Məhkəmə qərarları › İş №2-1(112)-9832/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9832/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9832/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın aylıq məbləğinin yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1956-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 08 oktyabr 1975-ci il tarixdən 01 noyabr 1977-ci il tarixinə kimi həqiqi hərbi xidmət keçmiş, 06 dekabr 1977-ci il tarixində “Xəzərneftflot” İdarəsində mühərrik ustasının köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamış və bu günə kimi dəniz donanmasında müxtəlif vəzifələrdə çalışmış, hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “A.Məmmədov” gəmisində kapitan vəzifəsində işləyir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçıya yaşa görə əmək pensiyası 12 iyul 2013-cü il tarixdən təyin olunmuşdur. Hazırda onun pensiyasının aylıq məbləği (sonrakı artımlar da nəzərə alınmaqla) təxminən 298,0 manat təşkil edir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən 13-cü maddənin “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Göründüyü kimi 57 yaşının tamam olduğu 12 iyul 2013-cü il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 37 il 7 ay 5 gün təşkil etmiş və həmin staj illərində tutduğu bütün vəzifələr yaşa görə güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxildir. Tələb olunan iş stajı 25 il olduğundan pensiya haqqının aylıq məbləği orta aylıq əmək haqqının 90 faizi miqdarında təyin edilməli idi (65 % + (37,5-25) x 2% = 65% + 25% = 90%). Lakin iddiaçıya təyin edilən pensiyanın aylıq məbləği bundan qat-qat azdır və ona görə də aylıq pensiya haqqının məbləği sözügedən Qanunun tələblərinə uyğun yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətə çatdırılır: iddiaçı 17 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, ona 6 iyun 2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa ve staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Göstərilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının onun ərizəsində göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə materiallarında olan 16.12.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş pensiya haqqının “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 03.03.2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, 6 iyun 2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ərizənizdə qeyd etdiyiniz əmək pensiyanızın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanızın ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçıya aid pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya 13.04.2013-cü il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17, 71-ci maddələrinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının qeyd etdiyi əsaslarla yenidən hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçının iddiasının hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla təyin edildiyini əsas götürərək təyin olunmuş pensiyasının elə həmin Qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən orta aylıq əmək haqqı əsasında hesablanmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində göstərilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bütövlükdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi deyil, yalnız yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Əmək haqqına əsasən pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmamışdır. Beləliklə, 01.01.2006-cı ildən qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17, 71-ci maddələrinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. Digər tərəfdən 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 13.04.2013-cü ildə təyin edilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi hər bir halda 01.01.2010-cu il tarixdən sonrakı dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, onun 01.01.2010-cu il tarixdən sonra yaranmış pensiya məbləği həmin tarixdən əvvəl qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablana bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş pensiyanın aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş pensiyanın aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar