Məhkəmə qərarları › İş №2-1(112)-9815/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9815/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9815/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “milliyyətin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “milliyyətin dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın məzmunu onunla əlaqədardır ki, onun ata və ana tərəfdən bütün əcdadları istisnasız olaraq Lahıc qəsəbəsində anadan olmuş, orada yaşamış və vəfat etmişdir. Həmin ərazidə yaşamış şəxslərin milli mənsubiyyəti tatdır. İddiaçı hesab edir ki, onun tat mənsubiyyəti nəzərə alınmalı və milliyyəti tat kimi göstərilməlidir. Tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: İddiaçıya məxsus doğum haqqında şəhadətnamədən və akt qeydindən görünür ki, xx xxxxxxx 1973-cü il tarixdə anadan olmuş iddiaçının ana və ata qrafasında qeyd edilmiş şəxslərin milliyyəti azərbaycanlı kimi göstərilmişdir. İddiaçının atası A.Mövlamova məxsus doğum haqqında şəhadətnamədən görünür ki, həmin şəxsin ana və ata qrafasında qeyd edilmiş şəxslərin milliyyəti azərbaycanlı kimi göstərilmişdir. İddiaçının nənəsi S.Həsənova barəsində tərtib edilmiş arayışdan görünür ki, həmin şəxsin ana və ata qrafasında qeyd edilmiş şəxslərin milliyyəti azərbaycanlı kimi göstərilmişdir. Həmin şəxsə aid partiya uçot kartoçasında qeyd edilmişdir ki, şəxsin milliyyəti və ana dili tat dilidir. X1 Reyestr Xidmətinin məktubunda qeyd edilmişdir ki, iddiaçının valideynlərinin, eləcə də onların valideynlərinin doğumları haqqında hər hansı məlumat aşkar edilməsi mümkün olmamışdır. İmtina məktubunda qeyd edilmişdir ki, milliyyətin tat-a dəyişdirilməsi üçün müvafiq sənədlər olmadığına görə müraciətin icrası mümkün olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 reyestri xidmətində (bundan sonra – X1 reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının X1 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin doğum akt qeydində dəyişikliklərin, eləcə də milliyyət qrafasında dəyişikliklərin edilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir ki, iddiaçı onun milliyyətinin tat kimi göstərilməməsinə dair müraciət etmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşməkdədir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuniliyi və əsaslılığı sübut edilir. Belə ki, məhkəmə araşdırması zamanı da, milliyyət dəyişikliyinin tata edilməsinə münasibətdə müraciətin legitimliyini təsdiq edəcək hər hansı sübut müəyyən edilmir. İş materiallarında olan iddiaçının atası A.Mövlamova məxsus doğum haqqında şəhadətnamədən, eləcə də nənəsi S.Həsənova barəsində tərtib edilmiş arayışdan görünür ki, həmin şəxsin ana və ata qrafasında qeyd edilmiş şəxslərin milliyyəti azərbaycanlı kimi göstərilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, şəxsin milliyyətinin müəyyən edilməsi yuxarıda göstərilən Qaydaların tələbləri baxımından ana və atanın milliyyətinin göstərilməsi ilə qiymətləndirilir. Məhkəmə hesab edir ki, nəzərə alınmalıdır ki, doğum akt qeydi şəxsə məxsus olsa da, həmin akt qeydində ana və atanın milliyyətində müvafiq dəyişikliklər, həmin şəxsin digər övlad və övladlarının, eləcə də ondan törəyən şəxslərin maraqları çərçivəsində olduğundan müvafiq dəyişiklik fərdi marağın, ictimai marağa münasibətdə üstün tutulması anlamına gəlməkdədir. Partiya uçot kartoçkasında milliyyətin tat kimi göstərilməsinə münasibətdə də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından hər hansı şəxsin ata və anasının, dolayısı ilə də onun milliyyətini müəyyən edən sənədin doğum akt qeydləri və ona uyğun tərtib edilmiş şəhadətnamə olması onu deməyə əsas verir ki, partiya bileti, uçot kartoçası və buna bənzər sənədlərin milli mənsubiyyətlə bağlı hər hansı fakti təsdiq etməsinə istinad cavabdehin imtinasının qanunsuzluğu və əsassızlığına dəlalət etməməkdədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar