Məhkəmə qərarları › İş №2-1(112)-9844/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9844/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9844/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X4 “paylı mülkiyyətdə olan mənzilə dair ayrıca çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X4 cəlb edilməklə “paylı mülkiyyətdə olan mənzilə dair ayrıca çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 paylı mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (42,34 kv.m) və X2 - 2 otaq (33,21 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 7 saylı evin 73 saylı mənzilinin İddiaçı məxsus olan 3 otaq (sahəsi 42,34 kv.m) hissədə və X3 məxsus olan 2 otaq (sahəsi 33,21 kv.m) hissədə mövcud faktiki vəziyyəti üzrə real olaraq ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması qət edilmişdir. Həmin iş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7647 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi “inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün həmin mənzilin faktiki vəziyyətinə uyğun olaraq istifadə edilən tikililəri ayrı-ayrılıqda tərəflərin hər birinin istifadəsində saxlanılması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-82/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən mənzilin bölünmüş hissələrinə ayrı-ayrılıqda eskiz tərtib olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Qətnamənin icrası barədə” məktubda qeyd edilmişdir ki, “...qeyd olunan qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 7 saylı evin 73 saylı mənzilinin İddiaçı məxsus olan 3 otaq (sahəsi 42,34 kv.m) hissədə mövcud faktiki vəziyyəti real olaraq ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması, həmin mülkün (evin) payına düşən hissəsinə uyğun paylı mülkiyyətdən naturada ayrılması şəklində iddiaçıya mülkiyyət hüququna dair ayrılıqda Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və ayrıca ünvanın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı öz mənzilinə sərbəst sərəncam verə bilmir, buna səbəb onun adına olan çıxarışda cavabdeh X2 adının qeyd olunmasıdır. Ona aid olan mənzil tam olaraq cavabdehin mənzilindən ayrıdır və qarşılıqlı heç bir otaq, sanuzel və mətbəx yoxdur. Buna görə də həmin paylı mülkiyyətin naturada ayrılmasına çox böyük ehtiyac yaranmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə cavabdehin iddia tələbinin mümkünsüz sayılması ilə bağlı vəsatətini əsaslı hesab etmir. Belə ki, cavabdeh bildirir ki, iddiaçı hazırkı tələblə İdarəyə müraciət etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbi mülki iş üzrə rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin icrası ilə bağlıdır. Belə ki, həmin qətnamə ilə iddiaçının və üçüncü şəxsin paylı mülikyyətində olan daşınmaz əmlakın naturada ayrılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Qətnamənin icrası barədə” məktubda qeyd edilmişdir ki, “...qeyd olunan qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Məhkəmə qeyd edir ki, öhdəliyin icrası barədə iddialar üçün mümkünlük şərti olan cavabdeh orqana müraciətin mahiyyəti ondan ibarətdir ki, cavabdeh İdarə həmin müraciəti təmin edib-etməməsi, başqa sözlə mübahisənin olub-olmaması müəyyən edilsin. İnzibati orqanla vətəndaş arasında mübahisə olduğu halda inzibati məhkəmə həmin inzibati mübahisədən yaranan məsələyə baxa bilər. Hazırkı halda da, iddiaçının orqana müraciət etməsinə zərurət yoxdur. Çünki iddiaçının irəli sürdüyü tələbin mahiyyətinə uyğun olan müraciət Suraxanı Rayon Məhkəməsi tərəfidən İdarəyə daxil olmuş, cavabdeh İdarə isə qətnamə üzrə İdarənin üzərinə hər hansı öhdəliyinin qoyulmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, analoji işlər üzrə cavabdeh İdarənin formalaşmış praktikasından müəyyən edilir ki, cavabdeh İdarə vətəndaşın müraciətinə də eyni məzmunlu imtina cavabı verir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının iddiasına uyğun olaraq cavabdeh İdarəyə Suraxanı Rayon Məhkəməsi tərəfindən müraciət ünvanlandığından və məsələ üzrə cavabdehin imtina məzmunlu məktubu olduğundan iddia mümkün iddiadır və bu əsasla iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən həmçinin prosessual qənaət prinsipini də nəzərə alır. Çünki formal əsasa görə, iddianın mümükn sayılmaması, iddiaçının yenidən eyni məzmunda orqana müraciət etməsi, cavabdehin iddiaçının müraciətinə reaksiya verməsi uzun müddət ərzində baş tutur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə ünvan 1 iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması üçün Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi icra edilməsi üçün cavabdeh İdarəyə göndərilmiş, cavabdeh qeyd olunan qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamasına istinad edərək qətnaməni icra etməmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qanuni qüvvəsini almış 2(010)-82/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin işə baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında paylı mülkiyyətdə olan bağ sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə sual qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “...Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15 məhəllədə yerləşən 7 saylı evin 73 saylı mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün həmin mənzilin faktiki vəziyyətinə uyğun olaraq istifadə edilən tikililəri ayrıayrılıqda tərəflərin hər birinin istifadəsində saxlanıla bilər. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsi “inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Hazırkı işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, aparılmış ekspetiza tədqiqatının nəticələrinə əsasən paylı mülkiyyətdə olan mənzilin naturada ayrılmasının mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnamnəsi ilə yaranmış hüquqi (və ya dövlət reystrində qeydə dəyişikliyi) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsinə digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qətnaməsinin yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, 7 saylı evin 73 saylı mənzilinin İddiaçı məxsus olan 3 otaq (sahəsi 42,34 kv.m) hissədə mövcud faktiki vəziyyəti real olaraq ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması, həmin mülkün (evin) payına düşən hissəsinə uyğun paylı mülkiyyətdən naturada ayrılması şəklində İddiaçı tam (paysız) rnülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınması və elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar