Məhkəmə qərarları › İş №2-1(112)-9813/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9813/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9813/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Elm və təhsil sahəsində sığorta stajının düzgün hesablanması, 25 ildən artıq sığorta stajı olduğundan ona elmi dərəcəyə görə təqaüd hüququnun yarandığı vaxtdan – (noyabr 2021-ci il tarixdən) təyin edilməsi və ödənilməsi barədə və 2015, 2016, 2017-ci illərdə (3 il müddətində) Türkiyə Respublikası Uludağ Universitetində Prof. Dr. vəzifəsində işlədiyi dövlər nəzərə alınmaqla, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sığorta stajında və fərdi hesabının sığorta hissəsində nəzərə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən 2015-2017ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində Prof. Dr. vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və xx.xx.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən elmi dərəcə üçün verilən təqaüdü almaq məqsədi ilə cavabdeh orqana müraciət etmiş, sonuncunun 14 fevral 2022-ci il tarixli **********01 №li məktubunda elmi müəssisə və təhsil sahəsində stajının guya 22 il 9 ay 4 gün olduğu bildirilməklə, qanunvericilikdə tələb olunan müddətdən (25 il) az olması səbəbilə ona elmi dərəcəyə görə təqaüdün təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. 2015, 2016 və 2017-ci illərdə (3 il müddətində) Türkiyə Respublikasında Uludağ Universitetində Prof. Dr. vəzifəsində çalışmışdır. Bu illər nə iş stajında, nə də fərdi hesabının sığorta hissəsində nəzərə alınmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 №-li yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin qanunvericiliyə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, müraciətçiyə xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının Mərkəzi filiala tədim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1973xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-xx.xx.1980-ci il tarixədək və xx.xx.1981-xx.xx.1984cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1980-xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-ci il tarixədək 30 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 2311,31 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci madəsinə əsasən əmək pensiyasının sığorta hssəsisinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. İddiaçı xx.xx.1977xx.xx.1979-cu il tarixədək, xx.xx.1984-xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-xx.xx.2003-cü il tarixədək, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 22 il 9 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu üçün Azərbaycan Respublikası Prezidentinin Təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 2015-2017-ci illərdə Türkiyə Cümhuriyyətindəki iş illəri əmək kitabçasında qeyd olunmamış və göstərilən illərə dair əmək haqqı cədvəli təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Yasamal RPİ tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə Naxçıvan MSSR Maarif Nazirliyinin göndərişinə əsasən İliç rayonunun Havuş kənd səkkizillik məktəbinə ixtisası üzrə tarix müəllimi təyin edilmişdir. xx.xx.1977-ci ildə Naxçıvan MSSR Maarif Nazirliyinin xx.xx.1977-ci il tarixli 667 №li əmrinə əsasən həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.1978-ci ildə ərizəsinə və Naxçıvan MSSR Maarif Nazirliyinin xx.xx.1978-ci il tarixli 74 №li əmrinə əsasən Havuş səkkizillik məktəbinin direktoru vəzifəsindən azad edilib, Axura orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.1979-cu ildə aspiranturaya qəbul olunduğundan İliç rayonu müəllimləri sırasından azad edilmişdir. xx.xx.1979-cu ildə əyani aspiranturaya qəbul edilmişdir. xx.xx.1980-ci ildə ordu sıralarına çağırılması ilə əlaqədar olaraq gələcəkdə bərpa olunmaq şərtilə aspiranturadan azad edilmişdir. xx.xx.1981-ci ildə aspiranturaya bərpa edilmişdir. xx.xx.1984-cü ildə təhsil müddəti qurtardığı üçün aspiranturadan azad edilmişdir. xx.xx.1984-cü ildə Azərbaycan SSR X7 İnstitutu Arxeologiya və Etnoqrafiya Sektorunda təsərrüfat müqaviləsi əsasında Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsində baş laborant vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə aylıq əmək haqqı 150 manat olmaq şərtilə orta əsr arxeologiyası şöbəsində ştatda boş olan kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1992ci ildə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu ildə şöbə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Milli Elmlər X1 Mərkəzi Aparatına elmi bölmənin elmi katibi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü il tarixdə Arxeoloji Mərkəzə şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə “Naxçıvan” Universitetində əmək müqaviləsinə əsasən “Ümumi tarix” kafedrasının 0,5 ştat müəllimi və analıq məzuniyyəti yerinə 0,5 ştat müəllim təyin edlmiş, xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. X2, Arxeoloji Mərkəzi tərəfindən mart 2000-ci il tarixdə verilmiş 000965 №li “Elmlər Doktoru” Diplomunun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, Novruzlu X4 Şurasının xx.xx.1999-cu il tarixli H 07.00 C N 3 saylı qərarı ilə (protokol № 40) tarix 07.00.06 ixtisası üzrə Elmlər Doktoru dərəcəsi ilə təltif edilmişdir. xx.xx.1983-cü il tarixdə verilmiş BC seriyalı 065098 №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət müddətini keçmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Uludağ” Universitetinin ədəbiyyat fakültəsinin dekanlığı tərəfindən İddiaçı ünvanlanmış 49097558-900/7802 №li xx.xx.2017ci il tarixli məktubdan, “Uludağ” Universitetinin rekrorluğu ilə İddiaçı arasında bağlanmış “Xarici akademik heyət üçün müqavilə”lərdən, sığorta bildirişindən və əmək haqqı cədvəllərindən (surətləri) müəyyən olunur ki, X5 Əziz İsa oğlu xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin Universitetin ədəbiyyat fakültəsinin arxeoloji bölməsində ona əmək haqqı ödənilməklə (sosial ayırmalar tutulmaqla) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 04 avqust 2022-ci il tarixli **********7 №li məktubla məhkəməyə təqdim olunmuş iddiaçıya aid “pensiya işi”ndən müəyyən olunur ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı: - **********4 №li xx.xx.2021-cı il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarla pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2021ci il tarixdən 200 manat məbləğində müddətsiz yaşa görə əmək pensiyası təyin olunmuş; - xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanmaqla pensiyanın məbləği 248 manat 16 qəpik müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, məbləğ dəyişmir, pensiya qanuna müvafiq hesablanmışdır. - **********212 №li xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla xx.xx.2021-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanmaqla pensiyanın məbləği 248 manat 16 qəpik müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla pensiya düzgün hesablanmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********3 №li 23 may 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mərkəzi filiala tədim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1973-xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-xx.xx.1980-ci il tarixədək və xx.xx.1981-xx.xx.1984-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1980-xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-ci il tarixədək 30 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 2311,31 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə əsasən onun əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci madəsinə əsasən əmək pensiyasının sığorta hssəsisinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 22 il 9 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu üçün Azərbaycan Respublikası Prezidentinin Təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan iddiaçının xx.xx.1973-xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-xx.xx.1980-ci il tarixədək və xx.xx.1981-xx.xx.1984-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1980-xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-ci il tarixədək 30 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 2311,31 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablandıqda, ona təyin olunmuş pensiya məbləğində dəyişiklik olmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci madəsinə əsasən əmək pensiyasının sığorta hssəsisinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Bundan əlavə iddiaçının xx.xx.1977-xx.xx.1979-cu il tarixədək, xx.xx.1984-xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-xx.xx.2003-cü il tarixədək, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajının 22 il 9 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu əsası ilə ona Azərbaycan Respublikası Prezidentinin Təqaüdünün təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı 2015-2017-ci illərdə Türkiyə Respublikasındakı iş illəri əmək kitabçasında qeyd olunmadığı və göstərilən illərə dair əmək haqqı cədvəli təqdim olunmadığı üçün qeyd olunan illər həm pensiyanın təyini və yenidən hesablanması zamanı, həm də iddiaçıya Azərbaycan Respublikası Prezidentinin Təqaüdünün təyin edilməsi ilə əlaqədar sığorta stajının hesablanması zamanı nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 87.6-cı maddəsinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999-cu il tarixli 122 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə əsasən: 58.1. 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin 1 dekabr 1998-ci il tarixli 557-İQ №li Qanunu ilə təsdiq edilmiş 17 iyul 1998-ci il tarixdə Türkiyə Respublikası Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin: - “Əsas anlayışlar” adlanan 1-ci maddəsində göstərilmişdir ki, Bu Sazişin mətnində istifadə olunan anlayışlar aşağıdakı mənanı daşıyırlar: 1.1. “Ölkə” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası; 1.3. “Səlahiyyətli Orqan” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi və digər əlaqədar Nazirliklər, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər əlaqədar Nazirliklər və təşkilatlar; 1.10. “Yardım” - Tərəflərin öz qanunvericiliklərində nəzərdə tutulan hər hansı bir yardım (pensiya, müavinət və digər ödəmələr) və ya ianələr. - 3-cü maddəsində göstərilmişdir ki, bu Saziş bir və ya hər iki Tərəfin qanunvericiliyinin tətbiq edildiyi və ya tətbiq edilmiş olduğu şəxslərə və onların iki ölkədən birinin qanunvericiliyinin təsir dairəsində olan ailə üzvlərinə və buna hüququ olan digər şəxslərə tətbiq edilir. - 4-cü maddəsində göstərilmişdir ki, 3-cü maddədə göstərilən şəxslər Tərəflərin qanunvericiliyində nəzərdə tutulan eyni hüquqa malikdirlər və bərabər məsuliyyət daşıyırlar. - 16.1-cı maddəsində göstərilmişdir ki, tərəflərdən birinin qanunvericiliyinə görə yardım almaq hüququnun meydana gəlməsi, qorunması və ya yenidən qazanılması, müəyyən sığortalılıq müddətlərinin tamamlanmasına bağlı olduğu hallarda, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfdəki sığortalılıq müddətlərini, eyni vaxta təsadüf etməmək şərti ilə öz qanunvericiliyinə uyğun qəbul edərək birləşdirir. - 18 - ci maddəsində göstərilmişdir ki; - 18.1 bir Tərəfin qanunvericiliyinə görə 16-cı maddə tətbiq edilmədən yardım hüququ meydana gəlirsə, həmin Tərəfin Səlahiyyətli İdarəsi təkcə öz qanunvericiliyinə uyğun olan sığortalılıq müddətlərini nəzərə alaraq yardımı müəyyən edir. - 18.2. 1-ci bəndə əsasən yardım hüququ mövcud olmadıqda, bu Sazişin 16-cı Maddəsinə görə sığortalılıq müddətləri nəzərə alınaraq yardımlar aşağıdakı kimi hesablanır: 16-cı Maddənin tətbiq edilməsi ilə əlaqədar olaraq idarə, toplanmış sığortalılıq müddətlərini öz qanunvericiliyinə uyğun hesab edir və bundan sonra toplanmış müddətdən yalnız öz qanunvericiliyinə görə keçmiş müddəti nəzərə alaraq yardımın miqdarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. Bu zaman mübahisələndirilən dövrlərin əmək kitabçasında qeyd olunmaması iddiaçının bu hüququnun həyata keçirilməsini məhdudlaşdıran hal kimi qəbul oluna bilməz. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçı həmçinin 2015-2017-ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində Prof. Dr. vəzifəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün də təyin olunmasını xahiş edir ki, bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8.02.2022-ci il tarixli 3135 №li Sərəncamının 1.2-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 №li Fərmanına əsasən: - 1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi və onun aylıq məbləğinin elmlər doktoru elmi dərəcəsinə görə 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunması qərara alınmışdır

2. Müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. İddiaçının əmək kitabçasında qeyd olunmuş elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajının 22 il 9 ay 4 gün hissəsinin işin münahisələndirilməyən halı olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 2015-2017ci illərdə Türkiyə Respublikası Uludağ Universitetində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması öhdəliyi cavabdehə həval olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 2015-2017-ci illərdə (xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) Türkiyə Respublikası Uludağ Universitetində Prof. Dr. vəzifəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməklə, ona elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar