Məhkəmə qərarları › İş №2-1(112)-9821/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9821/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9821/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı siyahıya daxil edilmə, müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı siyahıya daxil edilmə, müavinətin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə cavabdehlər qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Hazırkı iş üzrə verilmiş iddia ərizəsi isə prosessual həmiştirakçılığa yol verilən mümkünlük şərtlərinə uyğun olmadan, ayrı-ayrı tələblərlə iki cavabdehə qarşı yönəldilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddianın bir qismi vahid aylıq müqavinətin ödənilməsi ilə bağlı siyahıya daxil edilmə, digər hissə isə son 3 il də daxil olmaqla müavinətin ödənilməsi ilə bağlıdır. İddia siyahıya daxil edilmə hissəsində yerli icra hakimiyyəti orqanına, müavinətin ödənilməsi hissəsində isə Dövlət Komitəsinə qarşı qaldırılmışdır. Halbuki, Bakı İnzibati Məhkəməsinin iş materiallarında mövcud olan 30 sentyabr 2022-ci il tarixli qərardadında iddia mümkün sayılmamış və iddiaçıya izah edilmişdir ki, vahid aylıq müavinətin ümumiyyətlə ödənilməsi Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələdir. Bu səbəbdən də, həmin tələbə münasibətdə Komitə cavabdehlik daşımır. Adıçəkilən Məhkəmə qərardadında həmçinin, qeyd edilmişdir ki, iddiaçının adıçəkilən iddiası çatmaq istədiyi məqsədə də uyğun olmamışdır. Müavinətin ödənilməsinə münasibətdə də izah edilmişdir ki, həmin səlahiyyətlər yerli icra hakimiyyəti orqanına aiddir. İddiaçı isə həmin hallar nəzərə alınmadan yenidən müavinətin verilməsi barədə iddianı da məhkəməyə yenə həmin cavabdehə qarşı irəli sürmüş, həmçinin həmin iddiaya siyahıya daxil edilmə barədə yeni tələb irəli sürərək cavabdeh qismində hazırkı iş üzrə yerli icra hakimiyyətini də qeyd etmişdir. Halbuki, istər siyahıya daxil edilmə, istər müavinətin ödənilməsi məsələsi yerli icra hakimiyyəti orqanının səlahiyyətindədir ki, məhkəmə həm cavabdehlər siyahısında Komitənin çıxarılması, siyahıya müavinətin ödənilməsi üçün daxil edilmə tələbinin yerli icra hakimiyyətinə qarşı tələbin dəqiqləşdirilməli olması və tələb dəqiqləşdirildikdən sonra da işin aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə göndərilməsi tərəfin diqqətinə çatdırılmış, lakin iddiaçı bunların heç birinə əhəmiyyət vermədən iddiaya mahiyyəti üzrə baxılmalı olmasını tələb etmişdir. Halbuki, İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu səbəbdən də tələbin müavinətin ödənilməsi hissəsində cavabdeh Komitəyə qarşı olması və buna məhkəmə tərəfindən artıq qiymət verilməsi səbəbindən mümkünlüyündən söhbət gedə bilməz. İddiaya cavab verməli olan orqan kimi yerli icra hakimiyyətinə qarşı ərazi ilə bağlı aidiyyət qaydaları pozulması səbəbindən də məhkəmə açıq-aşkar onun səlahiyyətində olmayan iddiaya baxmağa da özünü səlahiyyətli saymadığından, hesab edir ki, hazırkı formada prosessual həmiştirakçılıq formasında tələblərin bir icraatda birləşdirilməsi də yol verilməzdir. Təsadüfi deyildir ki, T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Göründüyü kimi iddianın ərazi və predmet aidiyyəti xüsusi müstəsna hallarda mümkünlük şərti kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhz həmin əsas mövcuddur. Belə ki, iki cavabdehə qarşı iddianın verilməsi, bir tələbin açıqaşkar mümkünsüzlüyü digər tələbin isə ərazi aidiyyəti baxımından başqa məhkəməyə aid olması, prosessual həmiştirakçılığa ümumiyyətlə yol verilməməsi nəzərə alınmalı, məhkəmə bir hissədə iddianın mümkün saymayıb, digər hissədə aidiyyəti üzrə göndərə bilmədiyindən, ümumiyyətlə hazırkı məhkəmədə baxılmamalı olan iş üzrə iddia mümkün sayılmamalıdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, mümkünlük şərtlərinin ödənilməməsi, həmçinin subyektiv hüququn mövcudluğu baxımından da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir; 28.3-cü maddəsinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. İPM-in 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. MPM-in 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Məhkəmə, yuxarıda sadalanan normaların tələblərini sistemli şəkildə təhlil edərək qeyd edir ki, X2 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan şəxsin publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Hazırkı iş üzrə verilmiş iddia da isə iddia İddiaçı tərəfindən qaldırılmış, iddiaçı qeyd olunan müddəanın tələbini pozmuş, iddiaçı yetkinlik yaşına çatmasa belə X2 qeyd edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin № 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Hazırki inzibati iş üzrə icraatda isə bilavasitə Ə.N qızı iddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ uşaqlarının hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Hansı ki, Nəcibə Əşrəfova bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər. Göstərilmiş məsələyə isə apelyasiya məhkəməsi tərəfindən hər hansı hüquqi qiymət verilməmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2005-ci il təvəllüdlü N.V oğlunu iddiaçı qismində icraatda bilavasitə iştiraka cəlb etməli, hüququnun pozulduğu iddia edilən şəxsin hüquq və vəzifələrinə dair məsələni onun özünün iştirakı ilə həll etməlidir. Göründüyü kimi, hazırkı iddia üzrə subyektiv hüququn mövcudluğu ilə bağlı da şərt pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar