Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-983/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Şəmsəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəmsəddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 19.06.1978-ci il tarixdən 1983-cü ilin dekabr ayına gədər olan dövrün əmək stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-745/2020 saylı 15.04.2020-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Şəmsəddin oğlu xx.xx.1962-ci il tarixdə Dəvəçi rayonunun Gil-Gil kəndində doğulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdeh orqana təqdim etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilərək göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmçinin göstərilmişdir ki, 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. Belə ki, iddiaçı əmək fəaliyyətinə 19.06.1978-ci il tarixində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən Lenin adına üzümçülük sovxozunda başlamış, bu barədə Siyəzən rayon Dövlət Arxivindən arayışın almışdır. Həmin sovxozda hərbi xidmətə qədər işləmiş, iddiaçı 1981- 1983-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1983 - cü ildən “xxxx” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X1 işə qəbul olunub 08.05.1985-ci il tarixindən indiyə kimi teplovoz maşinisti köməkçisi peşəsində 35 il işləmişdir. 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 27 il təşkil edir. Lakin cavabdeh orqan onun sovxozda işləməyini və əsgərlik xidmətində oldugunu nəzərə almayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007 ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü dəmiryol işçiləri bölümündə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri bu hüquqların oldugunu göstərir. İddiaçı hesab edir ki, 01.01.2006-cı il tarixədək pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan 57 yaşa çatdığından onun ərizəsinə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 19.06.1978-ci il tarixdən 09.11.1983-cü ilədək olan dövrün əmək stajına daxil edilməklə ona 12.12.2019cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddiası ilə aşağıdakı səbəblərdən razı deyil. İddiaçı iddia ərizəsində qeyd etdiyi iddia tələbini təsdiq etmək məqsədi ilə əmək kitabçası, hərbi biletinin surətini və Siyəzən rayon Dövlət Arxivinin 30 avqust 2019-cu il tarixli 67 saylı arayışını təqdim etmişdir. Əmək kitabçasından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə 26.12.1983-cü il tarixində başlamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək onun ümumi iş stajı 22 il 05 gün təşkil etmişdir. Hərbi biletindən göründüyü kimi, iddiaçı 18.11.1981-09.11.1983-ci il tarixədək Sovet Ordusunun tərkibində hərbi xidmətdə olmuşdur. Siyəzən rayon Dövlət Arxivinin 30 avqust 2019-cu il tarixli 67 saylı arayışından göründüyü kimi, iddiaçı 19.06.1978, 09.07.1978 və 18.06.1980-ci il tarixlərində 7 nömrəli üzümçülük sovxozunda mövsümü (daimi deyil) fəhlə kimi qəbul edilmişdir. Arayışdan göründüyü kimi, işdən azad olunması barədə əmrlər aşkar edilməmişdir. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı həmin müddətlərdə mövsümü işçi olmuş və qeyd edilən sovxozda üç il ərzində hər dəfə mövsümü işə qəbul edilmək məqsədi ilə ərizə ilə müraciət etmişdir. Soxvozun üzümçülük soxvozu olması və iddiaçının işə qəbul edilmə müddətinin iyun-iyul aylarında olmasını nəzərə alaraq demək mümkündür ki, iddiaçı həmin sovxoza məhz üzüm yığılması zamanı mövsümü fəhlə kimi işə cəlb edilmişdir. Odur ki, onun qeyd edilən sovxozda işləməsi müddəti tam üç il kimi gəbul edilə bilməz. Belə ki, o həmin sovxozda fəhlə kimi işə qəbul ediləcəyi təqdirdə onun əmək kitabçasında bu barədə mütləq qeydiyyat aparılmalı idi. Beləliklə yuxarıdan göründüyü kimi, iddiaçının hərbi xidmədə olduğu müddəti də hesablamaqla 01.01.2006-cı ilədək ümumi iş stajı 23 il 11 ay 26 gün olmuşdur. İdarənin 07.01.2020-ci il tarixli **********3 saylı imtina məktubu onunla əsaslandırılıb ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. İdarənin imtinası ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Belə ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 9.8-ci maddəsi (Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. Vətəndaşların pensiya təminatı haqqınd”Qanunun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 57, ümumi staj 25 il, xüsusi staj 12 il 6 ay müəyyən edilmişdir. Lakin göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən azdır və cəmi 23 il 11 ay 26 gündür. Məlum olduğu kimi, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, ƏPQ-nin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. ƏPQ-nin 1.0.8. fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı- müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. İdarənin imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələhnin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11 -ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 55 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, İddiaçının 57 yaşının tamam olduğu 12.12.2017-ci ildə, 60 il olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, İddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 180 aya (144 ay + 36 ay) bölünməlidir. 96 ay İddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 57 yaşla ƏPQ- nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 60 il ay arasındakı fərqdir (60 il - 57 il = 3 il). Beləliklə, İddiaçıya aid fərdi hesabdaki məbləği 180 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan və minimum pensiya təyin edilməsinə imkan vermir. Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq İddiaçı Şəmsəddin oğlunun iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Siyəzən RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Şəmsəddin oğlu xx.xx.1962-ci il tarixdə Dəvəçi rayonunun Gil-Gil kəndində doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1962-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Şəmsəddin oğlu 2169 nömrəli, 28.12.1983-cü il tarixli əmrə əsasən 26.12.1983-ci il tarixdən A.A.Cəfərov adına xxxx X3 teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər birinci dərəcə ilə işə qəbul olunmuş, 783 nömrəli, 07.06.1984-cü il tarixli əmrlə 01.06.1984-cü il tarixdən teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər ikinci dərəcəsi verilmiş, 1639 saylı 07.12.1984-cü il tarixli əmrə əsasən 01.12.1984-cü il tarixdən teplovoz hərəkət qatarlarının təmiri üzrə çilingər üçüncü dərəcəsi verilmiş, 553 saylı 08.05.1985-ci il tarixli əmrlə 08.05.1985-ci il tarixdən Sumqayıt stansiyasına teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 268/k saylı 07.07.2015-ci il tarixli əmrə əsasən 07.07.2015-ci il tarixdən H.Z.Tagıyev stansiyasına teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, və hal-hazırkı tarixədək əmək fəaliyyətini davam etdirir. - “xxxx” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2 iddiaçıya verdiyi arayışdan görünür ki, işə qəbul olunub: 08.05.1985- ci il tarixindən – 24.12.2019cu illərdə teplovoz maşinisti (Əmr 553, 08.05.1985). Ümumi: Teplovoz maşinisti köməkçisi peşəsində iş stajı 37 il, 07 ay, 15 gün təşkil edir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarlarına uyğundur. Nəqliyyat 21.4. - Siyəzən rayon Dövlət Arxivinin iddiaçıya verdiyi 30 avqust 2019-cu il tarixli 67 saylı arayışdan və məhkəmə sorgusuna əsasən 11 avqust 2020-ci il tarixli 26 saylı məktubla ünvanlanmış sənədlərdən göründüyü kimi, iddiaçı 19.06.1978-ci il (əmr 106 əsas fond 5, siyahı 2, iş 27), 09.07.1979-cu il (əmr 113, əsas fond 5, siyahı 2, iş 30), və 18.06.1980-ci il (əmr 85, əsas fond 5, siyahı 2, iş 32) tarixlərində Lenin adına üzümçülük sovxozunda 7 nömrəli üzümçülük briqadasında mövsümü fəhlə qəbul edilmişdir, onun qazandıgı əmək haqqları (cədvəllər əlavə olunmuş) aşagıdakı qaydada olmuşdur: 1978-ci ilin iyun, iyul, avqust ayları, 1979-cu ilin iyul, sentyabr, ilin sonu əlavə, 1980-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1981-ci ilin yanvar ayı üzrə. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı Şəmsəddin oğlu 18.11.1981-09.11.1983-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. -“xxxx” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X2 məhkəmə sorğusuna əsasən 30.10.2020-ci il tarixli 1058 saylı məktubla bildirmişdir ki, deponun teplovoz maşinist köməkçisi xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Şəmsəddin oğlu 08.05.1985- ci il tarixindən bu günə kimi teplovoz maşinisti köməkçisi peşəsində işləyir. (Əmr 553, 08.05.1985). Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 35 il, 03 ay, 21 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007 ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur, (bax NK-nin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarının 21.4-cü bəndi. Dəmiryol nəqliyyatı bölməsi “dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilər”). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarının 1 №-li əlavəsinin XXİ-ci fəslinin 12000000-ci göstəricisində “dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” ) qeyd edilməmişdir. -“xxxx” Qapali Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X5 tərəfindən məhkəmə sorğusuna əsasən 28.01.2021-ci il tarixli 18 saylı məktubla deponun teplovoz maşinist köməkçisi xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Şəmsəddin oğlunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarını 2 №-li əlavəsinin XXVİİİ fəslinin 1-ci yəni Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsinin “23001000—14241’’şifri ilə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri,“23001000—16878” şifri ilə teplovozlarda maşinist köməkçiləri vəzifəsi göstəricilərini nəzərə alaraq Nazirlər Kabinetinin1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı”nın qərarına uyğun olan 28 yanvar 2021-ci il tarixli 17 saylı arayışı məhkəməyə təqdim etmişdir. Arayışda göstərilir ki, ADY “QSC” İ qrup X5 üzrə İddiaçı Şəmsəddin oğlu xx.xx.1962-ci il təvəllüdlü İşə qəbul olunub: 26.12.1983-07.05.1985-ci illərdə hərəkət heyətinin təmiri üzrə çilingər (Əmr №2169, 26.12.1983), 08.05.1985-ci il tarixindən - bu günə kimi teplovoz maşinist köməkçisi peşəsində işləyir. (Əmr 553, 08.05.1985). Ümumi: Hərəkət heyətinin təmiri üzrə çilingər və Teplovoz maşinist köməkçisi peşəsində iş stajı 37 il, 01 ay, 01 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixi ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarlarına uyğundur. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 12.12.2019-cu ildə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncunun 07.01.2020-ci il tarixli, ********** saylı cavab məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 2006-cı il 1 yanvar tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinəuygun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Qanunun 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim etdiyini sənədlərdən göründüyü kimi fərdi hesabının sıgorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan vermir. Həmçinin göstərilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı Şəmsəddin oğlu pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların,peşələrin,vəzifələrin vəgöstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 12.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ fəslinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bölməsinin “23001000—14241” şifri ilə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, “23001000—16878” şifri ilə teplovozlarda maşinist köməkçiləri peşəsi təsbit olunmuşdur. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək toplamış, onun 57 yaşı 12.12.2019-cu il tarixdə tamam olmuş, cavab pensiya təyinatı orqanı isə iddiaçının 08.05.1985-ci il tarixindən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X1 teplovoz maşinisti köməkçisi peşəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasənhərbi (alternativ) xidmət və MüdafiəNazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik,daxili işlər,Dövlətsərhədinimühafizəvə Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının Lenin adına üzümçülük sovxozunda işlədiyi dövrün Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1978-1980-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının sovxozda işlədiyini bildirdiyi illər əmək kitabçası olmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında qeydlər olmasa da, onun 1978-1980-ci illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğu əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 12.12.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olansosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrəAvropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı Şəmsəddin oğluna 19.06.1978-ci il tarixdən 09.11.1983-cü ilədək olan dövrün əmək stajına daxil edilməklə 12.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Şəmsəddin oğluna 19.06.1978-ci il tarixdən 09.11.1983-cü ilədək olan dövrün əmək stajına daxil edilməklə 12.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-983/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-983/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver