Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9871/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı Alməmməd oğlunun iştirakı ilə, İddiaçı Alməmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı “icra məmurunun hərəkətsizliyi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Alməmməd oğlu cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı “icra məmurunun hərəkətsizliyi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Alməmməd oğlu izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.10.2010-cu il tarixli 2(011)-3506 saylı icra sənədinə əsasən borclu X2 08.07.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 1/4 hissəsinin aliment qismində tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.02.2015-ci il tarixli 2(011)-581 saylı icra sənədinə əsasən 30.07.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 26.09.2014-cü il tarixindən başlayaraq hər ay 103 manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli, 2(011)-4870 saylı icra sənədinə əsasən 30.07.2013-cü il X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin işlər üzrə icra işlərinə məsul olan Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elçin Həsənov öz vəzifələrini icra etmir. Bu günə qədər həmin icra məmurunun işə etinadsız yanaşması alimentin xeyli miqdarda toplanmasına və alimenti almalı uşaqların çətin vəziyyətdə yaşamasına gətirib çıxarmışdır. Həmin icra məmuru haqqında dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmişdir. Lakin heç bir nəticə yoxdur. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Alməmməd oğlu izahatında əlavə olaraq bildirdi ki, tələbkar qızı X7 olsa da, o, qızı tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından bütün prosessual hərəkətləri etmək hüququna malikdir, bu səbəbdən də onun hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Həmçinin «İcra haqqında» Qanunun tələblərinə əsasən icra məmurunun hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verilə bilər. Həmin qanunun tələblərinə əsasən hazırki iddia ərizəsinə inzibati məhkəmədə baxılmalıdır. Bu səbəblərdən hesab edir ki, iddia tələbi mümkün hesab edilməlidir və iddia tələbinə qoyulduğu qaydada baxılmalı, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İş materiallarından və iddia ərizəsindən, eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddia tələbi icra məmurunun hərəkətsizliyi ilə əlaqədardır, icra sənədləri üzrə tələbkar isə X5r. Lakin məhkəməyə iddia ərizəsi ilə İddiaçı Alməmməd oğlu müraciət etmişdir. İddiaçı Alməmməd oğlu mübahisələndirilən icra sənədləri üzrə tələbkar olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən və iddia ərizəsindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətsizliyini mübahisələndirir və cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsini göstərmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan icra sənədi üzrə tələbkar, həmin icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9871/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9871/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver