Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9844/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli əmək pensiyasının verilməsindən imtina qərarının əsassız və qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu tarixdən təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyasının təyin olunması məqsədilə 5 saylı Bakı DOST Mərkəzinə müvafiq sənədlərlə (əmək kitabçası, hərbi bilet, diplom, şəxsiyyət vəsiqəsi) müraciət etdi. Sənədlərə baxış zamanı heç bir problemin olmadığı, əmək pensiyası almaq üçün kifayət qədər stajının olduğu, əmək pensiyası təyin olunduqdan sonra məlumat veriləcəyi bildirildi. Təxminən bir ay sonra sənədlərdə çatışmazlıq olduğu, əmək kitabçasında qeyd olunmasına baxmayaraq “Kolxoz”da işlədiyi dövrlərlə bağlı arxivdən arayış alınmasına ehtiyac olduğu bildirildi. Bununla bağlı Ağdaş rayon Dövlət Arxivindən 1984-1989-cu illərdə Qaradeyin kənd sabiq “Şən Həyat” kolxozunda işləməyinə dair xx.xx.2025-ci il tarixli 17 nömrəli arayış alaraq sənədlərə əlavə olunması məqsədilə 5 saylı Bakı DOST Mərkəzinə təqdim etdi. Müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - DSMF) Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-İ-67396/2025 nömrəli məktubla əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Lakin cavab məktubu onun ev ünvanına göndərilməmiş və bu barədə ona məlumat verilməmişdir. Yalnız xx.xx.2025-ci il tarixində DOST Mərkəzinə yaxınlaşaraq məktubun əslini əldə etmişdir. Bu səbəbdən iddia ərizəsini məhkəməyə gec təqdim etməyi obyektiv səbəblərlə bağlıdır. Yaşa görə əmək pensiyasının təyin edilməməsinə bir neçə əsassız səbəblər göstərilmişdir. Cavabdehin məktubunda xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 9 il 7 ay 20 gün sığorta stajının olduğu qeyd edilmişdir ki, bu həqiqətə uyğun deyil. 1978-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala kənd təsərrüfatı texnikomunda “Baytarlıq” ixtisası üzrə peşə təhsili ixtisasına əyani qəbul olunmuşdur. Əyani təhsil aldğı müddətdə hərbi xidmətə çağırıldığı üçün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət keçmiş və qayıtdıqdan sonra təhsilini davam edərək 1984-cü ildə təhsilini bitirmişdir (diplom və hərbi bilet əlavə olunur). 1984- 1989-cu illərdə Ağdaş rayonunun Qaradeyin kəndindəki “Şən Həyat” kolxozunda işlədiyi müddət (5 il 3 ay 15 gün) əmək kitabçasında və arxiv arayışında öz əksini tapmasına baxmayaraq, texniki yazı səhvinə (arayışın qeyd hissəsinə əsasən soyadımın əvvəlcə Hümbətov, sonra İsayev olaraq düzəldilməsi) görə nəzərə alınmamışdır. Bu, Sovet dövründəki qeydlərin əlyazma ilə aparılmasından irəli gələn texniki xətadır və hüquq subyektinin real əmək fəaliyyətini inkar etmək üçün əsas ola bilməz. Əmək kitabçasında öz əksini tapmış digər iş yerlərindəki fəaliyyəti (ümumilikdə 2 il 10 ay 13 gün) də DSMF tərəfindən ümumiyyətlə nəzərə alınmamış və məktubda bu barədə məlumat verilməmişdir. Belə ki, xx.xx.1989 - xx.xx.1991-ci illərdə (1 il 9 ay 10 gün) “AzərSvyazStroy” sexində, xx.xx.1991 - xx.xx.1992-ci il tarixlərində (8 ay 8 gün) Azərbaycan SSR-nin Mədəniyyət Nazirliyinin tikinti birliklərində, xx.xx.1992- xx.xx.1993-cü illərdə (4 ay 25 gün) “Hacı Yüsif kiçik müəssisəsi”ndə dülgər kimi çalışmışdır. Nəticə etibarı ilə 2 il 10 ay 13 gün əmək stajı ümumiyətlə hesablanmamışdır. xx.xx.1993 - xx.xx.2004-cü il tarixlərində (10 il 4 ay 7 gün) Əhaliyə məişət xidməti istehsalat zavodunda “MəişətTexTəmir”də usta və briqadir-usta vəzifəsində çalışmış, bu əmək kitabçasında da qeyd olunmuşdur. Lakin DSMF cavab məktubunda işdən azad olunma əmrinin rus dilində (əslində kril qrafikalı Azərbaycan əlifbası) olan möhürlə təsdiqlənməsini əsas gətirərək 10 ildən artıq əmək stajını nəzərə almamışdır. Məlumat üçün bildirir ki, qeyd olunan zavod hazırda fəaliyyət göstərmir və özəlləşmişdir. İşdən ayrıldığı zaman həmin zavoddan aldığı arayışda da zavod özəlləşənə qədər həmin zavodda işlədiyi öz əksini tapmışdır (arayış əlavə olunur). xx.xx.2021-ci il tarixindən isə Abşeron rayon Xırdalan şəhəri 24№li körpələr evi uşaq bağçasına dalandar elektrik işinə qəbul olmuş və hazırda 4 il 3 ay 12 gündür ki, orada çalışır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 65 yaşının tamam olduğu tarixədək ümumi əmək stajı (müxtəlif iş yerləri üzrə (22 il 9 ay) hərbi xidmət və əyani təhsil aldığı dövr (6 il) də nəzərə alınmaqla) 28 il 6 aydan artıqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
3. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 9 il 7 ay 20 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 11 ay 20 gün sığorta stajınıza uyğun olaraq 6017,97 manat, 01,05.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3524,53 manat olmaqla, ümumilikdə 9542,50 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025-ci il tarixinədək qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyiniz sənədlərin surətində qeyd olunmuş 1984-1989-cu illərin (əmək haqqı arayışında soyadda uyğunsuzluq olduğundan) və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək (işdən azad olma əmri rus dilində möhürlə təsdiqləndiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə qüvvədə olan əmək müqaviləniz olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün hesab edilmir”.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı sığorta stajı H3 ******* nömrəli hərbi biletinin surətində qeyd olunan məlumata əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət, A3E ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, OR 07.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi müddət, ƏƏSMN X1 Sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən 3 il 8 ay sığorta stajı nəzərə alınmaqla 9 il 7 ay 20 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 11 ay 20 gün sığorta stajına uyğun olaraq 6017,97 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3524,53 manat olmaqla ümumilikdə 9542,50 manat təşkil edir. xx.xx.2025-ci il tarixinədək qanunvericiliklə tələb olunan pensiya kapitalı 40320 manat təşkil edir. Beləliklə də İddiaçı pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları", habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları"na əsasən İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmri latın qrafikası ilə yazıldığı halda kiril qrafikalı möhürlə təsdiq olunmuşdur), eyni zamanda Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arxiv arayışına əsasən 1984-cü il tarixindən 1989-cu il tarixinədək dövrün əmək haqqı arayışında soyadda uyğunsuzluq olduğu üçün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli, 34 nömrəli Qərarına əsasən 1992-ci ildən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanması qərar alınmışdır. Pensiya təyinatı işlə bağlı işlərdə formalaşmış məhkəmə təcrübəsindən məlum olduğu kimi məhkəmələr iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını təsdiq edən sübut qismində əksər hallarda əmək kitabçasını əsas götürür. Lakin hazırki vəziyyətdə iddiaçının əmək kitabçasının qanunvericiliyə uyğun olaraq doldurulmaması iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alır. O cümlədən hazırki məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin tələbləri nəzərə alınmaqla əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün üş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alınır. Beləliklə də arxiv arayışından da göründüyü kimi soyadda uyğunsuzluq olması (Hümbətov soyadının üstündən xətt çəkilərək İsayev qeyd olunmuşdur) həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Hesab edilir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ile sübuta yetirilmişdir. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin olunur. İddiaçı Abşeron-Xızı Regional təhsil idarəsi ilə qüvvədə olan əmək mügaviləsi olduğuna görə yaşa görə sosial müavinətin təyin olunması mümkün hesab edilməmişdir.
5. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.
6. DT 782824 nömrəli diplomun surətinə əsasən İddiaçı 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala kənd təsərrüfatı texnikumunda “Baytarlıq” ixtisası üzrə peşə təhsili ixtisasına əyani qəbul olunmuş, xx.xx.1984-cü ildə təhsilini bitirmişdir.
7. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arxiv arayışının surətinə əsasən Ağdaş rayon Qaradeyin kənd sabiq "Şən Həvat" kolxozunun əmək günü uçotu va hesablaşma kitablarında İddiaçı 1984-cü il tarixindən 1989-cu il tarixinədək əmək haqqı qazanmasına dair qeydlər var. Qeyd: Hümbətov Ənvər yazılmış, sonradan Hümbətov soyadının üstündən xətt çəkilmiş İsayev qeyd olunmuşdur.
8. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
11. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün doldurulma qaydası pozulduğundan, xx.xx.1984-cü il tarixdən xx.xx.1989cu il tarixədək işlədiyi dövrə dair əmək haqqı arayışında soyadda uyğunsuzluq olduğundan həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün olmamışdır, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2006-cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olmuşdur. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
18. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
19. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əyani təhsil aldığı dövrün iş stajına daxil edilməməsi qanuni olmamışdır.
21. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci bəndinə əsasən: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;..
23. Odur ki, iddiaçının əyani təshil almağı (DT-İ 782824 nömrəli diplom) iş materialları ilə sübut olunduğundan 1977-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala kənd təsərrüfatı texnikumunda “Baytarlıq” ixtisası üzrə aldığı (əyani) peşə təhsili onun sosial sığorta stajına əlavə edilməlidir.
24. İddiaçı AZE ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək Nizami adına “Şən Həyat” kolxozunda baytar-texnik, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək Əhaliyə məişət xidməti istehsalat zavodunda “MəişətTexTəmir”də usta və briqadir-usta vəzifəsində işləmişdir.
25. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydində işdən azadolma əmrinin latın qrafikası ilə yazılsa da, kiril qrafikalı möhürlə təsdiq edildiyindən əmək kitabçasının düzgün doldurulmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
26. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” xx.xx.1999-cu il tarixdə qəbul edilən Azərbaycan Respublikasının Qanununa əsasən: İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X2, 1971-ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilsin.
29. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli, 34 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara almışdır: Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.
30. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - təşkilatların möhürünün rus əlifbasında qeyd edildiyi iddia edilən dövrlərinə (xx.xx.1976- xx.xx.1993) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.
31. Məhkəmə, həmçinin mübahisələndirilən (xx.xx.1984-xx.xx.1989) dövrlərə dair iddiaçının əmək haqqı arayışında soyadında uyğunsuzluğ olduğundan – İsayev əvəzinə Hümbətov qeyd olunduğundan əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə şübhə yaranmasına münasibətdə qeyd edir ki, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli arxiv arayışına əsasən 1984-cü il tarixindən 1989-cu il tarixinədək dövrün əmək haqqı arayışında Hümbətov yazılması iddiaçının təqsiri hesab edilmir və onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil, belə ki, həmin arayışın qeyd hissəsində bir daha öz təsdiqini tapır ki, Hümbətov Ənvər kimi yazılması texniki səhv olmuş, sonradan üstündən xətt çəkilərək İsayev qeyd edilmişdir. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda cavabdeh tərəfindən əmək kitabçasında aparılmış həmin qeydin həqiqiliyini təkzib edəcək sübutlar da məhkəməyə təqdim edilməmişdir.
32. Beləliklə, iddiaçının əmək kitabçasınında qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün əmək kitabçasının işdən azadolma əmrinin kiril qrafikalı möhürlə təsdiq olunması, eyni zamanda Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2025ci il tarixli, 17 nömrəli arxiv arayışına əsasən 1984-cü il tarixindən 1989-cu il tarixinədək dövrün əmək haqqı arayışında soyadda uyğunsuzluq olması iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.
33. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.
34. Odur ki, əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil olması tələbi xx.xx.2002-ci ildən olan dövr üçün imperativ olduğundan həmin tarixədək olan dövr üzrə müəssisənin və əmək kitabçasında müvafiq qeydin mövcudluğu əmək stajının nəzərə alınması üçün yetərli hesab olunmalıdır.
35. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1976-1993-cü illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
37. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
38. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.
39. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət etdiyi illər daxil edilməklə) 9 il 7 ay 20 gündür.
40. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı 1977-ci ildən 1984-cü ilədək əyani təhsil almış, onun işlədiyi müəssisələr mövcud olmuş və onun həmin müəssisələrdə 1984-cü ildən 1989-cu ilədək, 1993-cü ildən 2004-cü ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.
41. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
43. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
44. Beləliklə, 1977-ci ildən xx.xx.1984-cü ilədək təhsil aldığı, xx.xx.1984-cü ildən xx.xx.1989cu ilədək və xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan - xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır
45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 65 yaşdan, xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva