Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9815/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum atasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqların iddiaçının və ya mərhum X5 adına dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Belə ki, müraciətə əlavə edilmiş və idarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport X6 adındadır. Müraciətə əlavə edilmiş müqavilədə isə satıcı qismində X1. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən, arxivdə mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsi cənub sərhəddən bağ sahələri ilə həmsərhəddir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X7 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətindən imtina edərkən üç halı əsas götürmüşdür: - Daşınmaz əmlaka münasibətdə hüquqmüəyyənedici sənədlərin olmaması; - Müqavilədə satıcı qismində X3 göstərilməsi; - Texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda əmlakın mülkiyyət hüququnun mərhum X7 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi hüquqmüəyyənedici sənədlərin olmadığı, müqavilədə digər şəxsin adının qeyd olunması və texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya arasında fərqin olduğu göstərilmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 11 ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı X4 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Bundan sonra X8 ilə X10 arasında 1971-ci ildə müqavilə bağlanılmış və Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 11 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının mərhum atasının iddia olunan daşınmaz əmlaka münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas - onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.3-cü maddəsində sadalanmış sənədlərə (müqaviləyə) malik olmasıdır. Başqa sözlə desək, mərhum X5 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları məhz mülki əqd əsasında yaranmışdır ki, sonuncu həmin əmlakın dəyərini ödəyərək qanuni əsaslar ilə əmlakı əldə etmişdir. Lakin, nəzərə alınmalıdır ki, cavabdehin iddia etdiyi kimi alqı-satqı müqaviləsində satıcı kimi X8 göstərilsə də, daşınmaz əmlaka münasibətdə verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda əmlakın mülkiyyətçisi kimi X4 adı göstərilmişdir. Məhkəmə qeyd edir ki, bu halın mövcudluğu mərhumun əmlaka münasibətdə hüquqlarının yaranmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində saxlanılan müqaviləyə dair notariat işindən görünür ki, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 11 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı müqaviləsində müqavilənin subyektləri qismində X8 (satıcı) və X10 (alıcı) çıxış edirdi. Satıcı qismində çıxış edən şəxs isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda əmlakın mülkiyyətçisi kimi göstərilən X4 həyatı yoldaşı idi. Notariat işində olan sənədlərdən görünür ki, Q.M.Kosim notariat kontoruna ərizə təqdim edərək X8 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın satılmasına etirazının olmadığı ilə bağlı rəsmi qaydada ərizə vermişdir. Göründüyü alqı-satqı müqaviləsində satıcı qismində X8 göstərilsə də, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda əmlakın mülkiyyətçisi kimi göstərilən X4 öz iradə ifadəsi ilə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın satılmasına etirazının olmadığını bildirmiş, bununla da əmlak üzərində hüquqlarının digər şəxsə keçməsinə öz iradə ifadəsini nümayiş etdirmişdir. Ümumiyyətlə müqavilənin X9 ilə deyil də, X8 arasında bağlanılması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır. Nəzərə alınmalıdır ki, müqavilənin bağlanılması 1971-ci il dövrləri əhatə edir ki, bu da həmin dövrdə belə bir halların yaranmasını istisna etmir. Hazırki halda Məhkəmə araşdırılması zamanı mübahisəli əmlakın alqı-satqısının X9 razılığı ilə həyata keçirildiyi, həmçinin alqısatqı müqaviləsi üzrə satıcı X2 Q.M.Kosimin həyat yoldaşı olduğu müəyyən edildiyindən, iddiaçının mərhum atasının mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının mülki əqd əsasında yarandığı təsdiq olunur. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi digər bir hala münasibətdə bildirir ki, cavabdeh arxivdə mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsi cənub sərhəddən bağ sahələri ilə həmsərhəd olması ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə hazırki mübahisə üzrə daşınmaz əmlaka yerində baxış, məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması istiqamətində hər hansı tədbirlərin görülməsinə zərurət yaranmadığını bildirr. Belə ki, cavabdeh təkcə imtina əsasında göstərilən bu halı təsdiq edən dəlil təqdim etməməklə yanaşı, həmçinin ümumiyyətlə, torpaq sahəsinin cənub sərhəddən bağ sahələri ilə həmsərhəd olmasının hər hansı fiziki şəxsin ehtimal olunan hüquqlarının pozulmasına səbəb olması və ya digər maneələrin yaranmasının göstəricisi olmasını izah etməmiş, bununla bağlı mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası bu hissədə də formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X10 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən daşınmaz əmlakın mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X7 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov