasən İL-76 tipli hava gəmisində ekipaj tərkibi dedikdə məhz 7 nəfərlik heyət nəzərdə tutulur ki, bu heyətə hava gəmisinin bilavasitə idarə edən gəmi komandiri ilə yanaşı eyni zamanda bort operator vəzifəsi də daxildir. Üstəlik yuxarıda adı çəkilən SSRİ Mülki Aviasiya Nazirinin əmri ilə təsdiq edilmiş X5 Təlimatında, eləcə də "xxxx"nin təqdim etdiyi İL-76 tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimatının 5.4.2-ci bəndində hava gəmisinin kabin heyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, İL-76 tipli yük hava gəmisinin texniki xüsusiyyətlərində, hava gəmisinin uçuş istismar təlimatında bort operatorları uçuş heyətinin bir hissəsi kimi qəbul olunur. Digər yük hava gəmilərində bort operatorun əmək funksiyası əsasən daşınan malların yerləşdirilməsi və təhlükəsizliyinə nəzarət təşkil etsə də, İL-76 tipli hava gəmisində bort operatorun yerinə yetirdiyi əmək funksiyaları qeyd edilən işlərdən əlavə, xüsusən hava gəmisinin idarə edilməsində iştirak etmələri ilə bağlıdır. Belə ki, işəgötürən, hava gəmisinin istismarçısı olan "xxxx" MMC-nin təqdim etdiyi sorğuya cavabda İL-76 tipli hava gəmilərinin bort operatorunun “uçuş istismarı təlimatının” tələblərinə uyğun olaraq gəminin qalxma və enməsi zamanı hava gəmisinin kapitanı tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirdiyini qeyd etmişdir. Beləliklə, İL-76 hava gəmisinin idarə edilməsinə bilavasitə xidmət göstərilməsi bort operatoru digər hava gəmilərindəki (sərnişin) bort operatorun yerinə yetirdiyi işdən və daşıdıqları məsuliyyətdən fərqləndirir. Bu zaman xüsusilə qeyd eilməlidir ki, hava gəmisinin uçuş heyəti üzvü üçün həm də kabin heyətindən fərqli olaraq uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı müvafiq şəhadətnaməsi tələb olunur. İL-76 tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimatı”nın yuxarıda adıçəkilən 5.2.7-ci bəndində də sözügedən gəmidə bort operatorun uçuş tapşırığını yerinə yetirmək üçün yük hava gəmisinin uçuş heyəti sertifikatına-bort operatoru şəhadətnaməsinə malik olmasının da tələb olunduğu göstərilmişdir. Göründüyü kimi İL-76 tipli yük hava gəmisində bort operatorun hava gəmisinin bilavasitə idarə edilməsində iştirakı təsbit olunmaqla bərabər bunun üçün sonuncunun müvafiq şəhadətnaməyə malik olması tələbi bu vəzifəni icra edən şəxsə hava gəmisinin uçuş heyəti üzvü kimi yanaşıldığını bir daha təsdiq edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən “hava gəmisinin uçuş heyət üzvü siyahısında kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist kimi vəzifələrlə yanaşı həm də “digər uçuş mütəxəssisləri” göstərilmişdir. Digər uçuş mütəxəssislərinin konkret kimlərdən ibarət olduğunu adıçəkilən Qaydalar açıqlamır. Dövlət Mülki Aviasiya Agentliyi isə məhkəmə sorğusuna cavabda bort operator vəzifəsinin “digər uçuş mütəxəssisləri” vəzifəsinə aid edilmədiyini qeyd etsə də, lakin məhz İL-76 gəmisindəki bort operator vəzifəsinin “digər uçuş mütəxəssisləri” nə aid edilibedilməməsi ilə bağlı hər hansı əsaslı dəlil təqdim etməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İL-76 gəmisində bort operator vəzifəsinə “ümumi” anlamda bort operator vəzifəsi kimi deyil, hava gəmisinin parametrləri və texniki imkanlarından asılı olaraq gəminin idarə edilməsinə xidmət edən heyət üzvü qismində yanaşılmalıdır. İddiaçının işləmiş olduğu bort operator vəzifəsi “digər uçuş mütəxəssisi” vəzifəsinə uyğun hesab edilməsini istisna edən faktiki və hüquqi hal mövcud deyildir. Cavabdeh inzibati orqan isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmamasını araşdırmadan, hava gəmisinin istismarçısının "xxxx" MMC olduğundan həmin müəssisəyə sorğu verməklə işin xüsusiyyətlərini aydınlaşdırmadan qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, iddiaçı işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsində uçuş heyətinin üzvü olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması, pensiyanın ləğv edilməsi barədə qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarı və xx.xx.2022-ci il tarixli **********2 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar