Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9863/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizgini təsdiq etmək vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 17 yanvar 245 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi Ozernaya küçəsi Kommunist dalanı ərazisinə aid plan və ölçünün tərtib edilməsi vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1991-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasına görə Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinə müraciət edib. Müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 17 yanvar 1992-cü il tarixli 245 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi, ərazisində ona fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamla mənə göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsi icazə verilmişdir. Bundan sonra mən həmin torpaq sahəsində müxtəlif ağaclar əkib, həmin torpaq sahəsinin hasarlayaraq həmin torpaq sahəsindən faktiki olaraq istifadə edib. Həmin dövrdə torpaq sahəsi mənə faktiki olaraq ölçülüb verilsə də, bu barədə mənə heç bir təhvil təslim aktı verilməmişdir. Mən sonradan bu barədə Suraxanı rayon icra Hakimiyyətinə müraciət edərək mənə torpaq sahəsinin ayrıc aktı və cizgi sənədlərinin verilməsini xahiş etsə də, onların müraciətinə cavab olaraq rayon İcra Hakimiyyətinin sənədləri 2006-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı filialına təhvil verilməsini və həmin Arxiv filialına müraciət etməyini tövsiyə etmişdirlər. O, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 17 yanvar 1992-cü il tarixli 245 saylı saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin ayrıc aktı və cizgi sənədlərinin arxivdən ona verilməsi üçün Dövlət Arxivinin Bakı Filialına müraciət etdi. X2 29 oktyabr 2019-cu il tarixli məktub ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 17 yanvar 1992-ci il tarixli 245 saylı saylı sərəncamına ayrıc aktı və cizgi sənədlərinin əlavə edilməməsi bildirilmişdir. Bundan sonra o yenidən Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsi barədə ayrıc aktı və cizgi sənədinin tərtib edilərək ona verilməsini xahiş etmişdi. Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinin 05 yanvar 2021-ci il tarixli İ-93-151 saylı məktubu ilə ona cavab verilərək bildirilmişdir ki, RİH-in sənədləri 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı İcra Hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq müraciətinin müsbət həlli səlahiyyətləri xaricində olduğunu göstərmişlər.
3. Məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 yanvar 1992-ci il tarixli 245 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsində 1200 kv.m torpaq sahəsinin cizgisinin təsdiq etmək vəzifəsininin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 05.07.2021-ci il tarixli imtinasında bildirilmişdir ki, RİH-in sənədləri 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətləri xaricindədir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən İddiaçı torpaq sahəsi ayrılması haqqında Suraxanı rayon İH-nin arxiv fondu üzrə 17.01.1992-ci il tarixli, 245 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, sərəncama eskiz və ayrıc aktı əlavə edilmədiyi, qeyd olunan sərəncamın qüvvədən düşməsi barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat olmadığını bildirmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, həmin torpaq sahəsi sərəncam verilən tarixdən onun istifadəsindədir. İddiaçı torpaq sahəsinə dair ayrıc aktının vaxtilə verilməsini istisna etmir, lakin hazırda torpaq sahəsinə dair hüquqlarını qeydə alınması üçün həmin sənəd onda yoxdur.
7. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 17.01.1992-ci il tarixli 245 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Bu səbəbdən iddianın təmin olmaması xahiş edilir.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
18. Bakı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 17 yanvar 1992-ci il tarixli 245 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsində 1200 kv.m torpaq sahəsi ayrılmış, Sərəncamın surəti məhkəməyə təqdim edilmiş və sərəncama eskiz və ayrıc aktının əlavə edilmədiyi bildirilmişdir. Sərəncam qüvvədədir. Odur ki, icra olunmalıdır.
19. X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
20. Məhkəmə hazırki iş üzrə araşdırmanı X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
21. Məhkəmə hesab edir ki, istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinə iddiaçının “qanuni gözləntisi” vardır. Cizginin verilməsindən imtina onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X5 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
22. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
23. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
24. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir
25. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
26. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 17.01.1992-ci il tarixli sərəncamı ilə birlikdə vətəndaşa təqdim edildiyini bildirsə də, həmin halın sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən sərəncama eskiz və ayrıc aktının əlavə edilmədiyi bildirilmişdir. İstənilən halda, ayrıc aktı vaxtilə iddiaçıya təqdim edilmiş olsa belə, hazırda həmin sənədin olmaması səbəbindən torpaq sahəsinə dair hüquqlarının qeydə alınmaması ağlabatandır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 17 yanvar 1992-ci il tarixli 245 nömrəli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ozernaya küçəsində 1200 kv.m torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva