Məhkəmə qərarları › İş №2-1(112)-984/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-984/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-984/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X28 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin 07 oktyabr 2020-ci il tarixli **********8464 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarına əsasən vergi ödəyicisi olaraq barəsində operativ vergi nəzarəti təyin edilmiş və iştirakı ilə ünvan 1 ünvanında yerləşən «Plastik» istehsal sexində keçirilən operativ vergi tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərinə (xidmətlərin) yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt tərəfindən imzalanmışdır. Keçirilmiş operativ vergi vergi nəzarətinin nəticələri haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X48 tərəfindən **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında ona ümumilikdə 16000 (on altı min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X48 tərəfindən qəbul olunmuş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. O, ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları 27 dekabr 2015-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək dayandırmışdır. Həmin müddət ərzində işçilərlə əmək müqaviləsi bağlamaq hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs olmamışdır. X49 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus ərazidə «Plastik» istehsal sexi quraraq fəaliyyət göstərmək üçün həmin əraziyə müəyyən avadanlıqlar gətirmişdir. Eyni zamanda fəaliyyət göstərəcək sexdə istehsal prosesi üçün müxtəlif vətəndaşlardan işlənmiş plastik material tədarük olunmağa başlanmış və fəaliyyət göstərəcək sexdə işləmək üçün işçilər cəlb olunmağa başlamışdır. Bunun üçün müxtəlif dost və tanışlar vasitəsi ilə işçilər axtarmağa başlamışlar. Bir neçə gün ərzində işçilər gələrək yalnız görüləcək iş rejimi ilə şifahi tanış olmuş və onlarla əmək müqaviləsinin bağlanması şərtləri, müddətləri müzakirə olunmuşdur. İşçilərin müəssisə fəaliyyətə başladığı gündən əmək müqaviləsi bağlanacağı bildirilmişdir. "xxxx" ASC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən ərazini icarə götürməmiş və orada plastik sexi fəaliyyətə başlamamış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin əməkdaşları gələrək nə işlə məşğul olduqlarını soruşmuşlar. O isə yeni yaradacaqları plastik sexində işləmək üçün işçilərin cəlb olunduğunu və plastik material alındığını bildirmişdir. Həmin vaxt orada səkkiz nəfər şəxs olmuşdur ki, onlardan ikisi sexi üçün satmaq məqsədilə köhnə plastik materiallar gətirmişdilər. Qalan 6 nəfər şəxsdən Əliyeva Mülkücahan bacısı, Bağbanlı Kamil və Əliyeva Səyyarə ona yaxın şəxslər olmuşlar və onları sex fəaliyyətə başlayanda işə qəbul edəcəyini bildirdiyi üçün sexin qurulması ilə bağlı ona köməklik göstərmişlər. Həmin üç nəfər və digər üç nəfər faktiki olaraq sexdə fəaliyyət göstərməmişlər. Belə ki, sex fəaliyyətə başlamamışdır ki, orada kimsə fəaliyyət göstərsin. Vergi əməkdaşları sexin fəaliyyətə başlayacağı vaxt işçilərlə əmək müqaviləsi bağlamağın zəruri olduğunu bildirmişlər və ondan sexin fəaliyyətə başlayacağı ilə bağlı 300 manat da pul almışlar və bəzi sənədlərə imza etdirərək çıxıb getmişlər. X49 "xxxx" MMC-ni yaradaraq həmin direktoru olaraq "xxxx" ASC-nin sədri X41 ilə 10 oktyabr 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" ASC-nə məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m ərazini aylıq icarə haqqı 1200 manat olmaqla icarəyə götürmüşdür. Bundan sonra Əliyeva Mülkücahan, Bağbanlı Kamil və Əliyeva Səyyarə 27 oktyabr 2020-ci il tarixli, o isə 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən "xxxx" MMC-də işə qəbul edilmişdir. Eyni zamanda onlardan sonra müəssisədə işləmək üçün işçilər işə qəbul edilmişlər. 04 aprel 2021-ci il tarixdən 04 aprel 2026-cı il tarixədək ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları yenidən dayandırmışdır. 08 oktyabr 2020-ci il tarixdə o işəgötürən olmadığı halda onun işəgötürən kimi əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı barəsində əsassız maliyyə sanksiyası tətbiq olunmuşdur. Bundan başqa əgər həmin şəxslər həmin sexdə fəaliyyət göstərmişdilərsə, onda nə üçün vergi əməkdaşları onlardan izahat alarkən hansı işləri gördüklərini araşdırmamış, eyni zamanda nə üçün vergi əməkdaşları həmin işçiləri işləri yerinə yetirən zaman fotoşəkillərini çəkməmişlər. Çünki faktiki olaraq sex fəaliyyət göstərməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırmışıdır ki, iddiaçının tələbi etriaz edilir. İlk öncə bildirmək istəyirlər ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********8464 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2020-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2020-ci il tarixli DVX seriyalı 000611 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2020-ci il tarixli **********9329 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 16000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2020-ci il tarixli, **********383900 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 17:02-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz iddia ərizəsində fəaliyyətini xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırdığını, həmin müddət ərzində işçilərlə əmək müqaviləsi bağlamaq hüququna malik olmadığını bildirmişdir. Bununla əlaqədar bildirilir ki, fəaliyyətin dayandırılması əmək müqaviləsinin bağlanması üçün maneə təşkil etmir və əmək müqaviləsi bağlamaq hüququnu məhdudlaşdırmır, iddiaçının bu əsası sadəcə vergidən yayınmanı gizlətmək məqsədi daşıyır. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən ərazini icarə götürməmiş və orada plastik sexi fəaliyyətə başlamadan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X56 üzrə Baş İdarəsinin əməkdaşları gələrək nə işlə məşğul olduqlarını soruşmuş, o, isə yeni yaradacaqları plastik sexində işləmək üçün işçilərin cəlb olunduğunu və plastik material alındığını bildirmişdir. Həmin vaxt orada səkkiz nəfər şəxs olmuşdur ki, onlardan ikisi sex üçün satmaq məqsədilə köhnə plastik materiallar gətirmişdilər. Qalan 6 nəfər şəxsdən Əliyeva Mülkücahan bacısı, Bağbanlı Kamil və Əliyeva Səyyarə ona yaxın şəxslər olmuşlar və onları sex fəaliyyətə başlayanda işə qəbul edəcəyini bildirdiyi üçün sexin qurulması ilə bağlı ona köməklik göstərmişlər. Həmin üç nəfər və digər üç nəfər faktiki olaraq sexdə fəaliyyət göstərməmişlər. Bundan sonra Əliyeva Mülkücahan, Bağbanlı Kamil və Əliyeva Səyyarə 27 oktyabr 2020-ci il tarixli, o isə 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də işə qəbul edilmişdir. Eyni zamanda onlardan sonra müəssisədə işləmək üçün işçilər işə qəbul edilmişlər. Göründüyü kimi, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə, etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbirinə dair sənədlərdən də göründüyü kimi iddiaçı bütün materiallarla tanış edilmiş və bütün sənədlər sonuncu tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı iş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatında ünvan 4 ünvanında yerləşən 600 kv.m-lik istehsal sahəsini icarəyə götürməklə plastik tullantıların təkrar emalı ilə məşğul olduğunu, sexdə aşkar olunmuş 8 (səkkiz) nəfər işçi ilə işçilər tez-tez dəyişdiyinə görə əmək müqaviləsi bağlamadığını, işçiləri yoxladıqdan sonra müəyyən qismi ilə müqavilə bağlayacağını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. X11 xx.xx.2020-ci il tarixli izahatında ünvan 4 ünvanında yerləşən sexdə bir aydır fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, əmək haqqının 300-350 manat aralığında dəyişdiyini qeyd edərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini bildirmişdir. X4 eyni tarixli izahatında Sabunçu rayonu, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini qeyd etmişdir. X9 eyni tarixli izahatında Sabunçu rayonu, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, aylıq əmək haqqının 250 manat təşkil etdiyini bildirərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini qeyd etmişdir. X1 eyni tarixli izahatında İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, İddiaçı tərəfindən işə cəlb edildiyini, aylıq əmək haqqının 350 manat təşkil etdiyini qeyd edərək onunla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. X12 eyni tarixli izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən Sabunçu rayonu, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən plastik tullantıların təkrar emalı sexində fəhlə vəzifəsində çalışır, İddiaçı tərəfindən işə cəlb edilməmiş, aylıq əmək haqqı müəyyən edilməmişdir. İşçi Əliyeva Mülkicahan Bəkir qızı eyni tarixli izahatında Sabunçu rayonu, İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. X2 eyni tarixli izahatında ünvan 4 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini, onunla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. Vergi ödəyicisinin və işçilərin etirafedici izahatlarından da göründüyü kimi iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi ilə həm əmək, həm də vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X50 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına dair arayışlardan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək fəaliyyətini və əməliyyatlarını dayandırmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********464 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5, X39 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X51, X29, X35, X22 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 oktyabr 2020-ci il tarixli, KY201504861 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5, X39 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlayıcı şəxslər X51, X29, X35, X22 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. - Vergi əməkdaşları X51, X29, X35 və fərdi sahibkar İddiaçı tərəfindən tərtib edilərək imzalanmış “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000181 №-li protokolun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vergi orqanının əməkdaşları tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli, **********8466 №-li qərara əsasən fiziki şəxs İddiaçı (VÖEN**********) əmək müqavilələrinin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı işçilərlə əmək müqavilələri olmadığı üçün müqavilələri təqdim etməmişdir. - Vergi əməkdaşları X51, X29, X35 tərəfindən tərtib edilərək imzalanmış Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 000611 №-li aktdan görünür ki, İddiaçı (VÖEN**********2) iştirakı ilə Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi ev 5 ünvanında yerləşən plastik məmulatların istehsalı sexində 08 oktyabr 2020-ci il tarixdə, saat 12:15-də 8 (səkkiz) fiziki şəxs Aərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edirlmiş. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu məddəsinə əsasən maliyyə sanksiyasının tətbq edilməsi üçün əlavə tədbirlərin görülməsi təklif olunmuş, vergi ödəyicisinə işçilərlə əmək müqaviləsi bağladıqdan sonra işə cəlb edilməsi tövsiyə olunmuşdur. - Qeyd olunan akta əlavədən və əlavənin davamının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə fərdi sahibkar İddiaçı (VÖEN**********2) məxsus plastik məmulatların istehsalı sexində aparılmış operativ vergi nəzarəti nəticəsində X7 (AZE********), X30 (AA0922384), X23 (AZE********) və Əliyeva Mülkicahan Bəkir qızının (AZE********), X24 (AZE ********), X25 (AZE ********), X15 (AA 0411066), X5 (AZE ********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. - Vergi əməkdaşları X51, X29 və X35 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2020-ci il tarixli aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İqtisasiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri KSİBİ-nin xx.xx.2020-ci il tarixli, **********8464 nömrəli qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) məxsus ünvan 5 ünvanında yerləşən Plastik istehsalı sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hərh hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı tərəflətindən operativ nəzarət tədbiri keçirilmişdir. Tədbir zamanı f/ş İddiaçıa məxsus sexdə 8 (səkkiz) nəfər işçisinin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi müəyyə edilmiş və nəticəsi 000611 nömrəli aktla rəsmiləşdirilmişdir. Bildirmək istəyirlər ki, tərəflərindən müəyyən olunmuş 8 işçi şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim etmiş, lakin izahatlar alınan zaman f/ş-in işçsi X52 (AZE/AA09222384, FİN 7J3AX7C) heç bir ciddi səbəb göstərmədən obyekti tərk etmişdir. F/ş İddiaçı işçiyə zəng etsə də o telefonu söndürmüşdür. İddiaçı özü izahat verərək işçinin bu hərəkətinə qeyri-ciddi səbəblər gətirərək onun artıq işdən çıxdığını qeyd etmişdir. - İddiaçı xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən S.E.İ.M ərazisində 600 kv.m istehsal sahəsi icarəyə götürülməklə plastik tullantıların təkrar emalı ilə məşğul olur. Sexdə hal-hazırda ona aid 8 nəfər işçi aşkar olundu. Onlardan faktiki 6 nəfəri işə gəlib və işçilərin tez-tez dəyişdiyinə görə əmək müqaviləsi bağlamamışdır. Onun işinə peşəkarlar lazım olduğu üçün bir ay onları yoxlamışdır. Həm də iş ağır olduğu üçün işçilər dözə bilmədikdə buraxıb gedirlər. İşçiləri yoxlayandan sonra 5-6 nəfər saxlayıb onlarla müqavilə bağlayacaq. Nəzərə alınmasını xahiş edir. İş vaxtı saat 08:00-dan 18:00-a qədərdir. İzahatı özü yazmış, imzası ilə təsdiq etmişdir. X53 işi bəyənməyib çıxıb getmişdir. - X26 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 6 ünvanında yerləşən S.E.İ.M ərazisində yerləşən sexdə bir aydır ki, fəhlə qismində çalışır. Onu işə İddiaçı götürüb və aylıq əmək haqqısı 300 – 350 manat arasında. Qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədlərin müdriyyətə təqdim edəcəkdir. İş vaxtı həftənin beş günü saat 08:00-dan 18:00a qədərdir. İzahatı saat 12:15-də özü yazıb imzası ilə təsdiq etmişdir. - X8 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 6 ünvanında yerləşən S.E.İ.M ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində çalışır. Onu işə İddiaçı götürüb və əmək haqqısı 300 manat danışılıb. İş vaxtı həftənin beş günü saat 08:00-dan 18:00-dək. Qısa müddət ərzində əmək müqavilə bağlanması üçün sənədləri təqdim edəcəkdir. İzahatı saat 12:55-də özü yazmış və imzası ilə təsdiq etmişdir. - X16 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, Aslanov İlyas küçəsində S.E.İ.M ASC ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində işləyir. Onu işə Əliyev Vüqar işə götürmüşdür. Aylıq əmək haqqısı 250 manat danışılıb. İş vaxtı həftənin beş günü saat 08:00-dən 18:00 qədərdir. Qısa müddət zaman ərzində əmək müqaviləsi bağlanması üçün sənədləri təqdim edəcəkdir. İzahatı saat 13:05-də onun sözlərii lə yazıldı və doğruluğunu imzası ilə təsdiq edir. - X13 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İ.Aslanov küçəsində S.E.İ.M ASC-də ərazisində yerləşən sexdə 27 sentyabr 2020-ci il tarixindən fəhlə işləyir. Onu işə Əliyev Vüqar götürüb və aylıq əmək haqqısı 350 manatdır. Onunla hələ ki əmək müqaviləsi bağlanmayıb. İş vaxtı həftənin beş günü saat 08:00-dan axşam 18:00-a qədərdir. İzahatı özü yazmışdır və düzgünlüyünü imzası ilə təsdiq etmişdir. - X25 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İ.Aslanov küçəsində yerləşən S.E.İ.M ASC-də yerləşən plastik tullantıların təkrar emalı sexində fəhlə vəzifəsində işləyir. Onu isə Əliyev Vüqar aylıq əmək haqqı hələlik təyin olunmadan işə götürmüşdür. İş vaxtı həftənin beş günü olmaqla səhər saat 08-dən axşam saat 18.00-dək təşkil edir. Onunla Gülcahan xanım işləyir. İzahatı saat 12:50-də özü yazmışdır. Doğruluğunu öz imzası ilə təsdiq edir. - X3 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu r/n, İ.Aslanov küçəsində S.E.İ.M ASC-a yerləşən sexdə 7/X-2020-ildən fəhlə vəzifəsində işləyir. Onu işə Əlıyev Vüqar götürüb və əmək haqqı 300 m. razılaşdırılıb. Onun ilə hələ ki əmək müqaviləsi bağlanmayıb. Ona görə ki, işlə hələ tanış olmamışdır və işin çətinliyi ilə əlaqədar bəlkə də çıxmalı olacaq. O özü bu izahatı yazaraq imzası ilə təsdiq edir. - X6 xx.xx.2020-ci il tarixli izahatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Sabunçu rayonu, İlyas Aslanov ünvanında yerləşən S.E.İ.M ASC ərazisində yerləşən sexdə xx.xx.2020-ci il tarixdən fəhlə vəzifəsində işləyir. Onu işə Əlıyev Vüqar götürüb və əmək haqqı hələ razılaşdırılımayıb, gündəlik 10 AZN nəzərdə tutulub. Onun ilə hələ ki əmək müqaviləsi bağlanmayıb. İş rejimi 5 gün olmaqla saat 08:00-dan 18:00-adəkdir. İzahat onun sözləri ilə yazılmış, ucadan oxunuldu və düzgünlüyünü onun tərəfindən imzası ilə təsdiqləndi. - İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, çap olunma tarixinə İddiaçı 16.000.00 manat borc hesablanmış, 63.38 manat ödənilmiş, əhatə etdiyi dövrün son tarixinə saldo -15.936,62 manat, çap tarixinə saldo -15.936,62 manat, cəmi ödənilməli borc 15.936,62 manat təşkil etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********559000 №-li çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə VÖEN ********** nömrə ilə qeydiyyata alınmışdır. MMC-nin hüquqi ünvanı AZ1104, ünvan 7in nizamnamə kapitalı 10.00 manat, qanuni təmsilçisi nizamnamə kapitalında 100 % maya miqdarı ilə X31r. - "xxxx" ASC (icarəyə verən) və "xxxx" MMC (VÖEN- **********) (İcarədar) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22/2020 №-li icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən”, müəssisənin Yığma sexinin istifadə olunmayan 600.0 kvm. sahəsini “İcarədara plasmas tullantıların emalı kimi istifadə etmək məqsədi ilə icarəyə verir. Bu müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən 2(lki) il müddətinədir. - Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı vergi ödəyicisi haqqında məlumatdan görünür ki, AZ1034, ünvan 8 ünvanında yerləşən Sabunçu EİB Tasümaşınqayırma və icarə obyekti (icarəyə verilən obyektin kodu: **********-18001) xx.xx.2020-ci il tarixli, 22/2020 №-li icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülmüşdür. Obyektin fəaliyyət sahəsi kodu:38210, Təhlükəsiz tullantıların emalı və ləğb edilməsi (əsas)dir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə X36 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X10 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X34 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X49 "xxxx" MMC tərəfindən əlavə iş yeri olaraq direktor vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı "xxxx" MMC tərəfindən əlavə iş yeri olaraq menecer vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə X37 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X17 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X27 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq operator vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X32 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq operator vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X18 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq fəhlə vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə X38 "xxxx" MMC tərəfindən əsas iş yeri olaraq usta vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X48 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9329 №-li qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020 tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva Mülkicahan Bəkir qızının verdiyi izahatından görünür ki, İddiaçı qardaşıdır. Vüqar əvvəllər plastik tullantıların emalı ilə məşğul olmuş və ünvan 3 ünvanda sexi olmuşdur. Lakin qardaşı uzun müddət sexi işlətməmişdir. Yoxlamadan 1 gün əvvəl qardaşının xahişi ilə sexə gələrək təmizlik işləri ilə bağlı qardaşına kömək etmişdir. Yoxlama günü, yəni xx.xx.2020-ci il tarixdə o, tanışları Səyyarə və Kamillə təmizlik işləri görmüşlər. Təmizlik işlərini qurtaran zaman verginin əməkdaşları gəlmişlər. Qardaşı Vüqar sonradan gəlmişdir. İzahatı özü yazsa da ona deyilənləri yazmışdır. Sonradan qardaşının cərimə olunacağını bilməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 verdiyi izahatından görünür ki, vergi xidmətinin əməkdaşı kimi təhkim olunduğu ərazilərdə mütəmadi olaraq nəzarət tədbirlərini həyata keçirir. ünvan 3 ünvanda yerləşən obyektlərdə müşahidə aparılan zaman riskli halların olması güman edildiyindən məruzə olunaraq qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində o, digər həmkarları X29 və X35 ilə birlikdə iddiaçıya məxsus plastik məmulatların istehsal sexində opertiv vergi nəzarəti zamanı 8 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən edilmişdir. Onlar sexə gələn zaman İddiaçı orada olmamış, sonradan gəlmişdir. Sexdə olan 8 nəfərdən 7 nəfərin, həmçinin İddiaçı izahat alınmış, bir nəfər şəxs isə şəxsiyyəti müəyyən edilsə də izahat vermədən sexdən çıxıb getmişdir. Həmin 8 nəfər sexdə dəzgahların ətrafında işlə məşğul olmuşlar. Dəzgahlar işlək vəziyyətdə olmuşdur. İzahat verən şəxslərə heç bir kənar təzyiq olmamış, onlar sərbəst izahatlarını yazaraq hansı vaxtdan, əmək haqqının nə qədər olması barədə məlumatları bildirmişlər. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X29, X19 verdikləri izahatlar da şahid X33 verdiyi izahata oxşar məzmunludur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ********** VÖEN-ə malik olan fərdi sahibkardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********8464 nömrəli qərarına əsasən İddiaçı (VÖEN: **********) məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov küçəsi, ev 5, X39 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli DVX seriyalı 000611 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 8 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9329 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti keçirilmiş və keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə fəhlə kimi çalışan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 08 oktyabr 2020-ci il tarixdə 000611 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə İddiaçı də həmin vaxt yazmış olduğu izahatında 8 nəfər şəxsin əmək müqaviləsi bağlamadan ona məxsus obyektdə işləməsini etiraf etmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 7 nəfər şəxs, X42, X43, X36, X20, X21, X34, Əliyeva Mülkicahan Bəkir qızı əmək müqaviləsi bağlamadan fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatı alınmamış X54 isə sexi tərk etdiyindən qeyd edilən hal müvafiq aktla rəsmiləşdirilmişdir. Məhkəmə Əliyeva Mülkicahan Bəkir qızının məhkəmədə verdiyi izahatına tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Mülkicahan Əliyeva İddiaçı bacıdır. Eyni zamanda xx.xx.2020-ci il tarixli izahat sonuncunun özü tərəfindən yazılaraq imzası ilə təsdiq edilmişdir. Məhkəmə eyni zamanda İddiaçı iddia tələbində tələbinin əsaslı olmasına istinad etdiyi hala, yəni operativ vergi nəzarəti zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasına, həmin sexdə "xxxx" MMC tərəfindən fəaliyyət göstərəcəyindən istehsal prosesi üçün müəyyən işlərin görülməsinə qiymət verərək qeyd edir ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması əmək müqaviləsinin bağlanması üçün maneə təşkil etmir və əmək müqaviləsi bağlamaq hüququnu məhdudlaşdırmır. Bundan əlavə təqdim edilmiş sənədlərdən göründüyü kimi "xxxx" MMC operativ vergi nəzarətinin keçirildiyi gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 7 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Lakin bir nəfərin, yəni X30 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh həmin şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərarı qəbul edərkən qeyd olunan 1 nəfər şəxsə aid hissədə inzibati icraat haqqında hüquq normalarını və maddi hüquq normalarını pozmuşdur. Odur ki, həmin inzibati akt əsaslandırılmamış hissədə qanunsuzdur. Qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9329 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9329 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar