Məhkəmə qərarları › İş №2-1(112)-985/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-985/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-985/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «məcburi dövlət sosial sığorta üzrə ödənilmiş vəsaitin iddiaçının fərdi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «sosial təminat hüququnun təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 25 yanvar 2020-ci il tarixdə İddiaçı 64 yaş 6 ayı tamam olmuşdur. Yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Əmək kitabçası ilə təsdiq olunan 23 ilə yaxın iş stajı var. 2017-ci ildə əmək pensiyası almaq üçün tələb olunan iş stajının 12 ildən 25 ilə qaldırılması ilə əlaqədar olaraq “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na (JN-751 KOD ********) əsasən Dövlət Sosial Sığorta Fondunun Balakən rayon Filialının göndərişi ilə 2017-ci ilin 6 ayı üçün 30 iyun 2017-ci il tarixdə “Kapital Bank”ın Balakən Filialına 16 manat 20 qəpik, 13 mart 2018-ci il tarixdə isə 2018-ci il üçün 36 manat 20 qəpik pulu Dövlət Sosial Sığorta Fonduna köçürmüşdür. Dövlət sosial sığorta şəhadətnaməsi SSN **********634. Dövlət tədbiri olaraq, bu qaydada pul köçürmələr 1 yanvar 2019-cu il tarixdən dayandırılmışdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362- VQD nömrəli Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, ona 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyası təyin edilir. Banka ödədiyi sosial sığorta pulunun fərdi uçot sistemində əks olunmadığı üçün həmin bankdan verilən qəbzlərə əsasən ödədiyi sosial sığorta pulunun köçürdüyü tarixdə fərdi uçot sistemində əks olunaraq ona (iddiaçıya) əmək pensiyası təyin edilməsi üçün 2020-ci il yanvar ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2021-ci ilin oktyabr ayında isə DSMF Sosial Sığorta və X5 Filialına ərizə ilə müraciət etmişdir. Lakin onun iki ərizəsinə verilən cavablar onu qane etmir. Ədaləti bərpa edərək onun haqqını və hüququnun təmin etməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan DSMF Sosial Sığorta və X5 Filialının 9 oktyabr 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda bildirilir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış 7 oktyabr 2021-ci il tarixli müraciətə baxılmışdır. Kovxayev X1 elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə :szaedənlərin və sığortaoiunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Qeyd olunan Qanunun 13.3-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər uçota alındıqdan, uçotdan çıxarıldıqdan, həmçinin uçot məlumatlarında hər hansı dəyişiklik edildikdən sonra bu barədə 1 iş günü müddətində Nazirliyə məlumat verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı qeydiyyatda olduğu ərazi üzrə vergi orqanına müraciət edilməsi tövsiyə olunur. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İş materialları Bakı İnzibati Məhkəməsinə iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat (cəmi 52,4 manat) torpağın məcburi dövlət sosial sığorta təyinatı üzrə ödənişin iddiaçının fərdi-şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasənm inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidemtinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3-cü bəndinə görə aşağıdakılar DSMF-nin vəzifələrinə daxildir: - (3.1.5) sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək; - (3.2.10) sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.7-ci maddəsinə görə fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: (22-1.4.1) 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; (22- 1.4.2) 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; (22-1.4.3) bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; (22- 1.4.4) bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin hazırda qüvvədə olan tələblərinə görə sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır (maddə 13.1). Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur (maddə 13.2). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir (maddə 13.3). Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir (maddə 13.4). Həmin maddənin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - (14.5.1) sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında; - (14.5.1-1) Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: (14.5.1-1.9) mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında. Göründüyü kimi, mövcud qanunvericilik normaları müvafiq hallarda və qaydada mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan sığortaolunanların müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqları ödəməsini və bu məbləğlərin DSMF orqanı tərəfindən onların fərdi hesabının sığorta hissəsinə köçürülməsini nəzərdə tutur. Lakin nəzərə alınmalıdır ki, həmin köçürülmə sığortaolunanların torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra məcburi dövlət sosial sığortasının məqsədləri üçün müvafiq qaydada uçota alınması zəruridir. Hazırkı işin hallarına görə İddiaçı (ailə üzvləri ilə birlikdə) mülkiyyətində “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədi üzrə, yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və ona bu barədə JN-751 kod 40100048 “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”, sonradan 2021-cu ildə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış verilmişdir. İddiaçı "xxxx" ASC-nin Balakən filialında ******************** saylı h/hesaba “DSMF torpağın mdss” təyinatı üzrə (alan müştərinin VÖEN ********* olmaqla, Balakən rayonu üzrə Maliyyə Şöbəsi) 13 mart 2018-ci il tarixdə 36.2 manat, 30 iyun 2017-ci il tarixdə isə, 16,20 manat vəsait ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı İddiaçı həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində marağı da aydın görünür. Çünki, belə hal ona fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik sığortaolunan kimi əmək pensiyası hüququnun yaranmasına xidmət edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsinə onun mükiyyətində olan kənd təsərrüfatına yararlı torpağa görə məcburi dövlət sosial sığorta təyinatı üzrə 2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat (cəmi 52,4 manat) ödənişin köçürülməsindən cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73-cü maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı fərdi hesabının sığorta hissəsinə onun mükiyyətində olan kənd təsərrüfatına yararlı torpağa görə məcburi dövlət sosial sığorta təyinatı üzrə 2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat (cəmi 52,4 manat) ödənişin köçürülməsi öhdəliyi cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı fərdi hesabının sığorta hissəsinə onun mükiyyətində olan kənd təsərrüfatına yararlı torpağa görə məcburi dövlət sosial sığorta təyinatı üzrə 2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat (cəmi 52,4 manat) ödənişin köçürülməsi öhdəliyi cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar