Məhkəmə qərarları › İş №2-1(112)-9857/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9857/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9857/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı “hesabatların təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Nəsimi bələdiyyəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər) tərəfindən 2019, 2021 və 2022-ci illərə dair “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”nın Bakı şəhəri Nəsimi bələdiyyəsinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bələdiyyələrin maliyyə mənbələrindən biri də ərazilərində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdir. Cavabdeh (mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər) Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 175 ünvanda faktiki fəaliyyət göstərir. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfinən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunmalı və hesablanmış məbləğ (ödəniş) növbəti ayın 5dək müvafiq bələdiyyənin hesabına ödənilməlidir. Hesabatın təqdim olunması ilə bağlı Cavabdehnə bələdiyyənin xx.xx.2022-ci il tarixli, 01-473 saylı bildiriş məktubları göndərilsə də, hesabat təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 30 iyun 2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 07 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi bələdiyyəsi tərəfindən Süleyman Rəhimov 175 ünvanında mehmanxana fəaliyyəti göstərən Leili HassanShahi (Otel(Cavabdeh MMC)) ünvanlanan bildirişdə qeyd edilmişdir ki, yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait’in 7.4-cü bəndində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” bələdiyyələrə təqdim olunmalı və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməsi göstərilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan qanunvericiliyin tələblərinə əməl olunmamış, Nəsimi bələdiyyəsinə 2019, 2021, 2022-ci illərə dair "Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən 2019, 2021, 2022-ci illərə dair “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” 5 iş günü müddətində Nəsimi bələdiyyəsinə təqdim edilsin. Əks təqdirdə öhdəliyin icrası ilə bağlı İnzibati Prosesual Məcəllənin tələblərinə uyğun olaraq məhkəməyə müraciət ediləcək. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. 3.3-cü maddəsinə əsasən, bələdiyyələr bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 9.1 və 9.1.4-cü maddələrinə əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. 11.1-ci maddəsinə əsasən, bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2-ci maddəsinə əsasən, bu Qanunun 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Göründüyü kimi qanunvericilik yerli ödənişin hesablanması, ödənilməsi, habelə dərəcəsinin yuxarı həddini müəyyən etsə də, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarı ilə müəyyənləşdirir. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının hərəkətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin xx.xx.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsaifin 7.4-cü bəndində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən "Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı" bələdiyyələrə təqdim olunması və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin hesabına ödənilməsi göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inizbati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir. “Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnaməyə əsasən yerli vergilər və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti bələdiyyələrin vergi xidməti orqanları həyata keçirir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin: 5.3-5.6-cı bəndlərində bələdiyyələr tərəfindən yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilməsi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı olan inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir. Göründüyü kimi qeyd olunan Əsasnamədə və Qanunda bələdiyyələrə münasibətdə eyni məsələ ilə bağlı mahiyyət etibarı ilə bir-birindən fərqli icraat qaydası ilə müşayiət olunan iki müxtəlif davranış imkanı nəzərdə tutulmuşdur. “Normativ hüququ aktlar haqqında" Azərbaycan Respublikası Qanunun 10.5-cı maddəsində qeyd olunmuşdur ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında" Qanununun 82-ci, 87-ci maddələrinə və "İcra haqqında" Qanununun 6.1.8-cı maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər. Lakin bu o halda mümkündür ki, bələdiyyənin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən sahibkarlıq subyektləri tərəfindən üzərlərinə düşən öhdəlik icra olunmalı, yəni müvafiq hesabat bələdiyyəyə təqdim edilməli, tələb edilən vəsaitin həcmi bələdiyyəyə dəqiq məlum olandan sonra isə inzibati akt qəbul edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, yerli vergilər və ödənişlərin ödənilməsinin həyata keçirilməsi üçün qanuna müvafiq qaydada cavabdehdən “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” tələb edilsə də, cavabdeh tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hesabatın təqdim edilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə olan halda, sözügedən hesabatın əldə edilməsi qanunvericiliyə görə məhkəmə qərarı ilə həyata keçirilməlidir. Odur ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 2019, 2021 və 2022-ci illərə dair “Bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”nın Bakı şəhəri Nəsimi bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar