Məhkəmə qərarları › İş №2-1(112)-9855/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9855/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9855/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyin qarşı cavabdehin 13 mart 2023-cü il tarixli 3-165/2-13-887/2023 saylı imtinasının (imtinedici aktının) qanunsuz hesab edilməsi və “Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 29 dekabr 2022-ci ildə “Queerdian" İctimai birliyini (bundan sonra - İB adlandırılacaq) təsis etmişlər və onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB-in əsas məqsədi kuir (queer) vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. ‘'Queerdian“ İctimai Birliklər, həmçinin Azərbaycanda kurilərin hüquq və azadlıqlarını müdafiə etməyə, kurilərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kurilərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyasi və qeyri-dini birlikdir. İB qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Siyasi, hüquqi və sosial sahələrdə, habelə vətəndaş cəmiyyətində fəaliyyət göstərənlərin kuirlərlə işləmə və kommunikasiya bacarıqlarını artırmaq üçün təlimlər keçirmək; Kuirlərin kimliyinə görə qarşılaşdıqları problemlərinin ictimai müzakirələrini təşkil etmək və həll yolları axtarmaq; Tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin hüquq və azadlıqları barədə data formalaşdırmaq; Kuirlərin hüquqi, sosial, siyasi və psixoloji dəstəyi təşviq etmək üçün müvafiq maraqlı tərəflər ilə əməkdaşlıqlar etmək, xidmətlər göstərilməsini təmin edən və ya əlaqələndirən fəaliyyətlər göstərmək; Jurnallar, bülletenlər, kitabçalar, broşuralar və s. çap edib yayır, maarifləndirici reklam çarxları hazırlayır; Xarici dövlətlərdə, eləcə də, Azərbaycan Respublikasında mövcud olan ictimai birliklər və başqa oxşar qurumlarla əlaqələr yaradır; Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür; Hüquq sahəsinə aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. yaradır; Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir; İB öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. 29 dekabr 2022-ci ildə İB-nin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi (iddiaçı) İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı2 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imnzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasiya özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı2 tapşırılıb. 29 dekabr 2022-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib, qeydiyyat sənədlərinin təqdim edilməsi səlahiyyəti isə təsisçi İddiaçı2 tapşırılıb. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 13 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb (həmin imtina məktubu iddiaçılara rəsmi qaydada 27 mart 2023-cü ildə təqdim edilib). Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1 -ci maddəsinə və “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 13 mart 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçılar məhkəməyə müraciət etmişdir. Cavabdeh məktubunda “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinə istinad edərək həmin maddənin tələblərinə riayət edilmədiyini iddia edir. Belə ki, cavabdeh göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib. Həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsinə görə, qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyd edirlər ki, hazırkı iş üzrə mübahisə hüquqi xarakterlidir, yəni cavabdeh iddiaçının qanunun hüquqi tələbinə riayət etmədiyini bildirir. Mübahisəli hüquqi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsidir. Həmin norma qeyrihökumət təşkilatının adı ilə əlaqəlidir və qurumun adında onun təşkilati-hüquqi formasının və fəaliyyət xarakterinin göstərilməsini tələb edir. Cavabdeh qurumun təşkilati-hüquqi formaya uyğun adı olması hissəsini mübahisələndirmir. İşin hallarından da görünür ki. iddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə qeyri-hökumət təşkilatını təsis etməyi nəzərdə tuturlar. İddiaçıların təsis etdiyi qurum “Queerdian” adlanır. “Queerdian” ingiliscə "guardian" - mühafizəçi sözünün dəyişdirilmiş formasıdır. Bu adın məqsədi kuir (queer) vətəndaşların hüquqlarının mühafizəsi ilə əlaqədar seçilib. Həmin addan görünür ki, iddiaçılar kuir vətəndaşların hüquqlarının müdafiəsini məqsəd kimi qarşılarına qoyurlar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndində təşkilatın məqsədləri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki. təşkilatın fəaliyyət məqsədi kuirlərin hüquq və azadlıqlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formaşaldırmağa çalışmaqdan ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndində bu məqsədlərə çatmaq üçün fəaliyyət istiqamətləri sadalanır. Həmin fəaliyyət istiqamətləri kimi kuirlərin görünürlüyünü artırmaq üçün kuir vətəndaşlara və onlarla sosial, siyasi, hüquqi sahələrdə fəaliyyət göstərən qruplara təlimlər vermək və ictimai müzakirə platformaları yaratmaq, kuirlərin hüquqi, sosial, siyasi və psixoloji ehtiyaclarının qarşılanması üçün müvafiq qruplarla əlaqələrinin yaradılmasına dəstək olmaq, tədqiqat və hesabatlarla Azərbaycanda kuirlərin siyasi hüquq və azadlıqları barədə data formalaşdıraraq kuir vətəndaşların görünürlüyünü artırmaq kimi fəaliyyət istiqamətləri göstərilib. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat kuirlərlə işləmə təcrübəsini artırmağa və kuir hüquqlarının müdafiəsi istiqamətlərində çalışır. Buna uyğun olaraq isə adını “Queerdian”, yəni “kuir mühafizəçisi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmayıb. Amma sözün adi mənasında “xarakter“ - səciyyə, əlamət mənalarına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işi mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” ifadəsi Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin norma aşağıdakı kimidir: “Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak. qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.” Həmin normadan göründüyü kimi qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə görə bölür. Bu normadan aydın olur ki, fəaliyyət xarakteri dedikdə, qanunverici fəaliyyətin mahiyyəti, istiqaməti və ya əlamətini başa düşür. İşin hallarından görünür ki, iddiaçıların seçdikləri adı onların fəaliyyətinin mahiyyətinə (istiqamətinə, əlamətinə) uyğundur. Bundan əlavə, cavabdeh imtinasını əsaslandırmayıb. Belə ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmayıb. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Bununla da cavabdehin imtinası qanunsuz və əsassızdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 11.3- cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Cavabdeh imtinasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə istinad edib. Həmin norma edilən müraciətlə əlaqədar qəti imtinanı müəyyən edir. Bununla da cavabdeh iddiaçıların 29 dekabr 2022-ci il tarixli təsisetmə üzrə bütün hərəkətlərini sıradan çıxarıb. Buna əsasən iddiaçılar qeyri-hökumət təşkilatının qeydiyyatı ilə əlaqədar müvafiq addımları ata bilməyəcəklər. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. Ədliyyə nazirliyi tərəfindən İctimai Birliklərin qeydiyyata alınmasında əsassız imtinalar verilir, təşkilatlar qeydiyyata alınmır. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyi tərəfindən qanunsuz və əsassız olaraq ictimai birliklərin qeydiyyatından imtina ilə bağlı çoxsaylı qərarlar qəbul edilib. İddiaçılar həmin qərarlardan bir neçəsini məhkəmənin diqqətinə çatdırır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Queerdian” İctimai Birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi kuir (cinsəlliyi və ya cinsi kimliyi geniş ictimaiyyətdən fərqli olan şəxsə istinad etmək üçün istifadə edilən kollektiv termin) vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan ibarətdir. Qurumun sənədləri bir dəfə xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunveriicliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qyed olunmaqla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Eyni zamanda qeyd edirlər ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. “Queerdian” İctimai Birliyinin təsis yığıncağının 29 dekabr 2022-ci il tarixli protokoluna və qərarına əsasən təsisçilər İddiaçı1 və İddiaçı2 olmaqla “Queerdian” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir.

7. Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “Queerdian” İctimai Birliyi, ingilis dilində “Queerdian” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 2ci bəndinə əsasən Birlik Azərbaycanda olan kuir (queer) vətəndaşları siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian” İctimai Birlikdir, həmçinin Azərbaycanda kuirlərin hüquq və azadlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artıq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri-kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyası və qeyri-dini birlikdir.

8. Cavabdeh tərəfindən İddiaçı2 ““Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti”nə baxılaraq xx.xx.2023-cü il tarixi 3-16-5/2-13- 887/2023 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə hazırki işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.

16. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qanunun 1.2-ci maddəsində göstərilir ki, bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər.

17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmin Qanunun 5.3cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsin əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

19. Hazırki işdən müəyyən olunur ki, iddiaçıların təsisçisi olduqları “Queerdian” İctimai Birliyinin təsis yığıncağının 29 dekabr 2022-ci il tarixli protokoluna və qərarına əsasən “Queerdian” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir. Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “Queerdian” İctimai Birliyi, ingilis dilində “Queerdian” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 2ci bəndinə əsasən Birlik Azərbaycanda olan kuir (queer) vətəndaşları siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaq məqsədilə yaradılıb. “Queerdian” İctimai Birlikdir, həmçinin Azərbaycanda kuirlərin hüquq və azadlarını müdafiə etməyə, kuirlərin cəmiyyətdə rolunu görünən etməyə, kuirlərin iştirakçılığını artıq üçün əməkdaşlıqlar etməyə, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirlərin əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışır. Qeyri-kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. “Queerdian” İctimai Birliyi qeyri-siyası və qeyri-dini birlikdir. İddiaçı2 ““Queerdian” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinə baxılaraq müraciətindən xx.xx.2023-cü il tarixi 3-16-5/2-13-887/2023 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır.

20. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tədbiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunduğundan, iddiaçıların tələbi əsssız hesab edilməlidir.

21. Belə ki, işin hallarından göründüyü kimi, təşkilatın əsas məqsədi kuir vətəndaşların siyasi, hüquqi, sosial və iqtisadi vəziyyətini və görünürlüyünü yaxşılaşdırmaqdan, onların hüuqlarını hüquq və azadlıqlarını müdafiə etməkdən, onların cəmiyyətdə iştirakçılığını artırmaq üçün əməkdaşlıqlar etməkdən, inkluziv cəmiyyətin qurulması üçün kuir aktivizmini dəstəkləməyə, kuirləri əhatə edən sosial, siyasi data formalaşdırmağa çalışmaqdan ibarət olsa da, sözügedən məqsədləri təşkilatın adından müəyyən etmək mümkün olmur. Çünki, iddiaçıların özlərinin də, iddia ərizəsində göstərdiklərindən belə nəticəyə gəlmək olur ki, “Queerdian” adı iddiaçılar tərəfindən “Guardian”, yəni “mühafizəçi” sözündən ilhamlanaraq həmin sözün dəyişdirilmiş formasıdır ki, həmin söz dəyişikliyə məruz qaldıqdan sonra “Queerdian” formasında nə ingilis, nə də ki, azərbaycan dillərində nəinki qurumun fəaliyyətini xarakterizə etmir, ümumiyyətlə bir məna ifadə etmir. Birliyin fəaliyyətinin xarakteri və istiqamətləri yalnız, təşkilatın Nizamnaməsinə nəzər yetirdikdə müəyyən olunur.

22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən Birliyinin adının müəyyənləşdirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (icitmai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur.

23. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da, iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Məhkəmə həmçinin xüsusilə vurğulamağı zəruri hesab edir ki, sənədlərin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılar tərəfindən qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana yenidən müraciət etmək hüquqları saxlanılır.

24. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

26. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

27. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar