Məhkəmə qərarları › İş №2-1(112)-9841/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9841/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9841/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabadehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Bakı şəhəri. Sabunçu rayonu, Ramana qəsəbəsi, X3 ərazisində yerləşən 0,025 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, hündürlüyü 6 metr, sahəsi 238 kv.m təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X3 ərazisində, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,025 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması xahişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun xahişi lə bağlı qəbul edilmiş imtina qərarı əsassız və qeyri-qanunidir. Onun dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur. Belə ki, imtinada qeyd olunur ki, fərdi yaşayış evinə baxış keçirilərkən məlum olmuşdur ki, həmin bina qeyri-yaşayış evidir. İdarə əməkdaşları baxış keçirən zaman iddiaçı onlara bildirmişdir ki, əgər belə hesab edirlərsə də onda ona qeyri-yaşayış evinə dair çıxarış verilsin. İddiaçının inşa etdiyi ev yaşayış üçün yararlı hesab edilir. Eləcə də cavabdehin imtina məktubunda qeyd edilir ki, inşa edilən tikinti neft kəmərinin mühafizə zonasında yerləşir. Ancaq cavabdehin bu mübahisəsi də absurddur. Çünki cavabdehin özü tərəfindən torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli çıxarış onun adına xx.xx.2018-ci il tarixdə verilmişdir. O qeyd etdiyi torpaq sahəsində inşaat işlərini bundan sonra aparmışdır. O cümlədən torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən müdaxilə edilməsi məhkəmə instansiyaları qətnamə və qərarları ilə qadağan olunmuşdur. Bütün bunlardan cavabdeh xəbərdardır. Bu səbəbdən cavabdeh tərəfindən irəli sürülən iradların heç biri faktla və sübutlarla təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X3 ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı İdarənin mütəxəssisləri tərəfindən təqdim edilmiş layihəyə əsasən fərdi yaşayış evi kimi nəzərdə tutulmuş daşınmaz əmlaka texniki baxış keçirilən zaman əmlakın faktiki olaraq hər hansı bir təyinat üzrə isifadədə olmadığı məlum olmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən inşa edilən tikili neft kəmərinin mühafizə zonasında yerləşir. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********09 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı X9 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.025ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, A № 103910 nömrəli Torpaq sahəsinin plan və ölçüsündə qeyd olunmuşdur ki, torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi): Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisi, Hüquq sahibi: İddiaçı, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı): yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, reyestr nömrəsi: **********38, sənəd üzrə sahəsi (hektarla) 0.025, faktiki sahəsi (hektarla) 0.025, Plan və ölçünün tərtib edilməsinə əsas: Bakı şəhər notariusu Şəhadətnamə № 116, xx.xx.2016-cı il tarixli 4Ə-856 nömrəli Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********12 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin texniki vəziyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 3 otaq, faktiki 3 otaq, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 249.4 kv.m, faktiki 249.4 kv.m, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 40.5 kv.m, faktiki 40.5 kv.m, köməkçi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 209.4 kv.m, faktiki 209.4 kv.m, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.025 ha, faktiki 0.025 ha. Ərazi iki tərəfdən yol iki tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Fərdi yaşayış evi kimi nəzərdə tutulan iki mərtəbəli tikili üç otağından və köməkçi sahələrdən ibarətdir. Layihəyə uyğun inşa edilmişdir. Hər hansı bir təyinat üzrə istifadədə deyildir. Daxili və xarici divarları rənglənmişdir. Döşəməsi betondur. Həmin məktubla göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin texniki vəziyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evi hüquq müəyyənedici sənəd üzrə 3 otaq, faktiki 3 otaq, ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə 249.4 kv.m, faktiki 249.4 kv.m, yaşayış sahəsi hüquq müəyyənedici sənəd üzrə 40.5 kv.m, faktiki 40.5 kv.m, köməkçi sahəsi hüquq müəyyənedici sənəd üzrə 209.4 kv.m, faktiki 209.4 kv.m, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.025 ha, faktiki 0.025 ha. Ərazi iki tərəfdən yol iki tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Fərdi yaşayış evi iki mərtəbəlidir. Üç yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Hal-hazırda daxildə təmir bəzək işləri aparılır. Hər hansı bir təyinat üzrə istifadədə deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi kimi nəzərdə tutulan iki mərtəbəli tikili üç otaqdan və köməkçi sahələrdən ibarətdir. Təqdim edilmiş 2022-ci il layihəsinə uyğun inşa edilmişdir. Faktiki olaraq yaşayış evi kimi istifadə olunmur, 2-ci mərtəbəyə giriş 1-ci mərtəbənin daxilindən deyil, müstəqil pilləkən qəfəsindəndir. Bundan əlavə, vahid elektron kadastr məlumatlarına əsasən inşa edilən tikili neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısın İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-1706/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, "Məlumatlandırma icraatı" qaydasında bildirirəm ki, mülkiyyətimdə (istifadəmdə) olan Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 ərazisi ünvanında yerləşən, sahəsi 238 kv.m, hündürlüyü 6 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini inşa etmişəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 20 fevral 2017-ci il tarixli H-12-151 nömrəli iddiaçıya ünvanladığı məktubunda bildirilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya R.X №0942749 saylı xx.xx.2016cı il tarixli Çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, X8 ərazisində yerləşən Sizə məxsus 0,025 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyiniz layihəyə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılır. Tikintinin aparılması üçün aşağıdakı şərtlər vacibdir: 1. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılması. 2. Tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısın İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-2349/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X7nda yerləşən 0,025 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihəyə münasibət bildirilməsini xahiş etmişdir. Sabunçu RİH tərəfindən İddiaçı ünvanlanmış 20 fevral 2017-ci il tarixli, H-12-151 saylı məktubda təqdim edilmiş layihəyə uyğun tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Sorğuda qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X7nda 0,025 ha torpaq sahəsində yerləşən yaşayış evinin hazırkı sorğu ilə təqdim edilən 2016-cı il tarixli və ya 2022-ci il tarixli tikinti layihəsi əsasında inşa edilməsi barədə məlumatın təqdim edilməsi ilə bağlı bildiririk ki, təqdim edilmiş layihələr tam olmadığından fərdi yaşayış evinin hansı layihə əsasında tikilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısın İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-3255/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək məlumatlandırma icraatı qaydasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX №0942749 saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 fərdi yaşayış evinin layihəsinə münasibət bildirilməsini xahiş etmişdir. Müraciətə baxılmış, H-12-151 saylı, 20 fevral 2017-ci il tarixli məktubla təqdim edilmiş layihə razılaşdırılmışdır. Sorğunun icra edilməsi ilə əlaqədar sözügedən ünvana baxış keçirilmiş, tikinti işlərinin H-12-151 saylı, 20 fevral 2023-cü il tarixli məktubla razılaşdırılmış layihə əsasında aparılmadığı müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin perimetr boyu ölçüləri layihəyə uyğun olsa da, planları layihədən kənardır. Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, İddiaçı 2022-ci il ərzində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin layihəsinin razılaşdırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Müraciətə əlavə olunan xx.xx.2022-ci il tarixli ərizə isə tikinti işlərinin yekunlaşdırılması ilə bağlıdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısın İ müavininin xx.xx.2023-cü il tarixli, 5-18/2-3074/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək məlumatlandırma icraatı qaydasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX №0942749 saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 ərazisində yerləşən, mülkiyyətində olan 0.025 ha torpaq sahəsində inşa etmək istədiyi fərdi yaşayış evinin layihəsinə münasibət bildirilməsini xahiş etmişdir. Müraciətə baxılmış, H-12-151 saylı, 20 fevral 2017-ci il tarixli məktubla təqdim edilmiş layihə razılaşdırılmışdır. Sorğunun icra edilməsi ilə əlaqədar sözügedən ünvana baxış keçirilmiş, tikinti işlərinin H-12-151 saylı, 20 fevral 2023-cü il tarixli məktubla razılaşdırılmış layihə əsasında aparılmadığı müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin perimetr boyu ölçüləri layihəyə uyğun olsa da, planları layihədən kənardır. Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, İddiaçı 2022- ci il ərzində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin layihəsinin razılaşdırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Müraciətə əlavə olunan xx.xx.2022-ci il tarixli ərizə isə tikinti işlərinin yekunlaşdırılması ilə bağlıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-7151/2023 nömrəli məktubu ilə göndərilmiş Tikinti layihələrinə dair məlumatda qeyd edilmişdir ki, təqdim olunmuş 2022-ci ildə işlənmiş layihə Respublikada qüvvədə olan Tikinti üçün Layihə Sənədlər Sistemi AZS ГОСТ 21.101-2010 standartına (baş plan, mərtəbə planları, kəsik və fasadlar) uyğun işlənilməmişdir. Qüvvədə olan AzDTN 2.7-2 "Yaşayış binaları. Layihələndirilmə normaları"nın 5.7-ci bəndinə əsasən birotaqlı mənzilin girişində qarderob 2,5 m2-dan az olmamalıdır. İşlənmiş layihədə isə qarderob nəzərdə tutulmayaraq giriş birbaşa qonaq otağına layihələndirilib. Sanitar qovşağı birbaşa zala (qonaq otağına) açılıb, qeyri-yaşayış obyektlərində olduğu kimi. Pilləkən qəfəsəsi zaldan (qonaq otağından) təcrid olunmuş formada layihələndirildiyindən, ikinci mərtəbədə layihələndirilmiş yataq otaqlarına keçid həyətdən həyata keçirilir. Bunun isə öz növbəsində yaşayış evi üçün nəzərdə tutulması funksional deyildir. Əlavə olaraq qüvvədə olan AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirilmə normalarının 9.12-ci bəndinə əsasən yaşayış otaqları və mətbəxlərin təbii işıqlandırılması olmalıdır. 9.13-cü bəndə əsasən yaşayış otaqlarında və mətbəxlərdə işıqlandırma açıqlıqlarının (pəncərələr, lociyanın açıq sahəsi) sahəsinin döşəmənin sahəsinə nisbəti 1:8-dən az olmamalıdır. Təqdim olunmuş 2016-cı ildə işlənmiş layihə üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Təqdim olunmuş layihənin birinci mərtəbəsində nəzərdə tutulmuş anbar otaqlarının sahəsi 59 m2-dir (anbarın sahəsi evin ümumi sahəsinə olan nisbət üçün çoxdur). Anbar otağının layihələndirilməsi qeyri-yaşayış binalarında nəzərdə tutulur. Qüvvədə olan AzDTN 2.7-2 "Yaşayış binaları. Layihələndirilmə normaları”nın 5.2-ci bəndinə əsasən mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır. Sözügedən layihədə mətbəx layihələndirilməmişdir və otaqların təyinatı göstərilməmişdir. Həmçinin 9.12-ci bəndinə əsasən yaşayış otaqları və mətbəxlərin təbii işıqlandırılması (insolyasiya) olmalıdır. 9.13-cü bəndə əsasən yaşayış otaqlarında və mətbəxlərdə işıqlandırma açıqlıqlarının (pəncərələr, lociyanın açıq sahəsi) sahəsinin döşəmənin sahəsinə nisbəti 1:8-dən az olmamalıdır. Otaqların təsnifatında 5 və 6 nömrə ilə qeyd edilmiş təyinatı bilinməyən otaqlarda insolyasiya üçün pəncərələr nəzərdə tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********40 nömrəli məktubda bildirilmişdir ki, layihəyə əsasən fərdi yaşayış evi kimi nəzərdə tutulmuş daşınmaz əmlaka texniki baxış keçirilən zaman əmlakın faktiki olaraq qeyri-yaşayış binası olduğu müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən inşa edilən tikili neft kəmərinin mühafizə zonasında yerləşir. Neft kəmərinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü tarixli, 167 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********34 nömrəli məktubda bildirilmişdir ki, layihəyə əsasən fərdi yaşayış evi kimi nəzərdə tutulmuş daşınmaz əmlaka texniki baxış keçirilən zaman əmlakın faktiki olaraq qeyri-yaşayış binası olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.025 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. Belə ki, iddiaçı həmin torpaq sahəsini xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X1 almış və hazırda torpaq sahəsi yaşayış məntəqəsi torpağı kimi iddiaçının xüsusi mülkiyyətində olmaqla torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. İddiaçı sözügedən torpaq sahəsində iddia etdiyi 6 metr hündürlükdə 2 mərtəbəli fərdi yaşayış evi tikmiş və həmin əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan daşınmaz əmlakın fərdi yaşayış evi deyil, faktiki olaraq qeyri-yaşayış binası olduğunu, əlavə olaraq tikilinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı iddiasında cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Məhkəmə iddia tələbi ilə bağlı işin faktiki və hüquqi hallarına dair aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2-ci maddəısinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Başqa sözlə, məlumatlandırma icraatı qaydası fərdi yaşayış evlərinə münasibətdə tətbiq olunur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərdən ilkini-torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydlər və bu qeydlərdən çıxarışı mövcuddur. İddiaçı həmin torpaq sahəsində inşa etdiyi tikili ilə bağlı isə 2 fərqli layihə (memarlıq planlaşdırma bölməsi) təqdim etmişdir:

1. "xxxx" MMC tərəfindən 2016-cı il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin layihəsi;

2. “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən 2022-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin layihəsi. Hazırkı iş üzrə iddiaçının qeydiyyatla bağlı etdiyi müraciət zamanı cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı və bununla bağlı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş yerli müayinə aktnda 0.025 ha torpaq sahəsində inşa edilən tikilinin 2 mərtəbəli, ümumi sahəsinin faktiki 249.4 kv.m olduğu, tikilinin təqdim edilmiş 2022-ci il layihəsinə uyğun inşa edildiyi qeyd edilmişdir. Bundan əlavə iş üzrə müəyyən olunur ki, iddiaçı Seriya RX №0942749 saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 ərazisində fərdi yaşayış evinin layihəsinə münasibət bildirilməsini xahiş etmiş, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin H-12-151 saylı, 20 fevral 2017-ci il tarixli məktubu ilə iddiaçı tərəfindən yaşayış evinin tikintisi üçün təqdim edilmiş 2016-cı il tarixli layihə razılaşdırılmışdır. Sabunçu rayon İcra Hakimiyyətinin məhkəmə sorğularına cavablarında iddia olunan əraziyə yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən baxış keçirildiyi, baxış zamanı iddiaçı tərəfindən inşa edilən tikilinin İcra Hakimiyyətinin H-12-151 saylı, 20 fevral 2017-ci il tarixli məktubu ilə razılaşdırılmış 2016-cı il tarixli fərdi yaşayış evinin layihəsinə uyğun tikilmədiyi, iddiaçının 2022-ci il ərzində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin layihəsinin razılaşdırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmədiyi bildirilmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna əsasən təqdim etdiyi iddiaçının etdiyi müraciəti və ona əlavə olunan sənədlər arasında iddiaçının yerli icra hakimiyyətinə razılaşdırma üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 2016-cı il tarixli tikinti layihəsinin əlavə edildiyi görünür. Beləliklə, iddiaçının Sabunçu rayonu, Ramana qəsəbəsi, X7 ərazisində mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin təqdim edilən layihələrdən məhz “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş 2022-ci il tarixli layihəyə uyğun tikildiyi müəyyən olunur. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan tikinti layihələrinin bir-birindən hansı xüsusiyyətlərinə görə fərqləndiyi, həmin layihələrdən hansının fərdi yaşayış evinin tikintisi, hansının qeyri-yaşayış sahəsi ilə bağlı nəzərdə tutulmuş layihə olub-olmaması barədə tikintiyə dair sənədlərin tənzimlənməsi və tikinti layihələrinin şəhərsalma normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy verilməsi sahəsində səlahiyyətli inzibati orqan olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və həmin qurumun xx.xx.2023-cü il tarixli məkubla təqdim edilmiş tikinti layihələrinə dair rəy əldə edilmişdir. Təqdim edilmiş rəydə 2022-ci ildə işlənmiş layihənin Respublikada qüvvədə olan Tikinti üçün Layihə Sənədlər Sistemi AZS ГОСТ 21.101-2010 standartına (baş plan, mərtəbə planları, kəsik və fasadlar) əsasən yaşayış evi üçün nəzərdə tutulmadığı, təqdim olunmuş 2016-cı ildə işlənmiş layihənin isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evinin yaşayış evi hesab edildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş 2022-ci il tarixli layihəyə uyğun tikdiyi tikili funkional təyinat baxımından fərdi yaşayış evi hesab edilmir. Belə olan halda razılaşdırılmış layihəyə uyğun tikilmədiyindən və təyinatı baxımdan fərdi yaşayış evi hesab edilməyən tikiliyə məlumatlandırma icraatı qaydası tətbiq edilmədiyindən iddia olunan daşınmaz əmlaka fərdi yaşayış evi kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz. Başqa sözlə, iş üzrə iddiaçının inşa etdiyi daşınmaz əmlak fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı təqdim etdiyi daşınmaz əmlaka mülkiyyət hüququnun qeyriyaşayış sahəsi kimi qeydiyyatı ilə də razılaşdığını və cavabdehin bundan imtinasının da əsassız olduğunu irəli sürmüşdür. Məhkəmə bununla bağlı iddiaçının iddia etdiyi daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyatı üçün qanunla tələb olunan sənədlərə malik olmadığından cavabdehin imtinasının bu halda da əsaslı olduğu qənaətinə gəlir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin: -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. -75.11-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, razılaşdırılmış layihə, tikinti obyektinin istismara qəbul aktı və ya icazəni nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikili qeyri-yaşayış sahəsi layihəsinə uyğun tikili olmaqla qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlakın tikintisinə müvafiq icra hakimiyyəti orqanının icazəsi, razılaşdırılmış tikinti layihəsi və tikilmiş qeyriyaşayış sahəsinin istismara icazə sənədini təqdim etməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən təqdim edilən tikilinin təyinatına uyğun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. Məhkəmə hazırkı tələb üzrə fərdi yaşayış evi kimi tikiliyə mülkiyyət hüququnun qeydiyyatı üçün qanunla tələb olunan sənədlər təqdim edilmədiyindən cavabdehin imtinasının əsaslı olduğu qənaətinə gəldiyindən, əlavə olaraq inşa edilən tikilinin neft kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilinin yoxlanılmasına və münasibət bildirilməsinə zərurət görməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın veilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar