Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-981/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X3, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia iddia ərizəsi ilə məhkəmə 4 nəfər ailə tərkibi ilə birlikdə-X7, X10, X4 və X8 yaşayış yeri üzrə əlil və sağlamlıq imkanları məhdud uşağın ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq sərəncamın verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 4 nəfərdən ibarət ailə üzvləri ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3184/87 məh., Z. Qəmbərov küçəsindəki yataqxanada, ümumi 17 kv.m-lik yaşayış sahəsi olan 241-də qeydiyyatdadırlar və 17 kv.m-lik mənzildə yaşaya bilmədiyindən məcbur qaralaq həmin binanın 27 kv.m-lik 221-222-ci mənzilində qeydiyyatda olmadan yaşamaqdadırlar və yenə də yaşayış səviyyəsi bərbad vəziyyətdədir . Mənzil şəraiti yaxşı olmaması (nəmişlik, çirkab suların evə dolması), 2 əlil şəxsi olan 5 nəfərlik ailə üzvünün 23 kv.m-lik çox kiçik mənzildə məskunlaşması ailə üzvləri olan arvadı, qızı və 2 əlil oğlunun səhhəti üçün çox pis təsir göstərir. Ailə üzvləri X7 (arvadı), X10, X4 və X1 ibarətdir. Övladlarından ikisinin sağlamlıq imkanları məhduddur, böyük oğlu xx.xx.1997-ci il doğumlu X11 “anadangəlmə ürək qüsuru aorta qapağın stenozu” diaqnozu ilə İİİ dərəcəli əlil, kiçik oğlu xx.xx.2011-ci il doğumlu X8 isə “anadangəlmə ürək qüsuru, mədəciklərarası çəpərin geniş deffekti, 1-ci dərəcəli mitral qapaqların qalınlaşması” diaqnozu ilə sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış şəxslərin dairəsinə aid edilmişdir, hələ azyaşlı olduğundan əllilik dərəcəsi müəyyən edilməmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Həmin qanuna görə əlillər dövlətin hesabına mənzillə təmin edilməklə yanaşı, İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Mənzil Məcəlləsinin 4-cü maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edirlər. N onun, nə də ailə üzvlərinin mülkiyyətində heç bir əmlak yoxdur, artıq illərlədir ki, order və qeydiyyat olmadan (ancaq yaşamaq hüququ) əsasında qeyd etdiyim ünvanda yaşayırıq, 23 kv.m-lik bir yaşayış sahəsində 5 ailə üzvünün yaşamasının çətinliyini ayrıca izah etməyə lüzum olmadığını düşünürəm. Dəfələrlə müvafiq orqanlara mənzil şəraitimizin yaxşılaşdırılması üçün müraciət edib, lakin hər dəfə bir bəhanə və yaxud əssasız bir cavabla vəziyyətini düzəltməkdən yayınıblar. Binəqədi rayon İcra Hakimiyyətinin ona verdiyi 02/09-11-11/A-11/5-068/4 saylı, 26 aprel 2021-ci il tarixli cavabında bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikasının Nazirlət Kabinetinin tətərindən müəyyənləşdirilmədiyindən müraciətinin müsbət həlli mümkün deyil. Hesab edir ki, belə bir əsasla imtina əssassız, çünki bu imtina ilə onun mənzil şəraitinin yaxşılaşdırılması tələbinin haqlı olmamaması əsaslandırılmayıb və bu müraciətinin təminatını şübhə altına qoya biləcək əsaslı səbəb deyil. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyətinin imtinası, Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün nəzərdə tutulan qanuni əsaslarla üst-üstə düşmür, buna görə də əsassızdır. Əlavə olaraq, cavabdehin imtina məktubundan görünür ki, həmin sənəd MM-in 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamış, məktub, eyni Məcəllənin 53.2-ci maddəsinin də tələbləri pozularaq, Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad edilməklə əsaslandırılmamışdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, mənzil ilə təmin olunmağına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2021-ci il tarixli 22/A- 34/3-068/2- t/1 saylı, xx.xx.2021-ci il tarixli 22/A-34/5-068/3 saylı və xx.xx.2021-ci il tarixli 22/A- 34/6-068/4 saylı məktublarla Binəqədi Rayonu İcra Hakimiyyətinə daxil olmuş müraciətlərinizə tərəfimizdən baxılmışdır. Mənzil sahəsi ilə təmin olunmağı ilə bağlı bildirir ki, qanunvericiliyin tələbinə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları Rayonun İcra Hakimiyyətində mənzil növbələrinin olmasıdır. Nəzərinizə çatdırırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda yaşayış sahəsinə ehtiyacı olanların mənzil növbəsinə götürülməsi üçün uçot normaları haqqında qaydalar müəyyənləşdirilmədiyindən ərizənizdə qeyd etdiyiniz məsələnin müsbət həlli mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli fcra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, -^konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə müvafiq qaydalar qəbul edildikdən sonra mənzil məsələnizə müraciəti əsasında yenidən baxılacaqdır. Qeyd olunanların nəzərə alınması xahiş edilir.
4. İddiaçı verilmiş xx.xx.2002-ci il tarixli 081 nömrəli orderə əsasən M.Ə.Rəsulzadə qəs., Z.Qəmbərov küçəsində 3184/3187 məhəllədə yerləşən ailəvi yataqxanada 4 nəfər ailə üzvü ilə birlikdə (özü İddiaçı, həyat yoldaşı X5, oğlu X10, qızı X4).
5. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışa əsasən İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə məhdud kommunal şəraitli M.Ə.Rəsulzadə qəs., Z.Qəmbərov küçəsində 3184/3187 məhəllədə yerləşən ailəvi yataqxanada 241 nömrəli mənzildə qeydiyyatdadırlar, lakin hal-hazırda ailə üzvləri ilə birlikdə 221 və 222 nömrəli mənzillərdə (27 kv.m.) yaşayırlar.
6. Əlillik altsistemindən çıxarışa əsasən iddiaçının ailə üzvü (oğlu) xx.xx.1997-ci il təvəllüdlü X6 anadangəlmə ürək qüsuru aorta qapağın stenozu diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.
7. Əlillik altsistemindən çıxarışa əsasən iddiaçının ailə üzvü (oğlu) xx.xx.2011-ci il təvəllüdlü X2 anadangəlmə ürək qüsuru. Mədəciklərərarası çəpərin geniş defekti. Mitral qapaqların qalınlaşması İ dərəcəli çatışmazlığı diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulsun: - Bakı şəhəri, M.Ə.Rəsulzadə qəs. Z.Qəmbərov küçəsi 3184/3187№li yataqxanın 241 və 221-222 nömrəli otaqları (5 nəfərdən ibarət tərkibdə olan ailənin yaşaması üçün) yaşayış sahəsi üçün müəyyən edilmiş tələblərə cavab verirmi? - Bakı şəhəri, M.Ə.Rəsulzadə qəs. Z.Qəmbərov küçəsi 3184/3187№li yataqxanın 241 və 221-222 nömrəli otaqları (5 nəfərdən ibarət tərkibdə olan ailənin yaşaması üçün) yaşamaq üçün yararsız hesab edilə bilərmi?
9. Məhkəmə ekspertizasının aparılmasından imtina onunla əsaslandırlmışdır ki, tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiq olunan fərdi yaşayış evinə baxış keçirilməsi və qərardadla ekspert qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
10. İş təkrarən rəy verilməsi üçün ekspertizaya göndərilmiş, eyni əsaslarla məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
11. Eyni qaydada eyni əsaslarla məhkəmə ekspertizasının aparılmasından imtina təkrarən üçüncü dəfə məhkəməyə göndərilmişdir.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zaman iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər dəfə məhkəmə tərəfindən bildirilən vaxtda eksperti gözləsə də, ekspert baxış üçün ünvana gəlməmişdir.
13. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclas(lar)ında iştirak etməmişdir.
14. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaya qiymət verilməsi mümkündür.
II. İddianın növü və mümkünlüyü
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
24. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə Binəqədi rayonunun ərazisində yerləşən ailəvi yataqxanada ümumi sahəsi 27 kv.m olan məhdud kommunal şəraitli otaqda yaşayır.
25. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
26. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
27. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsaəsn Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
28. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının müvafiq icra hakimiyyəti (Nazirlər Kabineti) tərəfindən təsdiq olunmaması Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı dövlətin ali məqsədinin icra edilməsini istisna edə bilməz.
29. İstənilən halda məhkəmə hesab edir ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının (yaşayış sahəsinin uçot normasının adambaşına minimal səviyyəsinin) 5,4 kv.m-dən çox olması şübhəsizdir, əks yanaşma Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə dair Konstitusion müddəalara uyğun hesab edilə bilməz. İddiaçı isə 4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə (onlardan ikisi əlil) qeyd edildiyi kimi ümumi sahəsi 27 kv.m. olan məhdud kommunal şəraitli otaqda yaşayır.
30. Odur ki, cavabdeh qurumun imtinası iddiaçının və onun ailəsinin vəziyyətinə, eləcə də qanunun güddüyü məqsədə mütənasib hesab edilə bilməz və iddiaçının və onun ailəsinin üzərinə həddən artıq yük qoymuşdur.
31. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
32. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X9 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X16 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
33. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə (arvadı X7, oğlu X10, qızı X4 və oğlu X8) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva