Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9837/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) yeni məlumat vərəqinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-25- 19/2-Ə-7xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində öz əksini tapmadığına görə ona əmək pensiyasının təyin olunması üçün tərtib olunmuş MN-22776 nömrəli “Məlumat vərəqi”ndə qeyd olunmuş ödəniş növlərinin göstərilməsi Qanuna müvafiq hesab olunmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına görə, həmçinin bu məbləğlərin məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə, həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləği yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1997-2024-cü illlər dövründə həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2024-cü il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmış və hal-hazırda əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyə-Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilən iddiaçının adına tərtib edilmiş məlumat vərəqinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməmişdir. Hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 (iki) mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 (bir) misli miqdarında məzuniyyət pulu ödənilir və bu ödənişlər 2020-ci il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh iddiaçının aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək bildirmişdir ki, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri nizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri, adlarında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyırlar. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd etdiyimiz kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyil və aybaay ödənilmir. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçulara verilən bütün ödəniş növlərindən (“hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” istisna olmaqla), o cümlədən “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növündən tutulan məcburi sosial sığorta haqları hərbi qulluqçuların fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalında formalaşır və onlara pensiya təyin edilən zaman nəzərə alınır. Belə ki, hərbi quluqçuların əmək pensiyaları iki hissədən: sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. Məcburi sosial sığorta haqları hesabına toplanaraq və müvafiq qaydada hesablanaraq sığorta hissəsini təşkil edən pensiya məbləğləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qulluq stajına görə əlavəni təşkil edən pensiya məbləğləri isə dövlət büdcəsindən maliyələşdirilərək ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 401 Nömrəli Hərbi Hissə Komandirinin 329 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, hava hücumundan müdafiə X1 hava hücumundan müdafiə rəisinin zenit raket vasitələri üzrə baş köməkçisi polkovnik İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2024-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 02 dekabr 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə göndərilmişdir. Polkovnik İddiaçı 2024-cü ilin yanvar-noyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminat haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, Azərbaycan Republikasının Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 023 nömrəli əmri ilə "Usta məharət dərəcəsi"nin verilməsi və Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi qərara alınmışdır. Əmrə əsasən iddiaçıya 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilmiş, o, 2024-cü ilin növbəti məzuniyyətindən tam istifadə etmiş və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən xx.xx.2024-cü il tarixli MN-22776 nömrəli məlumat vərəqindən görünür ki, Hava Döyüş komandanlığının HHM X1 Hava hücumundan müdafiə rəsinin zenit raket vasitələri üzrə baş köməkçisi İddiaçı xx.xx.2024cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən tərxis edilmiş, onun həmin tarixə cəmi iş stajı və xidməti illəri 32 il, 09 ay, 18 gün təşkil etmişdir. İddiaçı təminat xərcliyi -vəzifə maaşı 1160 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə əlavə - 40 %- 527,60 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, “Usta” məharət dərəcəsinə görə - 35%-406 manat, Prezident əlavəsinə görə -20%-232 manat olmaqla, cəmi təminat xərcliyi 2548.60 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialinın 5 may 2025-ci il tarixli, 3-17-1/2-103167/2025 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində avtomatlaşdırılmış qaydada hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. İddiaçı hazırda hər il birdəfəlik ödəniş formasında aylıq vəzifə və rütbə maaşının 2 (iki) mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 (bir) misli miqdarında məzuniyyət pulu almasına istinad edərək, həmin vəsaitin də təminat xərcliyinə əlavə edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra -ƏPQ) əsasən: - maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; - maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. - maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; -maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;.. -maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən: - Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, ...və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. İstinad edilən normalardan görünür ki, qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçular xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox xidmət etmişlərsə, onların güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin şəxslərə pensiya təyin edilməsi üçün ilkin olaraq şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən onun müraciəti əsasında sonuncu xidmət keçdiyi orqan tərəfindən xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi tərtib edilir və bu məlumat vərəqi elektron qaydada qeydiyyata alınması məqsədilə Fonda ötürülür. İşdən görünür ki, iddiaçının sonuncu xidmət keçdiyi Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixdə iddiaçının hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqini Fonda təqdim etmiş, Fond isə iddiaçıya xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçı bu məlumat vərəqini mübahisələndirərək oraya hər il birdəfəlik ödəniş formasında aldığı aylıq vəzifə və rütbə maaşının 2 (iki) mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 (bir) misli miqdarında məzuniyyət pulunun da daxil edilməsini xahiş etsə də, məhkəmə iddiaçının bu tələbini əsaslı hesab etmir. Çünki ƏPQ-yə əsasən əmək pensiyası şəxsin əmək pensiyası təyin olunduqdan əvvəl aldığı aylıq əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir. Hərbi qulluqçunun əmək pensiyası təminat xərcliyinə əsasən hesablandığından onun məbləği də hərbi qulluqçunun aylıq aldığı pul məbləğinə əsasən müəyyən edilir. ƏPQ-də təminat xərcliyinə verilmiş anlayışdan da görünür ki, o, hərbi qulluqçuların aldığı aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Belə olan halda aydındır ki, hərbi qulluqçunun ildə bir dəfə aldığı məbləğ (istər qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, istərsə də hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım) onun təminat xərcliyinə daxil edilə bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin əsası kimi həmin məbləğlərin məcburi dövlət sosial sığorta haqqı tutulan ödənc olmasına istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı məbləğdən məcburi dövlət sosial sığorta haqqı tutulması özlüyündə onun birbaşa təminat xərcliyinə daxil edilməsi üçün kifayət hesab edilə bilməz. Çünki qanunun yuxarıda qeyd edilən normasının mənasına görə həmin ödənc həmçinin aylıq ödənişlərə aid olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin onun tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9837/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9837/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver