Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-986/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, hüquq sahibi X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “2” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən 62 saylı X1 bölgü sxemində torpaq sahəsinin nömrəsi qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, 2 saylı torpaq sahəsinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum X3 miras qalmış Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi vardır. Torpaq sahəsi hər tərəfdən mişar daşı ilə hasarlanmışdır və onun daimi istifadəsindədir. xx.xx.2015-ci il tarixdə X4 vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış və bu barədə aidiyyəti üzrə çıxarışın verilməsi xahiş olunmuşdur. O, digər sənədləri toplayıb cavabdehə müraciət edərək, Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ona müvafiq məktub göndərərək bunu etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassızdır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, torpaq sahəsinin nömrəsi yoxdursa, ona nömrə verilməsi idarənin müstəsna vəzifəsidir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarından görünür ki, həmin qərarla 62 nömrəli bağ-tikinti kooperativlərinin 12 nəfər üzvünün siyahısı təsdiq edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan X4 adı Zirə massivi üzrə 62 saylı BTK üzvlərinin siyahısında 7-ci sırada qeyd olunmuşdur. - Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 62 nömrəli kooperativinin xx.xx.1989-cu il tarixli 7 nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarına əsasən X5 62 nömrəli BTK tərkibində olan Zirə bağ massivində 0,12 ha torpaq sahəsi olan 2 nömrəli bağ sahəsi ayrılmışdır. -xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı, 739895 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2015-ci tarixdə ölmüş X4 vərəsəsi X9r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. -xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, 154385 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -İşdə olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu E.Ə.Kərimov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Beləliklə, işin istinad olunan hallarından görünür ki, Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarı ilə X5 62 nömrəli BTK tərkibində olan Zirə bağ massivində 0,12 ha torpaq sahəsi olan 2 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı hazırda bu sənədlərə istinad edərək, Ə.Rüstəmov və A.Rüstəmovun vəfat etdiyini, onun A.Rüstəmovun vərəsəsi olmasını nəzərə alaraq 2 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən Ə.Rüstəmovun bağçılıq tikinti kooperativinə üzv qəbul edilməsi barədə qərarı, ona bağ sahəsinin ayrılması barədə orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 2 saylı bağ sahəsinin Ə.Rüstəmova ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. İşdən görünür ki, cavabeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin yerləşmə yerinə istinad etmişdir. Belə ki, cavabdeh imtina məktubunda 2 saylı torpaq sahəsinin göstərilən torpaq sahəsinə aidiyyəti olmadığını, məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda isə sxematik xəritəyə əsasən 44 saylı bağ sahəsinin indekslərinin ərazisinə uyğun gəldiyini bildirmişdir. İşdə olan 62 nömrəli BTK-nın bağ sahələrinin Zirə massivində yerləşmə planından da görünür ki, orada 12 ədəd bağ sahəsi göstərilmiş, həmin bağların içərisində 2 nömrəli bağ sahəsi olmamışdır. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçının hazırda təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə bağın nömrəsi “2” göstərilsə də, naturada istifadə etdiyi bağ sahəsi 44 indeksli bağlara uyğun gəlir. Məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən verilmiş 62 saylı BTK-nın üzvlərinin siyahısından görünür ki, həmin siyahıda koorperativin üzvlərinin adları qeyd olunmuş və həmin adlardan solda siyahıda göstərilən şəxslərə ayrılmış bağ sahələrinin nömrələri ilə bağlı qeyd aparılmışdır. Əli Rüstəmovun adı siyahıda 7-ci olmuş, onun adının qarşısında “44В/10” (yəni 44v/10) nömrəsi qeyd olunmuşdur. Beləliklə, işin istinad olunan hallarına əsasən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixli orderlə Ə.rüstəmova 2 nömrəli bağ sahəsi ayrılsa da, əslində həmin bağın nömrəsi 44В/10 olmuşdur, hansı ki, iddiaçı hazırda da 44 saylı indeksə uyğun gələn həmin bağ sahəsindən istifadə edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırda istifadəsində olan bağ sahəsi hüquqmüəyyənedici sənədlərlə ona ayrılmış bağ sahəsinə uyğun olduğundan cavabdehin göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə barədə dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, Ə.Rüstəmova bağ sahəsi ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, Ə.Rüstəmova naturada 44В/10 saylı bağ sahəsi təhvil verilmiş, o və ailəsi bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Həmin bağ sahəsi ilə bağlı təqdim edilmiş orderdə nömrə uyğunsuzluğunun olması isə iddiaçının bilməli olduğu hal olmamış və torpaq ayıran müvafiq səlahiyyətli qurumun məsuliyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2 saylı bağ sahəsinə (naturada “44v/10” saylı bağ sahəsinin ərazisinə uyğun gələn) mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-986/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-986/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver