Məhkəmə qərarları › İş №2-1(112)-9851/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9851/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9851/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Çayka” X2 üzvlərinin 08 nömrəli, 13 avqust 2003-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən X2 nizamnaməsinin 2.6 b bəndinə uyğun olaraq, 48 №-li torpaq sahəsinin sahibi X5 üzvlükdən kənar edilmiş, İddiaçı Bakı şəhəri Türkan qəsəbəsində yerləşən “üzümçülük sovxozu” ərazisindəki “Çayka” X3 üzv qəbul edilmiş və 48 №-li torpaq sahəsi (6,0 sot) İddiaçı istifadəsinə verilmişdir. İddiaçıya “Çayka” X2 üzvü olmasına dair üzvlük bileti verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...idarənin arxivində saxlanılan “Çayka” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Bundan əlavə bağçılıq-yoldaşlığın bölgü sxemi İdarənin arxivində olmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin İdarənin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi həmin bağçılıq-yoldaşıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş protokoldan çıxarış və üzvlük kitabçası arasında torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcuddur. Belə ki, üzvlük kitabçasında sahə 0,05 ha göstərilsə də, protokoldan çıxarış və üzvlük kitabçası arasında torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcuddur. Belə ki, üzvlük kitabçasında sahə 0,05 ha göstərilsə də, protokoldan çıxarışda 0,06 ha qeyd olunmuşdur”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisindəki 6.0 (altı) sot həcmində bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, 13 avqust 2003-cü il tarixdən "Çayka" X2 üzvlərinin qərarı ilə Bakı şəhəri Türkan qəsəbəsində yerləşən Üzümçülük sovxozu ərazisindəki ’’Çayka" X3 üzv qəbul edilmiş və 6.0 (altı) sot həcmində 48 nömrəli torpaq sahəsi onun istifadəsinə şerilmişdir. Hal-hazırda da istifadəsindədir Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı “Çayka” X2 üzvlərinin 13 avqust 2003-cü il tarixli iclasında qəbul edilmiş 08 nömrəli qərarla iddiaçı Bakı şəhəri Türkan qəsəbəsində yerləşən “üzümçülük sovxozu” ərazisindəki “Çayka” X3 üzv qəbul edilmiş və 48 №-li torpaq sahəsi (6,0 sot) İddiaçı istifadəsinə verilmişdir. Həmçinin iddiaçıya “Çayka” X2 üzvü olmasına dair üzvlük bileti verilmişdir. İddiaçı həmin torpaq sahəsinə hüquqların dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçının üzvlük kitabçasının əslini təqdim edir. Həmin kitabçada üzvlərin iclas protokolunun tarixi və nömrəsinə istinad vardır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxivində saxlanılan “Çayka” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir; 2) Bağçılıq-yoldaşlığın bölgü sxemi İdarənin arxivində olmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır; 3) İdarənin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi həmin bağçılıq-yoldaşıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir; 4) üzvlük kitabçasında sahə 0,05 ha göstərilsə də, protokoldan çıxarışda 0,06 ha qeyd olunmuşdur; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə bağçılıq-yoldaşlıq cəmiyyətinin üzv olmasına dair üzvlük biletinin əslini və protokoldan çıxarışı təqdim etmişdir. İddiaçının bağçılığın üzvü olması mötəbər sübutla, üzvlük kitabçasının əsli və protokoldan çıxarış ilə təsdiq edilir. Təqdim edilən sənədlərdən görünür ki, Çayka” bağçılıq-yoldaşlıq 1988-ci ci ildə yaranıb. İddiaçı isə bağçılığa 2003-cü ildə üzv qəbul edilib. Ona görə də, iddiaçının adının bağçılığın üzvlərinin siyahısında olması mümkün deyildir. Məhkəmə 2-ci halla bağlı qeyd edir ki, iş materiallarına əsasən iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə ailə üzvləri ilə birlikdə uzun illərdir orada yaşayır, hər hansı digər şəxslərin həmin bağa dair iddiası və müraciəti olmamışdır. Cavabdeh İdarə tərəfindən torpaq sahəsinin yerləşməsini müəyyən edən koordinatlar, həmçinin ortofoto göründüsü təqdim edilmişdir. Bağçılığın arxiv qovluğunda bölgü sxemin olmaması, iddiaçının təqsiri deyil və mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas təşkil etmir. Bundan başqa cavabdehin 2-cü dəlili ilə 3-cü dəlili ziddiyyət təşkil edir. Belə ki, cavabdeh həm torpaq sahəsinin Bağçılıq-yoldaşlığın bölgü sxemi İdarənin arxivində olmadığından yerləşməsinin araşdırılmasının mümkün olmadığını bildirir, digər tərəfdən isə torpaq sahəsinin bir hissəsi həmin bağçılıq-yoldaşıq təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyini qeyd etmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə cavabdehin imtinasının 3-cü dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ortofotodan və xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, torpaq sahəsinin bir hissəsi (254 kv.m hissəsi) ayrıc aktından kənarda yerləşir. Məhkəmə qeyd edir ki, bağçılıq tərəfindən iddiaçıya ayrılan torpaq sahəsi bağçılığın sərhəddində, ayrıc aktının sərhəddində yerləşir və bu yanlışlıq, uyğunsuzluq iddiaçının təqsiri deyil. Həmçinin ayrıc aktında kənarda düşən hissə, torpaq sahəsinin az hissəsini təşkil etməkdə bağçılığın ayrıcından əhəmiyyətli dərəcədə kənarda yerləşmir. Torpaq sahəsi ümumiyyələt ayrıc aktında kənarda yerləşsəydi cavabdehin imtinasını əsaslı hesab etmək olardı. Hazırkı halda isə, torpaq sahəsinin az hissəsinin ayrıcdan kənarda yerləşməsi, iddiaçını hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, torpaq sahəsinin ayrıc aktından kənarda düşən hissəsi də daxil olmaqla, uzun illərdir ki, iddiaçının istfadəsindədir və orada fərdi yaşayış evin inşa etməklə yaşayır. Torpaq sahəsinə hər hansı digər şəxsin iddiası yoxdur və hər hansı reyestr qeydi ilə üst-üstü düşmə halları yoxdur. Məhkəmə 4-cü halla bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş üzvlük biletinin və iclas protokolundan çıxarışın əslində iddiaçının istifadəsinə 0,06 ha və 6 sot torpaq sahəsin verildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. İddiaçı istifadəsində olan Bakı şəhəri, Türkan qəsəbəsi, ərazisindəki 6.0 (altı) sot həcmində bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar