Məhkəmə qərarları › İş №2-1(112)-9845/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9845/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9845/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümyəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasına mənsub olmağı haqqında inzibati aktın verilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 04 dekabr 1958-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda anadan olmuşdur. İddiaçı 05 iyul 1988-ci ildə həyat yoldaşı X3 ilə nikah bağlamışdır. Nikahın qeydiyyatı şəhadətnaməsinə əsasən, göstərilən nikah Qazaxıstan SSR Şevçenko rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Bu nikahdan iddiaçının 2 övladı var: 25 avqust 1985-ci il təvəllüdlü X4 və 03 iyul 1993-cü il təvəllüdlü X2. 1988-ci il iyulun 27-də Bakı şəhəri Nərimanov Rayon Daxili İşlər İdarəsi iddiaçıya SSRİ vətəndaşının pasportunu vermişdir. İddiaçı pasportu aldığı andan Azərbaycan Respublikasından kənara getməmişdir. Buna görə də 30 sentyabr 1998-ci ildə qəbul edilmiş “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı sayılır. Şəxsiyyət vəsiqəsinin və rəsmi qeydiyyatın olmaması səbəbindən əmək, pensiya, tibbi xidmət kimi konstitusion hüquqlardan məhrum olmuşdur. İddiaçı qeyd edir ki, göstərilən hallarla əlaqədar olaraq problemin müsbət həlli üçün həm Bakı şəhəri Nərimanov RPİ Pasport Xidmətinə, həm də Azərbaycan Respublikasında qeydiyyata düşməyi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Ancaq heç vaxt lazımi cavab almamışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə yaxınlaşmalı, ancaq bundan sonra “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın müvafiq bəndləri ilə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdiriləcəyi halda şəxsiyyəti təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Şəxsin AR vətəndaşlığına mənsubiyyəti tanınmayacağı halda: 1. Digər ölkənin vətəndaşlığına mənsub deyilsə, lakin Azərbaycan SSR-də anadan olmuşdursa AR vətəndaşlığına qəbul üçün 2. Digər ölkənin vətəndaşlığına mənsub deyilsə və Azərbaycan SSR-də anadan olmamışdırsa "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 14-cü maddəsinin 4-cü hissəsi, o cümlədən Mülki Prosessual Məcəllənin 307.2.10-1 və 310.2-ci maddələri nəzərə alınmaqla xüsusi icraat qaydasında (daimi yaşama və heç bir ölkənin vətəndaşı olmama faktı) rayon(şəhər) məhkəmələrinə müraciət etməsi tövsiyə olunur.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İddiaçı üçün “Azərbaycanda Rus İcması”na ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq araşdırmanın aparılması zəruridir. Bu məqsədlə V.S.Novruzovnanın qoşma kimi məktuba əlavə olunan ərizə-anketi tam şəkildə doldurularaq siyahıda göstərilən digər sənədlərlə birlikdə (sənədlərin siyahısını əlavə olunur) ASAN Xidmət mərkəzlərinə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İddiaçı üçün “Azərbaycanda Rus İcması”na ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaəqdar sorğunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizə-anket nümunəsinə uyğun şəkildə tərtib olunaraq “ASAN Xidmət” mərkəzlərinə müraciət etməyi tövsiyyə olunmuşdur. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar şəxs tərəfindən verilən ərizə-anket nümunəsi və həmin ərizə-anketə əlavə edilən sənədlərin siyahısı ünvanına göndərilmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçıya 2 dəfə məktub ünvanlanaraq lazımi sənədlərin təqdim edilməsi tələb edilmiş və daha sonra araşdırma aparılacağı bildirilmişdir. Lakin iddiaçı hər hansı müraciət etməmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan məktublarda qeyd edilmişdir ki , İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq araşdırmanın aparılması zəruridir. Bu məqsədlə V.S.Novruzovnanın qoşma kimi məktuba əlavə olunan ərizə-anketi tam şəkildə doldurularaq siyahıda göstərilən digər sənədlərlə birlikdə (sənədlərin siyahısını əlavə olunur) ASAN Xidmət mərkəzlərinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, iddiaçıya 2 dəfə məktub ünvanlanaraq lazımi sənədlərin təqdim edilməsi tələb edilmiş və daha sonra araşdırma aparılacağı bildirilmişdir. Lakin iddiaçı hər hansı müraciət etməmişdir. Eyni zamanda iş materiallarında da iddiaçının lazımi sənədlərlə birliktə cavbadeh orqana müraciəti ilə bağlı hər hansı dəlil yoxdur.

11. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli Qərarı: 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 3.2. Dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir (bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir (bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). 3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir (bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.

12. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) müraciət etməli və inzibati orqana yuxarıda qeyd edilən sənədləri təqdim etməli (belə müraciət inzibati araşdırmanın predmeti olmamışdır), müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan (inzibati aktın qəbulundan imtinadan) məhkəməyə şikayət verilməsi mümkündür.

13. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar