Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9862/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “X4” nəzdində Cavabdeh2 MMC, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və X3 qarşı “hərracın nəticələrinə dair protokolun ləğvi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər “X4 nəzdində Əmlak Hərrac Mərkəzi” MMC, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və X3 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavadeh Bakı şəhəri Nərimnaov rayon İcra şöbəsinin 20706-15-3E.Q saylı, xx.xx.2021-ci il tarixli sifarişi ilə Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 08/22 saylı protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 27 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1185/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı 28000 manat tutularaq X2 xeyrinə ödənilməli, aparılmış mütəxəssis rəyinin dəyərindən 100 manatı İddiaçı, 100 manatı isə X1 tutulmalı, ödənilmiş 10 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyərindən 65 manat X1 tutularaq X5 keçirilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC-nin 21 yanvar 2022-ci il tarixli, 08/22 saylı Hərrac yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 0,06 ha torpaq sahəsində olan 2441 saylı bağ evi tələbkar X3 28.000 manata satılmışdır. Hazırkı iddiasında iddiaçı Cavabdeh3 və digərlərinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 2690/2021 saylı işə baxıldığı halda Nərimanov rayon İcra şöbəsi tərəfindən hərracın sifariş edilərək keçirilməsinin qanunsuz olduğunu, eləcə də Cavabdeh2 MMC-nin onu hərrac barədə lazımı qaydada məlumatlandırılmadığını əsas gətirərək hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 08/22 saylı protokolun ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Eyni Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyndən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Qeyd edilənlərə əsasən hazırki halda iddiaçının icra qurumunun icra icraatı çərçivəsində icranın dayandırmaması ilə bağlı hərəkətsizliyinin qanuniliyi müstəqil iddia kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilərdi. İddiaçının iddia tələbinin yönəldiyi cavabdeh qismində qoyulmuş digər subyektlər- Cavabdeh2 MMC və X6 inzibati orqan olmamaqla onlara qarşı yönəlmiş hər hansı tələbə də inzibati məhkəmədə baxıla bilməz. Eyni zamanda iddiaçının mübahisələndirdiyi baş tutmuş hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 08/22 saylı protokol inzibati akt olmamaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Başqa sözlə, iddia tələbi həmin hissədə nə predmet, nə də subyekt baxımından inzibati məhkəmə icraatında mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddia inzibati məhkəmə icraatında mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər “X4” nəzdində Cavabdeh2 MMC, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi və X3 qarşı “hərracın nəticələrinə dair protokolun ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9862/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9862/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver