Məhkəmə qərarları › İş №2-1(112)-9843/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9843/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9843/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh X1rşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işsizliyə görə müavinətlə təmin olunmasını xahiş etmiş, Nazirlik müraciəti baxılması üçün aidiyyəti üzrə tabeliyində olan X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına göndərmiş, Filial iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış 30 iyul 2021-ci il tarixli **********0 nömrəli məktubunda bildirmişdir ki, işsizlikdən sığorta ödənişi əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. Bu Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun layiqli həyat yaşayışının təmin edilməsi üçün işlə təmin olunana qədər işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində, yəni 727 manat sosial müavinətlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18.10.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 21.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ali təhsilli mühəndis mexanikdir. 24 mart 2020-ci il tarixdən etibarən ölkədə tətbiq edilən koronavirus epidemiyası üzrə karantin rejimi ilə əlaqədar o, qeyri-rəsmi işlədiyi günəmuzd işindən məhrum olmuşdur. 17 aprel 2020-ci ildən “işsiz” statusu ilə yanaşı, həm də iş axtaran kimi ƏƏSMN-nin internet saytında rəsmi qeydiyyata düşmüşdür. Qeydiyyata düşməsindən 16 ay keçməsinə baxmayaraq bu günə qədər ona Nazirlik tərəfindən heç bir layiqli iş yeri təklif olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat haqqında (maddə 38.) maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə bu qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, işsiz və işaxtaran şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq" altsistemindən (bundan sonra MAS) qeydiyyat keçərək işaxtaran və işsiz şəxslər üçün məşğulluq siyasəti çərçivəsində nəzərdə tutulan imkanlardan yararlanırlar. Əlavə olaraq həm iddia icraatı, həm də müvəqqəti xarakterli müdafiə icraatı üzrə tələb olunan aylıq kompensasiya ödənişi də qanunvericilikdə tənzimlənməməkdədir. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” qanununun müvafiq müddəaları ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının iddia icraatı üzrə uğurluluq ehtimalı istisna edilməkdədir. Buna səbəb isə qanunvericilikdə iddiaçının tələbləri doğrultusunda inzibati orqanın öhdəliyi nəzərdə tutulmamaqdadır. Buna görə də iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı ona işsizliklə bağlı sığorta ödənişi verilməsini xahiş edir ki, belə bir iddia öhdəliyin icrası haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh quruma müraciət etmişdir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 1.1-ci maddəsinə əsasən X4 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.17-ci yarımbəndinə əsasən sığorta ödənişlərinin verilməsini və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini təmin etmək Agentliyin vəzifələrindəndir. 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərdir; - maddə 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi hallarıdır. - maddə 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. - maddə 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən. - maddə 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. - maddə 17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. - maddə 17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. - maddə 25. bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir. İş materiallarından görünür ki, iddiaçı sonuncu dəfə "xxxx" MMC-də mühəndisinşaatçı vəzifəsində işləmiş, 05 may 2017-ci il tarixdə işə başlamış, 23 may 2017-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (a) tərəflərdən birinin təşəbbüsü) işdən çıxmışdır. İddiaçı 17.04.2020-ci il tarixdə işsiz kimi X5 qeydiyyatdan keçmişdir. Beləliklə, sadalananlardan görünür ki, iddiaçı “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minənə qədər işdən çıxmış, həmin vaxt işsiz kimi qeydiyyatdan keçməmiş və işsizliyə görə müavinət almamışdır. İddiaçı 17.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyatdan keçmiş, həmin vaxt “İşsizlikdən sığorta haqqında” Qanun qüvvədə olmuşdur. Həmin Qanunun yuxarıda istinad olunan normalarından isə görünür ki, işsizlikdən sığorta Qanunun 13.1-ci maddəsində göstərilən əsaslarla işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə avtomatlaşdırılmış qaydada təyin olunur. İddiaçı həmin qanun qüvvədə olduğu vaxt və Qanunun 13-cü maddəsində göstərilən əsaslarla işdə azad olunmadığından məhkəmə hesab edir ki, onun işsizlikdən sığorta ödənişini almağa hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar