Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9847/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, övladının Səbail rayon Qeydiyyat şöbəsinin 04.03.2010-cu il tarixli, 210 saylı doğum haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir.
2. Cavabdeh 05/Q1119/15 nömrəli, 20.08.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, Azərbaycan Republikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğvi qaydası”nın 23-cü bəndində istinad edərək vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunmasının məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunmasının isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edildiyini, doğum haqqında birinci qeydə alınan akt qeydinin ləğv olunmasının onların imkanı xaricində olmasını və bu barədə məhkəməyə müraciət edə biləcəyini bildirmişdir
3. Bundan sonra İddiaçı 27 avqust 2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Qeydiyyat şöbəsinin 04.03.2010-cu il tarixli, 210 saylı akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, qızı X4 19.07.2004-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Keçmiş qayınanası Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 04.08.2012-ci il tarixli 21 saylı akt qeydinə əsasən qızına doğum haqqında şəhadətnamə almışdır. Lakin həmin doğum haqqında şəhadətnamədən onun məlumatı olmamışdır. Buna görə də Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edərək X1 doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 04.03.2010-cu il tarixli, 210 saylı aktı qeydi əsasında doğum haqqında şəhadətnamə vermişdir. X1 yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsi üçün müraciət etdikdə məlum olmuşdur ki, ona Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 04.08.2012-ci il tarixli 21 saylı akt qeydinə əsasən doğum haqqında şəhadətnamə verilmişdir.
5. Cavabdeh iddia ərizəsinə münasibətində iddiaçıya ünvanladığı imtina məktubundakı eyni əsaslara istinad etmiş, işin baxılmasını məhkəmənin mülahizəsinə buraxmışdır.
6. 11.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan 12.08.2004-cü il tarixli 21 saylı doğum haqqında akt qeydindən görünür ki, 19.07.2004-cü il tarixdə Şəki rayonunda doğulmuş X2 (ata - 12.09.1978-ci il təvəllüdlü X5, ana – xx.xx.1978-ci il təvəllüdlü X6) doğum faktı doğum haqqında akt qeydləri kitabında 12.08.2004-cü il tarixdə 21 nömrə ilə qeydə alınmış, bu barədə 452680 nömrəli AZ-İ seriyalı doğum haqqında şəhadətnamə verilmişdir.
10. İşdə olan 04.10.2010-cü il tarixli 210 nömrəli doğum haqqında akt qeydindən görünür ki, 19.07.2004-cü il tarixdə doğulmuş X2 (ata -12.09.1978-ci il təvəllüdlü X5, ana – xx.xx.1978-ci il təvəllüdlü X6) doğum faktı doğum haqqında akt qeydləri kitabında 04.03.2010-cu il tarixdə 210 nömrə ilə qeydə alınmış, bu barədə 397068 nömrəli AZ-İİ seriyalı doğum haqqında şəhadətnamə verilmişdir.
11. İddiaçı hazırda qızı X4 barəsində iki fərqli akt qeydinin tərtib edildiyini bildirərək, sonradan tərtib edilmiş 04.10.2010-cü il tarixli 210 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasını xahiş edir.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»a əsasən həmin əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.
13. Həmin Müddəaların 23-cü hissəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Müddəaların 25-ci hissəsinə əsasən bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. Müddəaların 26-ci hissəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Müddəaların 28-ci hissəsinə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
14. Sadalanan normalardan görünür ki, akt qeydi təkrar tərtib olunduqda həmin qeyd məhkəmə qərarı ilə və ya qeydiyyat şöbələri tərəfindən ləğv edilir.
15. İşdən görünür ki, X2 doğumunun qeydiyyatı ilkin olaraq Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12.08.2004-cü il tarixdə aparılsa da, 04.10.2010-cu il tarixdə təkrar olaraq Səbail rayon qeydiyyat şöbəsi tərəfindən doğumun qeydiyyatı aparılmışdır.
16. Belə olan halda yuxarıda istinad olunan normalara əsasən aydın olur ki, təkrar qeydi aparmış iş üzrə cavabdeh Səbail rayon qeydiyyat şöbəsi həmin akt qeydini müvafiq ərizə əsasında ləğv etməli olduğu halda bunu etməmiş, bu zaman akt qeydinin ləğvinin onun imkanı xaricində olmasına istinad etmişdir, halbuki qanunverici belə bir səlahiyyəti qeydiyyat şöbəsinə də vermişdir. Bu səbəbdən məhkəmə cavabdehin bu imtinasını əsassız hesab etməklə qeyd edir ki, cavabdeh bununla iddiaçının hüquqlarının pozulmasına yol vermişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən X4 barəsində tərtib edilmiş 04 mart 2010-cu il tarixli 210 saylı doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova