Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9819/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «qərarın dəyişdirilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «qərarın dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, AR Nazirlər Kabineti 26 iyul 2021-ci il tarixli 229 saylı qərarının preambulasında qeyd edilir ki, bu qərar «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun 25-ci maddəsinə və AR Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları»na əsaslanır. Qaydaların 1.1-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR Qanununun 25-ci maddəsinin üçüncü və dördüncü hissələrinə uyğun olaraq hazırlanmışdır və yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydalarını müəyyən edir. Sözügedən Qanunun 25-ci maddəsinin 3cü və 4-cü bəndlərində isə təsbit edilmişdir ki, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi, sözügedən qanunun bu bəndlərində yoluxucu və parazitar xəstəlik mənbələrində profilaktika tədbirlərinin görülməsindən bəhs edilir və hansısa tələb və ya məcburiyyət tədbirlərinin, peyvənd vuran və peyvənd vurmayan vətəndaşlar arasında hansısa məhdudiyyətlərin tətbiq edilməsi və ya ayrı-seçkiliyin qoyulması nəzərdə tutulmamışdır. Haqqında bəhs edilən Qanunun bu maddəsində “müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimlərinin tətbiqi” nəzərdə tutulsa da, bu rejimlər hər kəs üçün tətbiq oluna bilən ümumi qaydaları müəyyən edir və vətəndaşların peyvənd olunub olunmaması və ya peyvənd (covid-19) sertifikatının və peyvənd (covid-19) pasportunun olub-olmaması əsasında onlar arasında ayrı-seçkiliyin yaradılmasına yol açmır. «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» AR Qanununda profilaktik peyvəndlərin sertifikatından söhbət gedir. Yəni, peyvənd vurulan insanların sertifikatlandırılması qanunda nəzərdə tutulmamışdır. Lakin AR Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli Qərarının 2.5-5.2 və 2.5-5.3-cü bəndlərində ali və orta ixtisas məktəblərində, eləcə də ictimai iaşə müəssəsilərdə, mehmanxanalarda və iri ticarət mərkəzlərində təklif edilən xidmətdən istifadə üçün covid-19 pasportunun olması tələb edilir. AR Nazirlər Kabinetinin məlum qərarlarında peyvənd vurulan insanların sertifıkatlandırılması və bu əsasda hansısa “pasportlar”ın verilməsi «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında», «Sanitariya-epidemioloji salamatlıq haqqında» AR qanunlarına, habelə «Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları»na ziddir. Azərbaycan Respublikasının qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsində ayrı-seçkilik qadağan o!unur. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. X1 Assambleyasının 2361 (2021) nömrəli qətnaməsində qeyd edilir ki, covid- 19-a qarşı peyvənd aparılma məcburi deyildir. Həmin qətnamənin 7.3.1-ci bəndində qeyd edilir ki, peyvənd aparılmasının məcburi olmaması və istəmədikləri təqdirdə peyvənd olunmaq üçün siyasi, sosial və ya digər təzyiqlər altında olmaması barədə vətəndaşlara məlumat verilməsi təmin edilməlidir. Qətnamənin 7.3.2-ci bəndində qeyd edilir ki, mümkün sağlamlıq risklərinə və ya peyvənd olunmaq istəmədiklərinə görə heç kəs peyvənd olunmadığına görə ayrı-seçkiliyə məruz qoyulmamalıdır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 3 may 2001-ci İİ tarixli 87 nömrəli Qərarının mənasına görə yoluxucu xəstəliklərin şiddətli yayılması təhlükəsi olduqda kütləvi profilaktik peyvənd aparilir. Bütün bu məsələlər «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» AR Qanunu ilə tənzimlənir. Qanunun 5-ci və 6-cı maddələrinin mənasına görə Azərbaycanda peyvənd aparılmasının iki növü vardır: profilaktik peyvəndlərin aparılması və epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması. AR Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli və 26 may 2021-ci il tarixli 151 nömrəli qərarlarında hansı növ peyvəndlərin (yəni epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması və ya profilaktik peyvəndlərin aparılması) aparılması dəqiq göstərilməmişdir. Bu baxımdan sözügedən qərarın 2.5-5-ci bəndinin mətni, bəzi terminlərin istifadəsi «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» AR Qanununa, Azərbaycanın üzərinə götürdüyü yuxarıda qeyd edilmiş beynəlxalq müqavilələrə uyğun deyildir. Peyvənd olunan və olunmayan vətəndaşlar və şəxslər arasında fərqlərin və üstünlüklərin müəyyən edilməsi, peyvənd olunmayan şəxslər üçün məhdudiyyətlərin qoyulması, 2.5-5.3-cü bənddə göstərilmiş obyektlkərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edilməsinin tələb kimi qoyulması Konstitutsiyanm müddəalarına, «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» AR Qanununda yuxarıda qeyd edilmiş beynəlxalq müqavilərə uyğun olmadığı üçün dəyişdirilməlidir. Çünki, AR Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarında və əvvəlki qərarlarında peyvənd vurulmaqla bağlı "tələb" sözü istifadə olunsa da, profilaktik peyvəndlərin məcburi aparılması haqqında heç bir fikir yoxdur. "Tələb edilir" ifadəsi leksikologiyada "israrla xahiş olunur", və ya "çox istənilir" mənasını verir. Buna görə də sözügedən qərarın tətbiqi zamanı sui-istifadə hallarının qarşısının alınması, bəzi dəqiqləşdirmələrin aparılması və 2.5.5 bəndinin mətninin yuxarıda qeyd edilmiş Konstitusiya müddəalarına, qanunlara və beynəlxalq müqavilələrə uyğunlaşdırılması insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə töhfə vermiş olacaq və peyvənd olunan insanlarla peyvənd olunmayan insanlar arasında ayrı-seçkilik hallarının baş verməsinə imkan verməyəcək. Əks təqdirdə AR Nazirlər Kabinetinin son qərarlarına görə peyvənd vurmayan insanlara hansısa məhdudiyyətlər qoymaq qanuna ziddir. Çünki həm də nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin məlum qərarında və əvvəlki qərarlarında "məcburi peyvəndin aparılması" ifadəsi yoxdur. Demək, "məcburi" kəlməsinin olmaması o deməkdir ki, profilaktik peyvəndlənmə «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» AR Qanununun 6cı maddəsinə görə vətəndaşların razılığı əsasında aparılmalıdır. AR Nazirlər Kabinetinin 2 iyun 2001-ci il tarixli 110 saylı qərarında isə profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı verilmişdir. Lakin korona-virus pandemiyası dövründə qəbul edilmiş qərarlarda məcburi peyvənd aparılması barədə heç bir qeyd və ya bənd yoxdur. Belə bir qeydin və ya bəndin olmaması o deməkdir ki, əhali arasında kütləvi yoluxma baş verməyib və ya koronavirusun şiddətlənməsi təhlükəsi yoxdur. Məcburi peyvənd aparılması barədə qərar qəbul edilərkən, ilk növbədə, kütləvi yoluxma və ya şiddətli yoluxma terminlərinin hüquqi izahı və ya anlayışı verilməlidir. Nazirlər Kabinetinin məlum qərarlarına görə peyvənd aparılması məcburi deyildir. Yəni, sadəcə profilaktik peyvənd aparılır. Bu da vətəndaşların razılığı əsasında olmalıdır və heç kim məcbur edilə bilməz. Bu baxımdan covid-19 pasportu və ya covid-19-a qarşı immunitet sertifikatmn tələb edilməsi və yaxud peyvəndin 1-ci və 2-ci dozasının vurulması üçün konkret tarixlərin müəyyən edilməsi epidemik göstərişlərə görə məcburi peyvənd aparılması anlamına gəlir, halbuki bu barədə qərar qəbul edilməmişdir. Ona görə də yuxarıda göstərilmiş əsaslar olmadığı təqdirdə iş və xidmət sahələrindən istifadənin məhdudlaşdırılması, 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarın əlavəsində verilmiş iş və xidmət sahələrində çalışan işçilər üçün peyvənd aparılması öhdəliklərinin onların razılığı nəzərə alınmadan qoyulması Konstitusiyanın 151-ci maddəsinin, yuxarıda qeyd edilmiş qüvvədə olan qanunların və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına uyğun gələn hesab edilə bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitutsiyasının 8ci maddəsinin İİİ hissəsinə, 12-ci maddəsinin İİ hissəsinə, 148-ci maddəsinin İİ hissəsinə, 151-ci maddəsinə, Azərbaycan Respublilkasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin 7-ci maddəsinə, 23-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 3, 32, 45, 46-cı maddələrini rəhbər tutaraq, xahiş olunur: AR Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarı hüquq və vəzifələrimizlə bağlı olduğu üçün qərarın mətni Konstitutsiyanın 151-ci maddəsinin, yuxarıda qeyd edilmiş qüvvədə olan qanunların («Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» və «Sanitariyaepidemioloji salamatlıq haqqında» AR qanunlarının) və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin («Ümumdünya İnsan Hüquqları Bəyannaməsi», Avropa İnsan Hüquqları Konvensiyası) müddəalarına uyğun olaraq aşağıdakı kimi dəyişdirilsin: 2.5-5.1-ci bəndinin mətni dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin: “dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması israrla xahiş olunur”. 2.5-5.2-ci bəndinin mətni dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin: “Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin peyvənd olunması israrla xahiş olunur; 2.5-5.3-cü bəndi əvvəlki qərarlarda qeyd edildiyi kimi qapalı məkanda təklif edilən xidmətlərdən istifadəyə qoruyucu maskalardan istifadə şərti ilə icazə verildiyi üçün qərarın mətnindən çıxarılsın. Sözügedən qərara edilmiş əlavənin başlığında “və ya immunitet sertifikatının tələb olunduğu” ifadəsi çıxarılsın və aşağıdakı kimi verilsin: “işçilərinin covid-19-a qarşı peyvənd olunmasının israrla xahiş olunduğu iş və xidmət sahələri”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi vəə iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.6) AR Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (2.2.8) bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; (2.2.9) «Banklar haqqında» AR Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, mövcud qanunvericilik inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dairəsini konkret müəyyən etmişdir və bu iddiaların sırasına “mübahisələndirmə haqqında” iddialar da daxildir. Həmçinin nəzərə alınmalıdır ki, “mübahisələndirmə haqqında” iddialarla şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi mümkündür. Hazırkı iş üzrə isə, iddiaçı onun da hüquq və vəzifələri ilə bağlı olduğunu iddia edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli qərarının dəyişdirilməsini tələb edir. Lakin məhkəmənin qənaətinə görə hazırkı tələbə “mübahisələndirmə haqqında” iddia qismində baxıla bilməz. Bu qənəat ondan irəli gəlir ki, AR Nazirlər Kabineti tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində qəbul edilmiş qərarları, göstərişləri və digər aktları inzibati icraatın nəticəsi üzrə akt sayıla bilməz. Bu qərarlar inzibati aktın qanunla müəyyən edilmiş əlamətlərini daşımadığından, inzibati akt kimi qiymətləndirilmir, həmçinin həmin qurumun sözügedən məsələ ilə bağlı digər hərəkətləri «İnzibati icraat haqqında» AR Qanununun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər tutulmur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə hazırkı iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9819/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9819/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver