Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9866/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 27 avqust 2021-ci il tarixdə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). İş materiallarından görünür ki, “Zaminbank" ASC ilə iddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylt kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində, 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2400 ABŞ dolları məbləğində kredit verilmişdir. 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinin təminatı olaraq, cavabdeh İddiaçı ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan ‘‘Mitsubishi Pajero" markalı, ağ rəngli, 2000-ci il ıxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. İddiaçı məhkəmə qərarları ilə istinad edilən kredit müqavilələri üzrə onun banka olan borcunun tutulması barədə cavabdehin tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsinə istinad edərək ‘‘Mitsubishi Pajero" markalı avtomobil üzərində olan ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğvi üçün ləğv prosesində olan “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, tələbi təmin olunmadığından hazıkı iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı mübahisə iddaçı ilə ləğv prosesində olan “Zaminbank" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında mülki hüquqi əqdlərdən, kredit və ipoteka müqavilələrindən yaranmışdır. Digər tərəfdən, iddiaçının cavabdeh qismində göstərdiyi Əmanətlərin Sığortalanması Fondu inzibati orqan deyil, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və qanuna əsasən həmin hüquqi şəxsə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının tələbinin əsasları nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçı hazırkı tələbini inzibati deyil, mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9866/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9866/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver