Məhkəmə qərarları › İş №2-1(112)-9855/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9855/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9855/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, İddiaçı1 nümayəndəsi (atası) X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin nümayəndəsi X6 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə 17.07.2021-ci il tarixdə müraciət edərək “(COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il tarixli, 07 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 manat verilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, koronovirus pandemiyası ilə əlaqədar dövlət tərəfindən aztəminatlı insanlara 190 manat verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər, lakin Məşğulluq Agentliyinin 8 saylı ərazi idarəsi tərəfinədn onlara əsassız olaraq imtina məktubu verilmişdir. Belə ki, İddiaçı1 bildirilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya sistemindən əldə edilmiş məlumata görə pay torpağı var. İddiaçı2 isə ümumi sözlərlə bildirilib ki, o, aztəminatlı sayılmır. Səbəbi izah edilməyib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 isə bildirilib ki, İddiaçı2 torpaq mülkiyyətçisi olduğuna görə, dövlət orqanlarının, təşkilatların və digər qurumların elektron informasiya ehtiyatlarından və sistemlərindən alınmış məlumatlara əsasən aztəminatlı sayılmadığına görə İddiaçı1 birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. X7 və onun 8 saylı Ərazi Məşğulluq Mərkəzinin imtina məktubları bir-birini təkzib edir. Bildirilir ki, İddiaçı1 və İddiaçı2 2016cı ildən ayrı-təsərrüfatlardır, heç bir mülkiyyəti – torpaq, ev, maşın, mal-qara, toyuqcücələri yoxdur, işsizdirlər. İddiaçı1 subaydır, cəbhə bölgəsində, müharibə xəttində olub, Vətən Müharibəsi iştirakçısıdır, dövlət orqanları və digər təşkilatlarda işləməyib, işsiz kimi Ərazi Məşğulluq Mərkəzində qeydiyyatdadır, hələ də dövlət tərəfindən iş, həyatyanı torpaq, sosial ev və mal-qara ilə təmin olunmur. İddiaçı2 2015-ci ildən ailəlidir, iki azyaşlı övladı var, həyat yoldaşı və özü heç bir yerdə işləmir, sosial yardım və digər müavinətlər almırlar. X9 və kiçik qardaşları Sabirli Hacıqulu uşaqlıqdan əlildirlər. Hər ikisinin çöl pay torpaqları isə 24.04.2014-cü ildə notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında satılıb. Lakin həmin hüquqların qeydə alınmaması onların təqsiri deyil. Odur ki, imtinanı əsassız hesab edir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 02.08.2021-ci il tarixli qərardadı ilə işə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminə uyğun olaraq torpaq mülkiyyətçisi olduğuna görə İddiaçı2, dövlət orqanlarının, təşkilatların və digər qurumların elektron informasiya ehtiyatlarından və sistemlərindən alınmış məlumatlara əsasən aztəminatlı sayılmadığına görə İddiaçı1 birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə mobil nömrələrinə SMS bildirişi göndərilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxslərə ödənilir. Həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Yuxarıda qeyd olunan informasiya ehtiyatlarından əldə olunmuş məlumatlara görə İddiaçı1 dair anket 21.04.2020-ci il tarixində təsdiqlənmişdir və o zamandan etibarən hazırki dövrə qədər şəxsin “Məşğulluq” altsistemində anktetində statusu “İşaxtaran” müəyyən olunmuşdur. Əlavə olaraq İddiaçı2 birdəfəlik ödənişin verilməsindən imtina müvafiq internet informasiya resurslarından alınmış məlumatlara əsasən onun adına pay torpağı olduğunun təsbit edilməsi olmuşdur. Qeyd olunanlarla əlaqədar birgə iddiaçılar İddiaçı1 Canahgir oğlu və İddiaçı2 190 manat birdəfəlik ödəniş almaq hüququ yaranmamış və müvafiq olaraq da ödənməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavahdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda xüsusi karantin rejiminin tətbiq olunduğu 3 aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” iddiası üzrə 2- 1(112)-9855/2021 nömrəli inzibati işindən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” üzrə icraat ayrılmışdır.

8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdeh iddiaya yazılı etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü

10. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddianın növü öhdəliyin icrası haqqında iddiadır.

11. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikasının Konstitusiyası

38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

16. Azərbaycan Respublikası Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. Həmin qərarın 2-1-ci bəndinə əsasən, birdəfəlik ödəmə cari ilin aprel və may ayları üçün ödənilir.

17. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

18. X12 Məhkəməsinin presedent hüququna əsasən: -İqtisadi və ya sosial strategiyanın ümumi tədbirlərinə gəldikdə, adətən Konvensiyaya uyğun olaraq dövlətə geniş qiymətləndirmə marjasına icazə verilir. Öz cəmiyyətləri və onun ehtiyacları haqqında bilavasitə məlumatlarına görə, milli hakimiyyət orqanları sosial və ya iqtisadi əsaslarla ictimai maraqlara uyğun olanı qiymətləndirmək üçün prinsipcə beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər və Məhkəmə qanunverici orqanın siyasət seçiminə “açıq-aşkar ağlabatan əsassız” deyilsə hörmətlə yanaşacaq. Daha ümumi dillə desək, Məhkəmə belə hesab etmişdir ki, Konvensiyanın müddəaları Razılığa gələn Dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya və ya şəxslər qrupuna digərlərindən fərqli münasibət göstərən ümumi siyasət sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunla müəyyən edilmiş kateqoriya və ya qrupun hüquqlarına müdaxilə Konvensiyaya əsasən əsaslandırıla bilər (Andrejeva Latviyaya qarşı [GC], № 55707/00, § 83, AİHM 2009 və JD və A Birləşmiş Krallıqa qarşı, n. 32949/17 və 34614/17, § 88, 24 oktyabr 2019-cu il və orada göstərilən hallar); -Xüsusilə, Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Razılığa gələn Dövlətin hər hansı sosial təminat sxeminin tətbiq edilibedilməməsi, yaxud müavinətlərin növünü və ya məbləğini seçmək azadlığına heç bir məhdudiyyət qoymur (hər hansı bir belə sxem əsasında təmin etmək). Bununla belə, Razılığa gələn Dövlətin sosial müavinət hüququ kimi ödənilməsini nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu qanunvericilik onun tələblərini təmin edən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyət marağı yaradan hesab edilməlidir (Šaltınytė Litvaya qarşı iş § 58); -Bundan başqa, ərizəçinin Konvensiyanın 14-cü maddəsi ilə əhatə olunan ayrı-seçkilik əsasına görə müəyyən müavinətdən tam və ya qismən məhrum edilməsi ilə bağlı işlərdə müvafiq test ərizəçinin bu hüquqa malik olub-olmamasıdır, yəni şikayət edilən hal olmasaydı, sözügedən müavinəti almaq üçün daxili qanunvericiliyə uyğun olaraq icra edilə bilən hüquqa malikdirmi? Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsinə hər hansı növ sosial təminat ödənişi almaq hüququ daxil deyil, əgər dövlət müavinətlər sistemi yaratmaq qərarına gələrsə, bunu Konvensiyanın 14-cü maddəsinə uyğun şəkildə etməlidir (Šaltınytė Litvaya qarşı iş § 59).

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

20. Məhkəmə qeyd edir ki, İddiaçı1 “Məşğulluq” altsistemində statusunun “işaxtaran” müəyyən olunması onun “işsiz” statusunu istisna etmir və qeyd edilən formal yanaşma qanunvericinin məqsədinə uyğun olmamaqla mütənasiblik prinsipinə uyğun deyil, bu əsasla verilmiş imtina qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

21. Digər tərəfdən məhkəmə qeyd edir ki, 21.06.2014-cü il tarixli Daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən “Satıcılar” X4, X5, İddiaçı1 (iddiaçı), İddiaçı2 bir tərəfdən olmaqla Ağsu rayonunun Muradlı kəndində yerləşən 2,9559 ha torpaq sahəsini satmışlar.

22. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini satmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində torpaq mülkiyyətçisi qeydinin qalması onun məsuliyyət dairəsinə daxil deyil və reyestr məlumatındakı həmin yanlışlığa görə məsuliyyət yükünün vətəndaşın üzərinə qoyulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş qalar və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuş olar.

23. Məhkəmənin 02.09.2021-ci il tarixli sərəncamı ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci və 2.3-cü bəndi üzrə uyğunluğuna dair aparılmış yoxlama və nəticəsi barədə məlumatın məhkəməyə təqdim etməsi tələb olunmuşdur. İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazda yalnız qeyd edilən əsaslar bildirilmişdir.

24. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli, 07 avqust 2020-ci il tarixli 283 nömrəli, 06 noyabr 2020-ci il tarixli 444 nömrəli qərarlarına əsasən 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq bəzi rayon və şəhərlərdə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilmişdir.

25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 xüsusi karantin rejiminin tətbiq olunduğu xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ildə 3 (üç) üzrə aylıq 190 manat olmaqla cəmi 570 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı1 xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ildə 3 (üç) üzrə aylıq 190 manat olmaqla cəmi 570 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar