Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9834/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinə qarşı “pul təminatının verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1982-ci il tarixdə anadan olub. O ailəlidir, iki övladı var və hazırda Nizami rayonunda kirayə yaşayır.xx.xx.1999-xx.xx.2003-cü il, xx.xx.2003- xx.xx.2004-cü il tarixlərdə, xx.xx.2004-xx.xx.2022-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur, polkovnik-leytenant İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi rəisinin sərəncamında, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə nazirinin xidmətində müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə göndərilmişdir. N saylı hərbi hissə tərəfindən ona hərbiçi kimi pul təminatı ödənilməli idi. Onun xidmətdə olduğu vaxtda ona əmək haqqı iki qat ödənilməli olduğu halda ona bir qat əmək haqqı verilmişdir. Belə ki, hərbidən ayrılarkən son bir ay əmək haqının yəni 850 manat əmək haqqının ona verilməli olduğu halda verilməyib. İddiaçı hesab edir ki, bu əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh Maliyyə Büdcə İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “2013-cü il dövründə 216 №-li h/h-də Taborun Qərargah rəisinin X1 rəisi vəzifəsində xidmət etdiyi zaman ödənilməli olan, lakin ödənilməmiş iki qat əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “2010-2013-cü il dövründə 216 №-li h/h-də Taborun Qərargah rəisinin köməkçisi X1 üzrə rəisi vəzifəsində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (2 (iki) qat) ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi – 2010-cu il dövründə 216 №-li h/h-də Taborun Qərargah rəisinin köməkçisi X1 üzrə rəisi vəzifəsində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (2 (iki) qat) ödənilməsi hissəsində mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə ödənilməmiş pul təminatının ödənilməsi ilə əlaqədardır. Doğrudur ki, hazırda qüvvədə olan prosessual qanunvericilikdə göstərilən növ iddialar üzrə iddia müddəti tətbiq edilməsə belə, iddia tələbinin bir hissəsi 2010-cu ildə iddiaçının 216 №-li h/h-də Taborun Qərargah rəisinin köməkçisi X1 üzrə rəisi vəzifəsində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (2 (iki) qat) ödənilməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının MPM-nin müddəaları, daha sonra isə Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş MPM-nin müddəaları əsasında həll olunurdu. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Göründüyü kimi inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddəti mövcud olmuşdur ki, hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməyən hissədə həmin müddətə riayət edilmədiyi aşkardır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı İnzibati Prosessual Məcəllə qəbul edilənədək 2010-cu ildə ona pul təminatının ödənilmədiyindən məlumatlı olmuşdur və ya məlumatlı olmalı olmuşdur ki, həmin ilə aid pulun hazırda ödənilməsi üzrə 24 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ilə müraciət edilməsi, iddia müddətinin hazırkı mübahisə üzrə tətbiqini zəruri edir. Belə ki, tələb pulun ödənilməsi ilə bağlı olsa belə, həmin pulun ödənilməsinin tələb etməsi ilə iddianın verilməsi arasında 15 ildən artıq müddət keçməsi mövcuddur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar və s ). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı halda 15 ildən sonra iddianın qaldırılması halında isə müddətin tətbiq edilməməsi, yuxarıda göstərilən iddia müddətinin tətbiq edilməsinin məqsədləri ilə uyğunsuzluq təşkil edir. İddia müddətinin tətbiqi lazımı intizamlılıq göstərilmədən verilən iddialara məhkəmənin mahiyyəti üzrə qiymətləndirməsinə imkan vermir. Konstitusiya Məhkəməsinin qərarlarıda da qeyd edildiyi kimi iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldırır və s Göstərilən mövqe məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1216/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə ona kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 1994-2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Ali Məhkəmənin 2-1(102)-1359/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da analoji mövqedən çıxış edilmiş, istifadə edilməmiş məzuniyyət üzrə ödənişlərin edilməli olmasına dair iddia müddəti ötürüldüyündən qeyri-mümkün hesab edilmişdir. 2-1(102)-1308/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ali Məhkəmə ezamiyyə xərclərinin ödənilməsinə dair iddianı mümkün hesab etməmiş və qeyd etmişdir ki, 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən mübahisələrin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1 (bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən, iddia tələbinin “N8-2010-cu illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiyası olaraq ödənilməsi hissəsi” ilə bağlı iddia müddəti ötürüldüyündən iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur Göründüyü kimi istifadə edilməmiş məzuniyyətlə və ezam xərcləri ilə əlaqədar ödənişlərin edilməsinə dair mülkiyyət hüququna dair göstərilən növ iddialar da müddət məhdudiyyətinin tətbiqini istisna etməmişdir ki, hazırkı mübahisə üzrə də iddia müddətinin tətbiqini istisna edilməməkdədir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddianın mümkünlük şərtlərinə cavab verməyən hissədə müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi - 2010-cu il dövründə 216 №-li h/h-də Taborun Qərargah rəisinin köməkçisi X1 üzrə rəisi vəzifəsində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (2 (iki) qat) ödənilməsi hissəsində mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələb - 2010-cu il dövründə 216 №-li h/h-də Taborun Qərargah rəisinin köməkçisi X1 üzrə rəisi vəzifəsində ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (2 (iki) qat) ödənilməsi hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9834/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9834/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver