Məhkəmə qərarları › İş №2-1(112)-9846/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9846/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9846/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə vergi rüsumlarının üçüncü şəxslərdən tutulması öhdəliyinin qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclas;nda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, vergi rüsumlarının üçüncü şəxslərdən tutulması öhdəliyinin qoyulması barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi rüsumlarının X3 və X1 tutularaq Dövlət Vergi Xidmətinin hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X3 və X4 onun adına 20.06.2019-cu il tarixdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətini yaradıblar. Bu cəmiyyətin dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir. Sonradan 26.06.2019-cu il tarixdə dövlət qeydiyyat № (VÖEN) ********** olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təsis etmişlər. Daha sonra isə həmin tarixdə dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan "xxxx" şirkətini yaratmışlar. Sonradan isə həmin tarixdə "xxxx" MMC-ni yaratmışlar ki, onun da dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir. Bununla kifayətlənməyərək həmin tarixdə "xxxx" MMC yaratmışlar ki, onun da dövlət qeydiyyat № (VÖEN) **********-dir. 2019-cu ildə məhkəmədən ona bir sənəd gəlmişdir. Həmin sənəddə onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Sonradan öyrənmişdir ki, bu qadağa vergilərin ödənilmədiyi üçün tətbiq olunmuşdur. Hal-hazırda 38.000 manata yaxın vergi borcu hesablanmışdır. Elnur adlı şəxs bu şirkəti idarə etməyi Emil adlı şəxsə həvalə etmişdir. Lakin etibarnamə Emilə verilmişdir. Sonuncular qanunsuz əməllərə yol vermişlər. Bununla əlaqədr aidiyyatı hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir. Oradan isə bu işə qarşı tədbir görülmək əvəzinə bu müəssisələrin necə ləğv olunması barədə məsləhətlər verilmişdir. Lakin borcun həmin qanunsuz hərəkətlərə yol vermiş üçüncü şəxslər tərəfindən ödətdirilməsinə toxunulmamışdır. Bu işlə əlaqədar Konstitusiya Məhkəməsinin qərarı vardır ki, hər hansı bir şirkət yaradılarkən bu şirkətə görə yaranan borclara görə məsuliyyət şirkət adına olan şəxsə görə deyil, faktiki olaraq onu idarə edən şəxsə yönləndirilməlidir. Yəni bu halda yaranan borclara və digər hallara görə məsuliyyət onu faktiki olaraq edən şəxsə aid olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, ondan iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər iş üzrə araşdırma aparılması, həmçinin iddianın mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə tərəfindən İddiaçı məhkəmə iclasında hüquqi yardım göstərilərək, sonuncuya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, hazırki iddiaya cavab verməli olan cavabdehin (cavabdehlərin) və iddia tələblərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı tələbini dəqiqləşdirməsindən imtina etmiş və iddianın dəqiqləşdirməsinə dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmiş və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri sadalanmışdır. İddiaçı hazırki iddia tələbi qeyd olunan maddə ilə müəyyən edilmiş iddia növlərinin hər hansı birinə aid olmamaqla yanaşı həm də qanunvericiliyin digər normaları baxımından da əsaslandırılmamışdır. Uçot baza məlumatlarına əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********5), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********3), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanlarının rəhbəri qismində çıxış edir. İddiaçının cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə “onun adından sui-istifadə yolu ilə adına açılmış şirkətlərin yaranmış vergi öhdəliklərinin X3 və X1 tutularaq dövlət büdcəsinə köçürülməsi” öhdəliyinin qoyulmasına dair tələbini qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Halbuki İddiaçı tələb etdiyi hərəkətin yerinə yetirilməsi, yəni onun rəhbəri olduğu Cəmiyyətlərin vergi borcunun ödənilməsi öhdəliyinin həmin hüquqi şəxslərin rəhbərindən başqa digər şəxslərin üzərinə qoyulması vergi orqanlarının səlahiyyətləri çərçivəsində olmamaqla yanaşı qanunla belə bir öhdəliyi də müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə isə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu isə o deməkdir ki, yuxanda adları göstərilən müəssisələrin öhdəlikləri üzrə maddi məsul şəxs qismində həmin Cəmiyyətlərin icra orqanlarının rəhbəri olan İddiaçı çıxış edir. Həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı isə öz iddia ərizəsində inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. X5 5.1-ci və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. X10 5.3-cü bəndinə görə iddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Həmçinin, Plenum Qərarının 9-cu bəndində bildirilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırki iş üzrə iddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalı, daha sonra isə cavabdehin tələb olunan hərəkətləri yerinə yetirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri və öhdəliyi mövcud olmalıdır ki, onların yerinə yetirilməməsi hüququn pozulması kimi qiymətləndirilə bilsin. Göründüyü kimi, Dövlət Vergi Xidməti tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vergi rüsumlarının X3 və X1 tutularaq Dövlət Vergi Xidmətinin hesabına köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə doğulmuşdur. - "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsis sənədlərindən görünür ki, cəmiyyətlər Hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə 20.06.2006-cı ildə dövlət qeydiyyatına alınmışdlar. - “Hüquqi vergi ödəyicisi haqqında məlumat” dan görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri kimi İddiaçı qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xidməti tərəfindən iddiaçıya ünvanlanmış 29.07.2020-ci il tarixli məktubda göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təsisçisi və rəhbəri olduğu "xxxx" MMC (VÖEN **********', "xxxx" MMC (VÖEN **********), “VANİSAK" MMC (VÖEN **********), "ZİRONA” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) adlı hüquqi şəxslər 20.06.2019-cıı il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün onun adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və ona aid olan elektron imza ilə müvafiq sənədlər imzalanmışdır. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.6cı maddəsinə əsasən elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Həmin Qanunun 20.3- cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onlann digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Məktubda qeyd edilən hüquqi şəxsləri ləğv etmək istədiyiniz təqdirdə, onun tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosedurlar yerinə yetirilməlidir. Hüquqi şəxslərin ləğv edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Belə ki, Mülki Məcəllənin 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayım “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (kommersiya qurumlarına münasibətdə Dövlət Vergi Xidmətinə) müraciət etməlidir. Həmin Qanunun 16.1-1 və 16.1-2-ci maddələrinə əsasən Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür əlavə olunur. Təqdim edilmiş sənədlər həmin Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda. 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Qeyd edilənləri nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada prosedurların yerjnə yetirilməsi tövsiyə olunmuşdur. Həmçinin, hüquqi şəxsin fəaliyyətinin və digər vergi tutulan əməliyyatının olmadığı təqdirdə, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq vergi orqanına hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayış verilməsi tövsiyə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə vergi rüsumlarının üçüncü şəxslərdən tutulması öhdəliyinin qoyulması barədə barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar