Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-982/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********164672 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini Toğrul Quliyevin xx.xx.2022- ci il tarixli **********164672 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə iddiaçının 2016-cı ilin mart ayından 2023-ci ilin yanvar ayınadək olan dövrü üçün vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaşı hesab edir ki, həmin inzibati akt qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasl Vergi Məcəlləsinin 36.3-cı maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İddiaçının fəaliyyəti 2017-ci ilin avqust ayından 2020-ci ilin 3-cü rübünədək yoxlanılmış və bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli **********140176 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Lakin bütün bunlara baxmayaraq vergi orqanı tərəfindən heç bir əsaslandırılma aparılmadan hazırkı dövrdən əvvəlki 7 illik fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar iddiaçının bilavasitə hüquqlarını pozur və qanunla qorunan mənafelərinə toxunur. Hazırda mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu inzibati aktdan əvvəllər məhkəməyə şikayət verilməmişdir. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********164672 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı vergi orqanının özü tərəfindən və həmin qərarın açılmasına əsas olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Telman Mustafayevin ********* saylı cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə ləvğ edilmişdir. Heç bir yeni əsas olmadığı halda təkrarən vergi orqanının özü tərəfindən qanunsuz və əsassız hesab edilmiş qərarın yenidən açılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddiaya dair yazılı münasibətini (vəsatət) məhkəməyə təqdim etmişdir. Münasibət məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nöməli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Eyni zamanda, adı çəkilən Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsində aralıq inzibati akta “konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt" kimi anlayış verilmişdir. Hazırkı iş üzrə də yoxlamanın təyin edilməsi barədə qərar adından da göründüyü kimi yoxlamanın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Yoxlamanın təyin edilməsi barədə qərar inzibati akt hesab edilmədiyindən həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının özünün istinad etdiyi İnzibati Prosessual Məcəllənin maddələri də aralıq inzibati aktın deyil, inzibati aktın mübahisələndirilməsi imkanını nəzərdə tutur. İPM-nin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olän müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçiriiməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Verilmiş şərhə uyğun olaraq iddiaçının mübahisələndirdiyi qərarın onun üçün hüquqi nəticələr yaradılmasına münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmin Məcəllənin müvafiq olaraq 38.1, 39.1 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydalara görə, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul ediləndən sonra yoxlama həyata keçirilir, onun nəticələri aktla rəsmiləşdirilir və daha sonra yoxlamanın nəticələrinə dair materiala baxılaraq qərar qəbul edilir. Yalnız Məcəllənin 49.1.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Aparılmış qiymətləndirmə ilə müəyyən olunur ki, inzibati aktın əsas əlamətlərindən biri olan element - inzibati aktın hüquqi nəticələr yaradılması mübahisələndirilən qərara münasibətdə mövcud olmamışdır. Belə olan halda isə səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilə bilməz və onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Çünki İPM-nin 35.1 -ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda formalaşmış məhkəmə təcrübəsində analoji iddialar məhkəmələr tərəfindən qeyri-mümkün sayılır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı iddia ərizəsini prosessual pozuntuya yol verməklə tərtib etdiyindən iddia tələbi mümkünsüz sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli, **********168967 №-li Qərar qəbul edilmiş və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, hüquqi şəxs "Magnum- A” MMC-də Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilərək, nəticəsi xx.xx.2021-ci il tarixli **********40176 nömrəli “Səyyar vergi yoxlaması” aktı ilə rəsmiləşdirilmiş və qeyd edilən akt əsasında xx.xx.2021 -ci il tarixli **********150498 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” Qərar qəbul edilmişdir. Həmçinin əlavə olaraq qeyd etmək istəyirik ki, hazırda MMC-nin 2016-cı ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan fəaliyyəti Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli **********168967 nömrəli qərarı ilə yoxlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1-2.1-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı ərizəyə inzibati məhkəmə məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. İddia ərizəsindən məlum olur ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********164672 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" aktının (qərar) ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərar inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Çünki səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati orqan yəni, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən qəbul edilərək səyyar vergi yoxlanmasının başlanmasını nizama salmış, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamış konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Mübahisələndirilən qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır və səyyar vergi yoxlamasının gedişində qəbul edilən yeganə inzibati akt yoxlamanın nəticələri üzrə qəbul edilən qərardır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Yekun nəticə olaraq məhkəmə hesab edir ki, növbədənkənar səyyar vergi yoxlamasının başlanması barədə qərarı iddiaçı onun üçün hüquqi nəticə yaradacaq və Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul olunacaq qərarla birgə mübahisələndirdiyi təqdirdə iddia bu əsasda mümkün hesab edilə bilər. Hazırkı halda isə iddiaçının iddia ərizəsində mübahisələndirdiyi akt inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddia tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-982/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-982/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver