Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9876/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və dəmir konstruksiyadan ibarət 10 kv.m qeyri-yaşayış sahəsi mərhum atası X1, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 267 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən (toxunulmaz mülkiyyət hüququ əsasında) xüsusi mülkiyyətində olmuşdur. Qeyd edir ki, mərhum atası X9 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə bağlı vərəsəlik açılmış və ona Bakı şəhəri Yasamal rayonu 5 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən sözügedən qeyri-yaşayış sahəsi istifadəsindədir. Əlavə olaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Orada müraciəti ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bildirir ki, müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubla xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyriyaşayış binası inşa edildiyi, yeni inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər olduğunu, həmin Qanunun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı olduğunu və həmin Qanunun 15-ci maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatından imtina edilməsi göstərilmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ümumilikdə 60 ildən çoxdur ki, atası X5 istifadəsində və mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2004-cü ildən, yəni atasının vəfatından sonra indiyədək sahiblik edir. Sözügedən qeyri-yaşayış sahəsi atasının vəfatından sonra vərəsəlik hüququ ilə ona miras qalmış və vərəsəliyini təsdiq edən Bakı şəhəri Yasamal rayonu 5 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin əmlak sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq məqsədilə xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət etmiş, daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubla xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edildiyi bildirilərək, qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququmun qeydiyyata alınmasından imtina edilmişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsi metal konsturuksiyadan ibarət olduğu üçün onun sökülməsi mümkün deyil. Həmin sözügedən qeyri-yaşayış sahəsinin üst qatı, mövcud kvadratmetr ölçü yerində qalmaqla yeni dəmir metalla örtülmüşdür. Orada hər hansı bir söküntüdən söhbət gedə bilməz. Buna baxmayaraq, cavabdeh orqan öz imtina məktubunda sözügedən qeyri-yaşayış sahəsinin sökülərək yenidən daşla tikildiyini bildirmişdir. Bununla yanaşı, cavabdeh orqan öz imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərin tərəfimdən təqdim edilmədiyini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqana müraciəti zamanı tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında çəhadətnamə və Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 267 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə təqdim edilmişdir. Bununla bağlı bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, o cümlədən həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Habelə həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Lakin cavabdeh orqan işi mahiyyəti üzrə araşdırmadan və ya araşdırmağa maraqlı olmadığından mülkiyyət hüququmu qeydiyyata almamış, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququmu pozmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2022ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququq haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edilib. Yeni inşa edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, **********20 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edilib. Yeni inşa edilən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə X7 verilmişdir. Ona görə ki, o, həqiqətən Bakı şəhəri, H.Hacıyev 56/58 ünvanında yerləşən 33 nömrəli ayaqqabı təmiri emalatxanasını qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 33 nömrəli ayaqqabı təmiri emalatxanası alıcının toxunulmaz mülkiyyətidir. Reyestr kitabında 2 nömrə, qeydiyyat kitabında 267 nömrəsi, səhifə 2-də, tarix xx.xx.1996-cı il qeyd edilmişdir. İşdə olan Yasamal VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 093580 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 02 aprel 2004-cü il tarixdə vəfat etmişdir. İşdə olan 30 dekabr 2004-cü il tarixdə Bakı şəhəri 5 nömrəli dövlət notariat kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 025 aprel 2004-cü il tarixdə vəfat etmiş X6 vərəsələri oğlu – İddiaçı və qızı – X2r. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamədə verilən miras əmlak ünvan 4 ünvanda yerləşən 33 nömrəli ayaqqabı təmiri emalatxanası. Həmin emalatxana irs qoyan şəxsə AR DƏK-nin kit.2, səh.2, xx.xx.1996-cı il tarixli şəhadətnaməsinə əsasən məxsusdur. İşdə olan ərizədən görünür ki, X4 ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İşdə olan 21 noyabr 2022-ci il tarixdə tərtib edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Bakı şəhəri, H.Hacıyev 56/58 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1 mərtəbəli olmaqla, faktiki ümumi sahəsi 7.7 kv.m-dir. Sözügedən qeyri-yaşayış sahəsi çöl tərəfindən dəmir profil üzərinə alkopan üzlük bərkidilmişdir və iç tərəfdən isə kərpiçlə hörülmüşdür. Faktiki vəziyyətə uyğun tərtib olunmuş plan, akta əlavə olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 23 may 2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh imtinasında təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binasının inşa edilməsinə, yeni inşa edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlətin təqdim edilməməsinə istinad edilmişdir ki, məhkəmə tərəfindən sözgedən halların araşdırılması zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mübahisəli qeyriyaşayış sahəsinə İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, baxış zamanı qeyriyaşayış sahəsinin 1 mərtəbəli, ümumi sahəsinin 7.7 kv.m olması, çöl tərəfdən dəmir profil üzərinə alkopan üzlük bərkidilməsi müəyyən edilmişdir. Metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binasının inşa edilməsi kimi hər hansı bir qeyd aparılmamışdır. Bundan əlavə, vərəsəlik hüququ haqqında şəhadətnamədə emalatxananın metal konstruksiyalı olması göstərilməmişdir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqumentlər əsassızdır və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. İşin hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən iddiaçının mərhum atasının mülkiyyətində olmuşdur. 30 dekabr 2004-cü il tarixdə Bakı şəhəri 5 nömrəli dövlət notariat kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən iddiaçı həmin əmlakdan irs almaq hüququna malikdir. Məhkəmə belə qənatə gəlir ki, həmin şəhadəntamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına əsas olan sənəd kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsinin müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X12rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9876/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9876/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver