Məhkəmə qərarları › İş №2-1(112)-981/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-981/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-981/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı «iddiaçıların yaşadığı binanın damının təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı «iddiaçıların yaşadığı binanın istilik sisteminin ötürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçılar ünvan 1 saylı evin 9-cu mərtəbəsində yaşayırlar. Dövlət respublikamızın şəhər və rayonlarında çoxmənzilli binaların damlarının və fasadlarının təmiri üçün mütəmadi olaraq vəsait ayırır. Bakı şəhərinin müxtəlif yerlərində çoxsaylı binaların damları təmiri edilərək, onlara yeni görkəm verilmiş, sakinlər üçün rahat şərait yaradılmışdır. Lakin iddiaçıların yaşadığı bina ilə bağlı həmin işlər görülməmişdir. Bina 1990-cı ildən istismardadır, onun bütün texniki resursları istifadə olunmuş və texniki imkanları tükınmişdir. Uzun illərdir ki, binanın damı təmir olunmur. Sakinlərin öz vəsaiti hesabına apardığı təmir işləri onu yağış sularından qoruya bilmir. Yağış suları binnaın 9-cu mərtəbəsindən mənzillərin təmirini sıradan çıxarır. Bu da sakinlərin haqlı narahatlıqlarına səbəb olur. Bu problemlərin sakinlərin sağlamlığına, yaşayışına mənfi təsir göstərir, həm də sonda maddi problemlər yaradır. Bina Müdafiə Nazirliyinin balansındadır. Lakin Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi binanın təmiri ilə məşğul olmur. İddiaçılar yaşadıqları binanın damının təmiri ilə bağlı həmin İdarəyə müraciət etsələr də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsaslanaraq, cavabdehin iddiaçıların yaşadığı binanın istilik sisteminin "xxxx" ASC-yə ötürülməsinə məcbur edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddia əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, ünvan 1 ünvanındakı 9 mərtəbəli binanın 1 bloklu 36 mənzilli yaşayış binası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid olmaqla Müdafiə Nazirliyi Mənzil İstismar İdarısinin tabeliyindı olan Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin təminatındadır. Bina 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Binanın dam örtüyü yararsız vəziyyətə düşdüyü üçün yağan yağış suları mənzillərə damır və bu hal mənzillərin sıradan çıxmasına səbəb olur. Müdafiə Nazirliyi büdcədən maliyyələşən təşkilat olduğundan, 2023-cü ilin birinci rübündə təmir-tikinti üçün maliyyə vəsaiti ayrıldıqdan sonra hazırda binanın yerləşdiyi ərazidə fəaliyyət göstərən Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 10 nömrəli Mənzil-istismar sahəsi sözügedən binanın dam örtüyünün təmir edilməsi məqsədilə lazım olan tikinti materialları ilə təmin edilmişdir və mövcud hava şəraiti nəzərə alınmaqla ünvan 1 ünvanındakı yaşayış binasının dam örtüyünün təmir olunması nəzərdə tutulur. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi hesab edir ki, məhkəmə iddianı rədd etməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıların yaşadığı binanın damının təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1 və İddiaçı2 gəlmişlər, cavabdeh tərəf və digər iddiaçılar gəlməmişlər. Məhkəmə İPM-in 30, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, qeud etdi ki, iddiaçıların dördü də binanın yuxarı mərtəbəsindəki mənzillərdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən taşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 141-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Həmin Məcəllənin 142.1-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarının 4-cü bəndi ilə aşağıdakılar qərara alınmışdır: müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları çoxmənzilli binaların idarə edilməsini binanın sahə mülkiyyətçiləri ilə idarəedici təşkilat arasında bağlanmış müqavilə əsasında binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərilməsi, eləcə də digər işlərin yerinə yetirilməsi öhdəliyinin həmin idarəedici təşkilatın öhdəsinə düşdüyünü müəyyən etmişdir. Hazırkı işin hallarına görə iddiaçılarla onların yaşadıqları binanın idarəedici təşkiatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında müvafiq müqavilə rəsmi olaraq bağlanmasa da, tərəflərin şifahi razılaşması və buna müvafiq hərəkətlər aparması bu sazişi ehtiva edir. Nəzərə alınmalıdır ki, iddiaçıların yaşadıqları binanın damının yararsız vəziyyətdə olması iş materiallarında olan müvafiq aktlarla təsdiqini tapır. Bu isə, belə nəticə yaradır ki, binanın damında yağış sularının sonuncu mərtəbədə yerləşən mənzillərə və lift şaxtasına sızması halları istisna olunmur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıların bəziləri müvafiq binanın yuxarı mərtəbəsindəki mənzillərin mülkiyyətçisi, bəziləri isə sakini qismində çıxış edir. Məhkəmə həmçinin diqqətə çəkir ki, hazırkı iş üzrə cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi iddiaya qarşı yazılı etirazında iddianın rədd edilməsi mövqeyi açıqlansa da, iddiaçıların tələb etdiyi işlərin (binanın dam örtüyünün təmiri üzrə) yerinə yetirilməsini istisna edən hər hansı hala dair tutarlı dəlil və sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıların yaşadıqları binanın damının təmir edilməsi cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən təmin edilməlidir. Odur ki, iddia tələbi əsaslıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşadıqları ünvan 1 ünvanındakı yaşayış binasının damının təmir edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşadıqları ünvan 1 ünvanındakı yaşayış binasının damının təmir edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar