Məhkəmə qərarları › İş №2-1(112)-9831/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9831/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9831/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********894000 nömrəli və xx.xx.2024-cü il tarixli **********615000 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********894000 nömrəli və xx.xx.2024-cü il tarixli **********615000 nömrəli və 2023-cü ilin mənfəət vergisi üzrə 3009291,8 manat məbləğində hesablanmış xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-41798/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin riskli kimi iddia etdiyi əməliyyatlar 2023-cü ilin fərqli-fərqli aylarında olmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərarla, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********617700 nömrəli qərarla, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********500000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunmasını əsas gətirərək iddiaçının əvəzləşmələrinin əsassız şəkildə ləğv etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki işxidmətlərin təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsi riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün isə operativ vergi nəzarəti və ya digər tədbirlə aparılan əməliyyatın mal (iş,xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (102)- 2233/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1 (102)-2208/2023 saylı və s. qərarlarında əks etdirilən mövqeyə görə: Alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, vergi orqanları tərəfindən 2024-ci ilin yanvar və fevral ayları üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi 2023-cü ilin fərqli-fərqli ayları üzrə vergi ödəyicisindəki uyğunsuzluqların olması ilə əlaqələndirmişdir. Lakin hesablamadan əvvəl göndərilən uyğunsuzluq məktubunda 2023-cü ilin fərqli-fərqli ayları üzrə elektron qaimələr olsa da, hesablama yanvar və fevral ayları üzrə aparılmışdır. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2023-cü ilin fərqli-fərqli ayları üzrə ƏDV məbləğini 1 ay üzrə hesablamışdır. ƏDV üzrə vergi hesabatı müddəti aylıq hesabatdır. Vergi hesabatı verilərkən həmin dövrdə fəaliyyət zamanı yaranan vergi öhdəlikləri barədə bəyannamə vermək mümkündür. Başqa sözlə bir hesabat dövrü üçün verilən bəyannamədə əvvəlki dövrlərdəki fəaliyyət zamanı yaranan vergi məbləğləri göstərilə bilməz. Bu səbəbdən də vergi orqanları tərəfindən ƏDV üzrə kameral vergi yoxlamaları aparılarkən hər ay üzrə aparılır. Lakin indiki hesablamaya baxılanda müəyyən edilir ki, vergi orqanları vergi ödəyicisinin fərqli-fərqli ayları üzrə ƏDV üzrə dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə vergilər hesablanmışdır. Bu isə qanunvericiliyə ziddir. Bundan başqa vergi orqanları bu hesablamanı aparmaqla sübut etməlidir ki, vergi ödəyicisinin 2024-ci ilin yanvar və fevral ayları üçün göstərilən məbləğ qarşılığında dövriyyəsi vardır. Lakin vergi orqanları heç bir araşdırma aparmadan vergi ödəyicisinə əsassız vergilər hesablamışdır. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********615000 nömrəli qərara münasibətdə- kameral vergi yoxlaması zamanı uçot baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 2024-cü ilin yanvar ayı əlavə dəyər vergisi bəyannaməsini vergi orqanına təqdim etmişdir. Təqdim edilmiş bəyannamədə elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar vergi ödəyicisi tərəfindən əldə edilmiş riskli elektron qaimə fakturaların əvəzləşməyə salınmasından ibarət olmuşdur. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********599400 nömrəli “********** - Əlavə dəyər vergisi - Yanvar 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyindən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********615000 nömrəli “********** ƏDV Yanvar 2024 Elektron kameral hesablama barədə Qərar" göndərilmişdir. xx.xx.2024-cü il tarixli **********894000 nömrəli qərara münasibətdə qeyd edilir ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 2024-cü ilin fevral ayı əlavə dəyər vergisi bəyannaməsini vergi orqanına təqdim etmişdir. Təqdim edilmiş bəyannamədə elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar vergi ödəyicisi tərəfindən əldə edilmiş riskli vergi ödəyicisindən əldə edilmiş riskli elektron qaimə fakturaların əvəzləşməyə salınmasından və ƏDV ödəyicisi kimi qeydiyyata durduğu vaxtdan xx.xx.2024-cü il tarix aralığında bank və ƏDV depozit hesabına həmçinin, online kassa aparatı ilə aparılmış əməliyyatlar zamanı daxil olmuş ƏDV məbləğinin büdcədən yayındırılmasından ibarət olmuşdur. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********343800 nömrəli “********** - Əlavə dəyər vergisi - Fevral 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyimdən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********894000 nömrəli “********** ƏDV Fevral 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-41798/2024 nömrəli qərara münasibətdə bildirilir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması üzrə aparılmış araşdırma zamanı təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, “Hüquqi şəxslər üzrə icarə” , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, “Nəqliyyat xərcləri”, “Digər xərclər”, “Royalti xərcləri”, “Sığorta xərcləri”, bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə “Ehtiyatlar”ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 15046460 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********913900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 3009291,8 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********136300 və **********127400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə 21923357,88 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" MMC (VÖEN **********), “Perazel EL" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmişdir. Adları qeyd olunan müəssisələr tərəfindən “Görülmüş iş və xidmətlər” adlı elektron qaimə fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalar üzrə qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün zəruri əsas vəsaitlərin (iqtisadi resursların) (maşın,avadanlıq, nəqliyyat vasitəsi, işçi və.s) olmadığı aşkar edilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin elektron qaimə-faktura əldə etdiyi vergi ödəyiciləri “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyiciləri altmoduluna daxil edilmişdir. Bununla bağlı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş və **********403600 nömrəli Qərar, “Perazel EL" MMC-yə xx.xx.2023-cü il tarixli **********393800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş və **********617700 nömrəli Qərar, "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********047000 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş və **********500000 Qərar göndərilmişdir. "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********310200 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Bundan başqa, əmtəəsiz əməliyyatların həyata keçirilməsi üçün təyinat olaraq göstərilən və tərəflər arasında olan müqavilələrin etibarsız əqd olması məsələsi də diqqətdə saxlanılmalıdır. İddia ərizəsinin İddiaçı MMC-nin əməliyyat apardığı vergi ödəyicilərinin sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınması və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələrin nəzərə alınmamasına münasibətdə bildirilir ki, iddiaçı və adı qeyd edilən müəssisələr arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olduğu vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlarda konkret faktlarla müəyyən olunmuşdur. Müvafiq əməliyyatların riskli, yəni əmtəəsiz əməliyyatlar olması faktları bu əməliyyatlar bitdikdən sonra aparılmış təhlil və araşdırmaların nəticəsində müəyyən edilir və qəbul edilmiş qərarlarda müvafiq nəticənin əldə edilməsi əsaslandırılır. İddiaçı MMC-nin əməliyyat apardığı vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********615000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, yanvar 2024-cü il üzrə 27.435,60 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********894000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, fevral 2024-cü il üzrə 53.425,90 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-41798/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2023-cü il üzrə 3.009.291,80 (3.904.750,37-895.458,57) manat əlavə vergi məbləği hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş, xidmətləri və mal alışını şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallardan müəyyən edilir ki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət və mal alışı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. İddiaçının qarşılıqlı əməliyyat etdiyi ödəyicilərinin fəaliyyətlərinin araşdırmaq öhdəliyi olmadığından və mallar, xidmətlər faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC, “Perazel EL" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmiş və xərcləri nəzərə almamışdır. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, “Perazel EL" MMC, "xxxx" MMC və "xxxx" MMC iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyatlar həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər və iddiaçı həmin hüquqi şəxslərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Alqı-satqı və iş, xidmət əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatları həyata keçirdiyi müəssisələr, iddiaçının alqı-satqı və iş, xidmət əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi və xərcləri nəzərə almaması əsassız olmuşdur. Həmçinin, işə əlavə olunmuş müqavilələrdən müəyyən olunur ki, iddiaçı digər şəxslərlə müqavilələri OVN tədbirindən əvvəlki tarixlərdə bağlamışdır. Cavabdehin əmtəəsiz hesab etdiyi əməliyyatlar üzrə OVN tədbiri keçirilməmiş, həmin əməliyyatların əmtəəsiz olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edirki, riskli hesab olunan müəssisələrin riskli hesab olunmasına səbəb olan hallar, o cümlədən təsərrüfat subyektlərinin uçota qoyulmaması, işçilərin müqaviləsiz işə cəlb edilməsi və sair bu kimi hallarla bağlı yaranan risklərə görə iddiaçıya əlavə vergi məbləğləri hesablana bilməz. Belə ki, bu hal həmin şəxslərin məsuliyyət kateqoriyasına aiddir və hər bu pozuntulara görə özləri fərdi şəkildə məsuliyyət daşıyırlar. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli iş üzrə qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına təfsir oluna və qiymətləndirilə bilməz. Yəni başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyi yaranmasının əsası kimi çıxış edə bilməz”. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın və iş, xidmətin alıcısına münasibətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın və iş,xidmətin alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların və iş, xidmətin faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1 -ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsbit olunmuşdur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1 -2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti-alışı, satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən alınmış xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi və xərcləri nəzərə almaması əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Belə ki, kameral qaydada ƏDV hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Lakin cavabdeh 2024-cü ilin yanvar və fevral ayları üçün ƏDV məbləği hesablanmasını 2023-cü ilin müxtəlif ayları üzrə vergi ödəyicisindəki uyğunsuzluqların olması ilə əlaqəlandirmişdir. Məhkəmə qeyd edir ki, ƏDV üzrə vergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********615000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********894000 nömrəli və 2023-cü ilin mənfəət vergisi üzrə 3.009.291,80 manat məbləğində əlavə vergi məbləğinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-41798/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********615000 nömrəli, xx.xx.2024-cü il tarixli, **********894000 nömrəli və 2023-cü ilin mənfəət vergisi üzrə 3.009.291,80 manat məbləğində əlavə vergi məbləğinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-41798/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar