Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9820/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin Binəqədi Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailə üzvləri ilə birgə uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Onlar Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadırlar. Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadıqları fərdi yaşayış evinə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi verilməsi üçün müraciət etmişdirlər. Lakin Binəqədi Rayon Polis İdarəsi cavab məktubu ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini əsas gətirərək müraciətdən imtina etmişdir. Binəqədi Rayon Polis İdarəsinin qeyd olunan əsaslarla müraciətdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edilməsi əsasları nəzərdə tutulan hallardan hər hansı biri olmadan, bununla da qanuni əsas olmadan onların daimi olaraq yaşadığı evə pasport qeydiyyatına alınmasından imtina edilməsi nəticəsində, yaşayış yeri üzrə uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin imtinası əsassız hesab edilməli və onlar faktiki olaraq yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanı üzrə pasport qeydiyyatına alınmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 20.09.2021-ci il tarixli, 059-34507-1221 nömrəli məktubunda məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı2 ünvan 4 ünvanında qeydiyyatdadır. -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1972-ci il təvəlüdlü İddiaçı1 ünvan 5 ünvanında qeydiyyatdadır. -29.04.1995-ci il tarixli, Vİ-ЖГ № 449449 saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı2 ilə İddiaçı1 29.04.1995-ci ildə nikaha daxil olmuşlar. -ƏN-İ № 107828 saylı etibarnaməyə əsasən X8 Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5024, ev 14, mənzil 38-də İddiaçı2 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03.02.2006-cı il tarixli 54 №li qərarına əsasən ona məxsus olan 300,00 (üç yüz) kv.metr torpaq sahəsi üzərində eyni zamanda gələcəkdə yerləşən tikiləcək tikinti üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. Həmin etibaməmə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 15 aprel 2058-ci ilədək qüvvədədir. -Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03.02.2006-cı il tarixli 54 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 1016 saylı 09.11.2004-cü il tarixli qərarı ilə Bakı şəhər sakini X5 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış 600,0 kv.metr torpaq sahəsindən 300,0 kv.metri öz adında qalmaqla, 300 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən X5 adından ünvan 6 ünvanında yaşayan X4 adına sənədləşdirilməsi qərara alınmışdır. -Bakı şəhəri X1 gəlirləri və yerli vergilər şöbəsinin müfəttişinin tərtib etdiyi 07.12.2020-ci il tarixli aktında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı2 ərizəsi əsasında yaşadığı yerə baxış keçirilmiş və Binəqədi yolu, döngə 2 ünvanında 3 nəfər qeydiyyatsız yaşayan X16, X17, Əliyev Əsgər sakinlərinin təsdiqi ilə təyin edilmişdir ki, İddiaçı2 həqiqətən bu ünvanda qeydiyyatsız yaşayır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2562/2020 nömrəli, 04.06.2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş cavabdehlər İddiaçı2, İddiaçı1, X11, X2, İddiaçı2 Arif oğlu, X3 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 87 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqları itirilmiş, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı X9 aid edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İddiaçı2 müraciətinə cavab olaraq ünvanladığı 20.08.2021-ci il tarixli, 059- 29888A nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən sizin və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massiv, döngə 3 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırılır ki, bu məsələ ilə bağlı sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanında yaşadıqlarını əsas gətirərək faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunmadığını əsas gətirərək iddiaçılara imtina cavabı vermişdir. Hazırda iddiaçılar cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanına qeydiyyata alınmalarını inzibati məhkəmə icraatında mübahisələndirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçılar yaşayış yeri üzrə qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. İddiaçıların qeydiyyata alınmasını istədikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. İddia ərizəsinə əlavə edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X5 adından X4 adına sənədləşdirilməsi ilə bağlı bələdiyyə qərarı və X4 həmin torpaq sahəsi ilə bağlı idarə səlahiyyətlərinin İddiaçı2 etibar edilməsi ilə bağlı etibarnamə iddiaçıların həmin fərdi yaşayış evinə dair hüquqi bağlılığını ifadə edən hüquqmüəyyənedici sənədləri ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Hazırkı işdən müəyyən olunur ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etsələr də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi yoxdur. Halbuki, şəxsin qeydiyyatı daşınmaz əmlakın yerləşdiyi döngəyə (küçəyə) deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvanı üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə iddiaçılar isə qeydiyyata alınmaq istədikləri evlə bağlı hüquqlarını təsdiq edən sənədi (order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi) və yaxud həmin evə müvafiq sənədlərlə hüququ olan şəxsin ərizəsini təqdim etməmişlər. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqan düzgün olaraq iddiaçıların müraciətini təmin etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, döngə 3 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9820/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9820/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver