Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9860/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X8 və onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X11 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, yəni İddiaçı, X11 və X19 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən, onun və azyaşlı övladı - X19 ünvan 1 ünvanına daimi pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında hal-hazırda o, yəni İddiaçı, X11, X23 və X15 daimi pasport qeydiyyatındadırlar. X2 14 fevral 1994-cü ildə İ Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı Füzuli rayonunda şəhid olmuşdur. Nizami Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən şəhid ailəsi kimi onlara Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 84,85 kv. metr olan 2 otaqlı, 23 nömrəli mənzil verilmiş və həmin mənzil X1nın adına sərəncamla rəsmiləşdirilmişdir. X1 30 oktyabr 2020-ci ildə ölmüşdür. X4 arvadı X7, oğlu X16 anasının və onun razılığı olmadan və iradələrinin əksinə zidd olaraq altı ildən çoxdur ki, mənzildə təmir işi aparacağı adı ilə etibardan sui-istifadə edərək mənzili zəbt etmiş, qapını bağlayaraq anasını və onu mənzilə buraxmamışlar. O, da evli olduğu üçün (xx.xx.2019-cu il) və mübahisəli mənzilin otağının birində yaşamaqlarına imkan verilmədiyi üçün bir ildən artıq ayı 300 manata Yasamal rayonu ərazisində kirayədə yaşamış, ailə büdcələrinə böyük maddi ziyan dəymiş və bu maddi ziyan artmaqda davam edir. Qardaşı -X15 öz ailəsi ilə heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayır. Anasının sağlığında və vəfatından sonra da mənzilə görə ailənin digər heç bir üzvü ilə daimi əsaslarla sosial kirayə müqaviləsi bağlanılmamışdır. Onlar daimi əsaslarla sosial kirayə müqaviləsinin bağlanması üçün aidiyyatı üzrə Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət etmişlər. Onlara bildirilmişdir ki, müqavilənin bağlanması üçün mütləq Suraxanı RPİ-yə müraciət edərək, məlum mənzilə pasport qeydiyyatına alınmalıdırlar. Bundan sonra əks tərəfin razılığı olmasa belə daimi əsaslarla sosial kirayə müqaviləsi bağlana və sərəncam yenilənə bilər. Bütün bu mübahisəli halları nəzərə alaraq aidiyyatı üzrə məhkəmə instansiyalarına iddia ərizələri ilə müraciət edilmiş, məhkəmə dəlil-sübutlara, təqdim edilmiş hüquqi sənədlərə qiymət verərək iddianı haqlı olaraq təmin etmiş və qətnamələr çıxarılmışdır. Həmçinin, qeydiyyata alınma tələbi ilə əlaqədər aidiyyatı üzrə Suraxanı Rayon Polis İdarəsinə rəsmi müraciət edilmiş, Suraxanı RPİ-nin xx.xx.2021-ci il 096-15679/1221 nömrəli məktubu ilə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmələri bildirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 iyun 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində iznibati məhkəmə icraatına cəlb edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X15 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçının verdiyi iddia ərizəsi tam əsassızdır. Göstərilən ünvana qeydiyyata düşməklə onun hüquqlarını məhdudlaşdırmağa çalışır. Həmin mənzil şəhid ailəsi olduqları üçün Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv. metr, yaşayış sahəsi 41,29 kv. metr olan 2 otaqlı 23 saylı mənzil üç nəfər ailə tərkibi (iki qardaş və anaları) ilə birlikdə anaları X3 adına rəsmiləşdirilmişdir. Qarşılıqlı razılıq əsasında Nizami rayonunda yerləşən və analarının adına olan mənzili isə İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər və hal-hazırda da onun xüsusi mülkiyyətindədir. Lakin anaları öldükdən sonra və onlar nikaha daxil oluqdan sonra iddiaçı bütün əmlaklara sahiblənmək istəyir. Məhz bura görə də ərizəsində qeyd etdiyi ünvana ailə üzvüləri ilə birlikdə qeydiyyata düşməyə çalışır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küç 14A, 23 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reystrində qeydiyyatı və çıxarışı yoxdur və buna görə də iddiaçı həmin mənzilə daimi pasport qeydiyyatına alına bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması: Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə - anketi doldurmalı və vəsiqənin veriməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. 1) şəxsiyyət vəsiqəsi və-ya-doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə icasında iştirak edən üçüncü şəxs X15 və onun nümayəndəsi və vəkili X17 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddiaçı və üçüncü şəxs və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş X23 ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci tarixli, 15 nömrəli “yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış mənzillərin onların adına rəsmiləşdirilməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv. metr, yaşayış sahəsi 41,29 kv. metr olan 2 otaqlı 23 saylı mənzilin – 3 nəfər ailə tərkibi ilə (özü- 1960-cı il təvəllüdlü X6, 1984-cü il təvəllüdlü oğlu X15, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1755 nömrəli məktubundan görünür ki, Suraxanı rayon MKTB-nin 103 saylı mənzil istismarı sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 105 saylı arayışa əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 23 saylı mənzili Suraxanı rayon MKTB-nin balansında olmaqla, Nizami RİHB-nın xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən vətəndaş X5 adına rəsmiləşdirilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 132430 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 11-ci günündə 951 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X12 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X23 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətindən cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 096-15679J-1221 məktubu ilə imtina edilmiş və imtinada iddiaçının qeydiyyata alınmaq istədiyi ünvan 1 ünvanının hüquqi sənədi olmaması əsas kimi göstərilmiş və iddiaçıya bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli məktubundan görünür ki, 2(010)-1318/2022 saylı mülki iş üzrə cavabdeh X15 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qətnaməsindən qanunla müəyyən edilmiş prosessual müddət daxilində şikayət verməmiş, müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə buraxılmış müddətin bərpa edilməməsi qərara alınmış, müvafiq qərardad xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Dolayısı ilə həmin qərardaddan şikayət vermə müddəti (10 gün) hələ bitməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.1 -ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18 4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bu baxımdan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsi qanuni qüvvəsini almış hesab edilir. Çünki cavabdeh qətnamənin ona rəsmi qaydada verildiyi gündən 1 ay ərzində apellyasiya şikayəti verməmiş, şikayət vermə müddətini ötürmüşdür. Elə cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi də qətnamədən qanunla müəyyən edilmiş prosessual müddət daxilində şikayət verilməməsinin cavabdeh tərəfindən etirafıdır. Odur ki, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi qətnamənin qanuni qüvvəyə minməsini istisna etmir və bu baxımdan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Müvafiq qətnamənin icra edilib-edilməməsi ilə bağlı hissədə göstərilmişdir ki, qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmiş, icra məmurunun "İcraata başlamaq haqqında” qərarı məhkəməyə daxil olmuşdur. Lakin icra sənədinin tam icra edilərək icraata xitam verilməsinə dair hər hansı məlumat hazırkı tarixədək məhkəməyə daxil olmamışdır. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 202172/22-18-11 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9860/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunaraq icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Suraxanı rayon İcra şöbəsinin 15 noyabr 2022-ci il tarixli aktından görünür ki, İddiaçı övladı X23 ilə birlikdə ünvan 1 ünvanına köçürülmüşlər. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a ünvanında yerləşən 23 saylı mənzil icra hakimiyyəti tərəfindən şəhid ailəsi kimi iddiaçının anasına (o, və qardaşı nəzərə alınmaqla) verilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçı və azyaşlı övladı mübahisəli mənzilə köçürülmüşdür. İddiaçı özünün və övladının həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı özünün və azyaşlı övladının mübahisəli ünvana qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçılar cavabdeh orqanın bu hərəkətinin İPM-nin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İPM-nin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Mübahisəli məhələ ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 23 saylı mənzildən istifadə hüququ vardır. Belə ki, iddiaçı və azyaşlı övladı Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən mübahisəli ünvana köçürülmüşdür. Hazırki vəziyyətdə iddiaçı özünün və övladının həmin ünvana qeydiyyata alınma tələbini irəli sürməkdə haqlıdır və cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Həmçinin qanunvericiliyin tələblərinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı və azyaşlı uşağı X19 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X19 ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9860/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9860/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver