Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9848/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, dövlət qulluğu stajının ümumilikdə 32 il 10 ay 27 gün müddətə görə hesablanmasınının aparılmasını və ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının 31 dekabr 2021-ci il tarixdə pensiya hüququ yaranmışdır və onun təqdim etdiyi sənədlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona 21 il 5 ay staj tətbiq edərək pensiya hesablamışdır. İddiaçı dövlət qulluğu stajının 32 il 10 ay 27 gün müddətə görə yenidən hesablanmasını tələb edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci madəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərə əsasən, İddiaçı dövlət qulluğu stajı 21 il 5 ay (xx.xx.1977-xx.xx.1979, xx.xx.1979-xx.xx.1086, xx.xx.1986-xx.xx.1989, xx.xx.2009xx.xx.2019) hesablanmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X2 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.1989-1993-cü illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi yanında təsərrüfat hesablı nəzarət və uçot şöbəsində işlədiyi dövrləin dövlət qulluğu stajı kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət,sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımcı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na uyğunlaşdırılması barədə hər hansı məlumat göstərilməmiş, sadəcə məhkəmə qərarları sadalanmışdır. Qeyd edilən məktubda “Azərbalı” X1 fəaliyyətini tam təsərrüfatı hesablı, özxərciniödəmə,özünümaliyyələşdirmə və özünüidarə əsasında həyata keçirən müəssisə və təşkilatların birliyi olduğu üçün dövlət orqanı hesab edilmədiyi, bu səbəbdən həmin Konserndə,o cümlədən onun tabeliyində olan idarədə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilmişdir. İddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentində xx.xx.2004-xx.xx.2019-cu il tarixədək işlədiyi dövr “Dövlət orqanllarınının aparatlarının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onların böıçələrinin adları” xx.xx.2009-cu ildə edilmiş əlavələrə uyğun olaraq,məhz həmin tarixdən sözügedən departament dövlət orqanı siyahısına əlavə edilməklə dövlət orqanı statusu əldə etmişdir. Məktubda qeyd edildiyi kimi göstərilən səbəblərdən iddiaçının işlədiyi xx.xx.2004-xx.xx.2009-cu ilədək olan dövr dövlət qulluğu stajına daxil edilmir. Sonradan iddiaçı idda tələbinə dəqiqləşmə təqdim edərək, 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən 1.183,05 manat məbləğində sabiq dövlət qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçi hazırki iddia tələbi ilə onun xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSRİ X4 komitəsi yanında təsərrüfat hesablı uçot və nəzarət sektorunda böyük təftişçi mühasib vəzifəsində işlədiyi müddəti dövlət qulluğuna aid edilməklə pensiyanın yenidən hesablanmasını xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki,dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıb-yaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2.Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1.Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda iş stajı kimi 21 il 05 ay nəzərə alınması mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSRİ X4 komitəsi yanında təsərrüfat hesablı uçot və nəzarət sektorunda böyük təftişçi mühasib vəzifəsində işlədiyi müddəti təşkil edir. Məhkəmə iddiaçının işlədiyi həmin vəzifənin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmamasının müəyyən edilməsində X3 tərəfindən verilmiş arayışın mühüm rol oynadığını bildirir. Belə ki, Azərbaycan Respublikası X3 tərəfindən verilmiş arayışın surətindən görünür ki, 1989-1993-cü illərdə Azərbaycan SSR X4 Komitəsinin (1991-ci ildə Ərzaq və Kənd Təsərrüfatlı Nazirliyi, 1993-cü ildə Kənd Təsərrüfatı Nazirliyi) təsərrüfat hesablı Nəzarət və uçot şöbəsində işlədiyi müddətə münasibətdə bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1981)-713/2016 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1423/2016 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2-1(102)-155/2017 nömrəli qərarları ilə həmin şöbənin bilavasitə Komitənin, sonradan isə Nazirliyin strukturunda mövcud olduğu müəyyən edilmiş və həmin şöbədə iş müddətinin dövlət qulluğu stajı kimi tanındığını bildirmişdir. İlkin olaraq nəzərə alınmalıdır ki, X3 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X3 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nizamnaməsi) Digər tərəfdən isə qeyd olunmalıdır ki, oxşar mübahisə kimi X2 də qeyd etdiyi məhkəmə qərarlarının surətinindən görünür ki, yuxarı instansiya məhkəmələri öz qərarlarında bildirmişdirlər ki, Azərbaycan SSR Nazirlər Sovetinin Balıqçılıq Təsərrüfatı İdarəsi 1988-ci ildə ləğv edilərək Azərbaycan Respublikası X4 Komitəsinə (DASK) birləşdirilmiş, bu İdarə isə Azərbaycan SSR Nazirlər Sovetinin İdarəsi olmuş, sonra isə Dövlət Komitəsi ilə birləşdirilmişdir. Bu Komitə 1991-ci ildə ləğv edilərək onun bazasında Azərbaycan Respublikası Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılmışdır. Yuxarı instansiya məhkəmələrə bu hallara əsaslanaraq digər vətəndaşın həmin müddətdə işlədiyi vəzifəni dövlət qulluğu kimi tanımışdırlar. Məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Məhkəmə qərarlarında (X2 də istinad etdiyi) göstərilən şəxsə eyni müəssisədə işlədiyi müddət dövlət qulluğu kimi nəzərə alındığından, həmin şəxsin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. Belə ki, hazırkı qərarın 32-ci bəndində göstərilən normanın məzmununa görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Belə olan halda, məhkəmə hesab edir ki, 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajı dövlət qulluğu kimi nəzərə alınmalı və iddiaçının əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən həyata keçirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9848/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9848/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver