Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9830/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan mənzilə dair İddiaçı adına verilmiş Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 65/3 saylı sərəncamı əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsi (ərizəyə istifadə hüququnun qeydiyyata alınması barədə razılıq ərizələri əlavə edilmişdir) icra olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi 93 saylı evin 26 saylı mənzili üzərində istifadə hüququ qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-ya mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Məmmədova (Tarverdiyevə) Xanım Yusub qızı xx.xx.1969-cu ildə Ermənistan SSR Ararat rayonunda doğulmuşdur. 1987-ci il 27 oktyabrda X11 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan üç övladı - xx.xx.1988-ci il təvəllüdlü Aynurə, xx.xx.1992-ci il təvəllüdlü Səkinə adlı qızları, xx.xx.2003-cü il təvəllüdlü İlqar adlı oğulları doğulmuşdur. 1992-ci ilə kimi Ermənistan SSR Ararat rayonunda yaşamışlar, öz evləri olmuşdur. Ermənilərin azərbaycanlıları öz ata-baba yurdundan qovduqları vaxt, məcbur olub oradan Bakıya gəlmişlər və Bakıda hazırda yaşadıqları evi Ermənistandakı evləri ilə dəyişdirmişlər. 1992-ci il 15 yanvar tarixində mənzilə dair əri X5 adına Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 170 saylı Sərəncam verilmişdir. Mərhum əri Tağı Məmmədov 21 sentyabr 2021-ci ildə ölmüşdür. Övladları mənzilə olan paylarından imtina etmişlər. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, onunla sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsini tələb etmişdir. Müraciət təmin edilmiş və sərəncam verilmişdir. Həmin sərəncam əsasında mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən çıxarış verilmişdir. Hazırda həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, imtina cavabı verilmişdir. İmtina əsassızdır. Belə ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq, hazırda mənzilə onun mülkiyyət hüquqlarının qeydə alınması üçün hər hansı məhdudiyyət qalmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanlara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.1987-ci il tarixli İİ-СЛ №406225 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.194-cü il təvəllüdlü X11 və xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.1987-ci ildə rəsmi nikaha daxil olmuşlar, bu barədə nikah haqqında aktların reyestr kitabında 46 nömrə ilə qeyd aparılmış, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. -“Vətəndaşların qeydiyyata götürülməsi haqqında” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 170 saylı sərəncamından görünür ki, Ermənistan Respublikasından daimi yaşayış yerlərini məcburi tərk edərək Bakı şəhərinə gəlmiş, Ermənistandakı evinin dəyişdirilməsi barədə notarius qaydasında təsdiq edilən vəkalətnamə almış və hal-hazırda həmin mənzillərdə yaşayan vətəndaşlar aşağıdakı siyahıya uyğun olaraq daimi pasport qeydiyyatına alınmışlar: -16. X11, ailə tərkibi: üç nəfər (özü, arvadı, uşağı). Ünvan: Serebrovski qəsəbəsi, Kirov küçəsi, ev 93, mənzil 26. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.2003-cü il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdən hazıradək, xx.xx.1988-ci il təvəllüdlü X7 xx.xx.2005-ci il tarixdən hazıradək, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.1964-cü il təvəllüdlü X11 xx.xx.1992-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. -xx.xx.2021-ci il tarixli AZ-İİ №216677 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 65/3 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi (keçmiş Serebrovski qəsəbəsi, Kirov küçəsi), 93 saylı evin, yaşayış sahəsi 37,04 kv. metr olan 3 otaqlı 26 saylı mənzilində İddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 170 saylı sərəncamına əsasən həmin ildən qeydiyyatda olmaqla 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) yaşayır. İddiaçı əri X11 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (əsas: ölüm haqqında şəhadətnamə AZ-İİ № 216677, xx.xx.2021-ci il). Vətəndaş İddiaçı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı Sərəncamına əsaslanaraq İcra Hakimiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 93 saylı evin, yaşayış sahəsi 37,04 kv. metr olan 3 otaqlı 26 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmış, vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. - X3 və X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən mənzilin anaları İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən bina 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 137 saylı MKlS-nin xidmət dairəsindədir. Qeyd edilən yaşayış binası və orada yerləşən 26 saylı mənzil dövlət mənzil fonduna aiddir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 93-də yerləşən 26 saylı mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Hüquqmüəyyənedici sənəd üzrə otaqların sayı 3, ümumi sahəsi 63,74 kv.metr, yaşayış sahəsi 37,04 kv.metr, faktiki otaqların sayı 3, ümumi sahəsi 63,74 kv.m., yaşayış sahəsi 37,04 kv.metrdir. İcazəsiz tikililər yoxdur. Beləliklə, işin istinad olunan hallarından görünür ki, 1992-ci ildə Ermənistandakı evinin dəyişdirilməsi barədə notarius qaydasında təsdiq edilən vəkalətnamə almış iddiaçı və ailəsinin yaşadığı 26 saylı mənzilə qeydiyyata alınması qərara alınmış, iddiaçı həmin tarixdən etibarən həmin mənzildə yaşamaqla təsərrüfat aparmış, 2022-ci il tarixdə mənzilin balanssaxlayıcısı iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. İddiaçı hazırda həmin sənədlərə istinad edərək 26 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının təqdim etdiyi sərəncamın xx.xx.2022ci il tarixli olmasına, buna görə də hüququnun xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçıya həmin tarixdən əvvəl verildiyini nəzərə almamışdır. İddiaçıya mübahisəli mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək iddiaçının mənzilin icarədarı olması barədə qərar olmasa da, iddiaçının 1992-ci ildən həmin mənzilə köçməsi, müvafiq yerli icra hakimiyyətinin orqanının qərarı ilə yaşayış yeri üzrə qeydiyyata alınması, mənzildə təsərrüfat aparması, bu müddətdə həmin mənzildə yaşaması ilə bağlı hər hansı etirazın daxil olmaması iş materialları ilə təsdiq olunur. Bu isə iddiaçının icarədarla eyni hüquqlara, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir. Məhkəmə onu qeyd edir ki, mübahisəli mənzilə iddiaçının qeydə alınması barədə Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyətinin xx.xx.1992-ci il tarixli 170 saylı sərəncamında iddiaçının və onun ailəsinin mübahisəli mənzilə qeydiyyata alınmasının əsası kimi onların Ermənistandakı evinin 26 saylı mənzillə dəyişdirilməsi barədə notarius qaydasında təsdiq edilmiş vəkalətnaməyə istinad edilmişdir. Həmin vəkalətnamə iş materiallarına əlavə edilməsə də, məhkəmə inzbati aktın qüvvədə olmasını nəzərə alaraq həmin aktda göstərilənlərin həqiqiliyini qəbul edir və qeyd edir ki, bu hal mübahisəli mənzilin 2009-cu ildən əvvəl, qanuni əsaslarla iddiaçıya (onun ərinə) ayrılmasın sübut edir. O da qeyd olunmalıdır ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 saylı Fərmanının xx.xx.2006-cı il tarixədək qüvvədə olan 8-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən həmin Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin edilməsi tapşırılmışdı. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Çünki iddiaçının mübahisəli mənzilə istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, xx.xx.2022-ci il tarixli sərəncam həmin hüququn balanssaxlayıcı tərəfindən təsdiqindən ibarət olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 93 ünvanında yerləşən 26 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texnik pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9830/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9830/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver