Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9861/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik məhkəmə aidiyyətinin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də cavabdehin yaşayış yerinin və ya yerləşdiyi yerin, yaşayış yeri olmadığı hallarda isə olduğu yerin müəyyənləşdirilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, İPM-nin 8.1.4-cü maddəsində xüsusi ilə “digər hallarda” ifadəsi işlənilmişdir ki, bu da yalnız məhdud hallarda iddiaya məhz cavabdehin yerləşdiyi yer üzrə baxılmasını nəzərdə tutur. Məhkəmə diqqətə çatdırır ki, qüvvədə olan qanunvericilik mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqıda iddialarda mübahisənin iddiaçının yaşayış yeri üzrə baxılmasını məhz inzibati orqanın səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olmasından; daşınmaz əmlak ilə bağlı mübahisələrdə mübahisənin daşınmaz əmlakın dislokasiyasından; inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrdə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerdən, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerindən, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerdən; dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşməsindən asılı etmişdir. Göstərilən bu hallardan başqa digər hallarda İPM məhkəmə aidiyyətini cavabdehin yerləşdiyi yer üzrə baxılmasını şərtləndirmişdir. Yuxarıda göstərilənləri hazırki iddia tələbinə tətbiq etdikdə məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mərhum Nazim Balayevə artıq ödənilmiş 1.348,68 manat dövlət vəsaitinin Cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki iddia növü mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növünə aid olmamış, əmlak tələbi olduğundan İPM-2.2.7-ci maddəsinin təsiri altına düşərək kompensasiya haqqında iddia növünə uyğun olmuşdur. Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, cavabdeh fiziki şəxs olduğundan, onun inzibati orqan kimi səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olması da istisna olunur. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi İPM-nin 8.1.4-cü maddəsi ilə həyata keçirilməlidir. Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumatlarından müəyyən olunur ki, Cavabdeh yaşayış yeri Ağstafa rayonu, Poylu ərazi D, Poylu kəndidir. Cavabdehin yaşayış yeri Ağstafa rayonu olduğundan hazırki iddiaya Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması yolverilməzdir. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən şəxsin qeydiyyatda olduğu yer olan Ağstafa rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9861/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9861/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver