Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9867/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 qızı, İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 qızı, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 qızı, İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 29 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı, 023891 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 (satıcı) Bakı şəhəri, Lökbatan qəsəbəsi ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin 0,014 hektarını İddiaçı1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışına əsasən qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 282 №-li arayışına əsasən İddiaçı1 AN-İ № ******* nömrəli, xx.xx.2011-ci il alqı-satqı müqaviləsinə əsasən, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, döngə 2, ev 45A ünvanda qeydiyyatsız yaşayır və aşağıdakı ailə tərkibi var. 1. İddiaçı4, 2. İddiaçı3, 3. İddiaçı2 Musa qızı . İddiaçıların şəxsiyyət vəsiqələri deaktiv statusundadır. İddiaçı1 onun və ailə üzvlərinin fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün cavabdehə müraciət etmiş, cavabdeh evin hüquqmüəyyənedici sənədinin olmaması əsası ilə müraciəti təmin etməkdən imtina etmişdir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hazırda yaşadıqları ünvan 2 ünvana qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar əvvəllər ünvan 3 ünvanında qeydiyyatda olmuşlar. Onun iki övladı vardır və hər ikisi anadangəlmə əlildirlər. Övladlarının müalicəsi üçün əvvəl yaşadığı mənzili 02 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitin bir qismini övladlarının müalicəsinə xərcləmiş, qalan pula isə torpaq sahəsi alıb ev tikdirmişdir. Evi satdıqdan sonra mənzilin yeni sahibi onu və övladlarını əvvəl yaşadıqları evdən qeydiyyatdan çıxarmışdır. Hal-hazırda qeydiyyatı yoxdur. Övladlarının müalicəsi ilə əlaqədar müvafiq xəstəxanalara və orqanlara müraciət etmək məcburiyyətindədir. Lakin şəxsiyyət vəsiqələri aktiv olmadığından heç bir orqana müraciət edə bilmir. xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Lökbatan qəsəbəsində onun adına xüsusi mülkiyyət kimi torpaq sahəsi qeydiyyatdan keçmiş və torpaq üzərində ev tikdirməklə hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Lakin həmin evə də qeydiyyata düşə bilmir. Evin bütün kommunal xidmətləri, qaz, işıq, su, internet, telefon çəkilmiş, həmin vaxtdan da istifadə olunur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, İddiaçı1 xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı, 023891 №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsi ünvanında yerləşən 0,06 hektar torpaq sahəsinin 0,014 hektarını X1 almış və daşınmaz əmlakın dövlət reyestrində iddiaçının həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailə üavləri olan digər iddiaçılarla birlikdə həmin evdə yaşayır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçıların .şəxsiyyət vəsiqələri deaktiv statusundadır. Hazırda iddiaçılar həmin fərdi yaşayış evinə pasport qeydiyatına alınmalarını xahiş edirlər. Cavabdeh isə evin hüquqmüəyyənedici sənədinin olmaması əsası ilə iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçılar AN-İ № ******* nömrəli, xx.xx.2011-ci il alqı-satqı müqaviləsinə əsasən, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, döngə 2, ev 45A ünvanda qeydiyyatsız yaşayırlar. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. Qeyd edilən evin yerləşdiyi torpaq sahəsini iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçılar fərdi yaşayış evi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etsə də, cavabdeh İdarə bu halı nəzərə almamış, hər hansı əsaslandırma olmadan iddiaçıların tələbini təmin etməklə onların hüquqlarının pozulmasına yol vermişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 282 №-li arayışından müəyyən edilir ki, iddiaçıların yaşadığı fərdi yaşayış evi ünvan rekvizitlərinə (Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, döngə 2, ev 45A) malikdir. Məhkəmə həmçinin nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” ( “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı). Məhkəmə həmçinn qeyd edir ki, iddiçıların şəxsiyyət vəsiqəsi deaktiv statusunda olduğuna görə, ən mühüm konstitusion hüquqlarından (sosial müavinət, əməkı haqqı və s.) istifadə edə bilmirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçılar tələblərinin təmin olunması üçün zəruri olan faktiki şərtləri sübuta yertirdiyindən iddia tələbi təmin olunmalıdır. İnzibati prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı4, İddiaçı3 qızı və İddiaçı2 ünvan 2 ünvanına qeydiyyata alınmaları öhdəliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9867/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9867/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver