Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9876/2023 27.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) qarşı “təhsil haqqının ödənilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021/2022-ci il tədris ili üçün (2-ci kurs) adına yazdıqları 2500 manat təhsil haqqı borcunun silinməsi və 2020/2021-ci il tədris ili üçün (1ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılmasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2021/2022ci il tədris ili üçün (2-ci kurs) adına yazılmış 2500 manat təhsil haqqının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi və 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, məcburi köçkün ailəsində 2001-ci ildə anadan olmuşdur. 2020-ci ildə İncəsənət Kollecinin Rəssamlıq fakültəsini bitirmiş, elə həmin ildə, yəni 2020-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika ixtisasına qəbul olunmuşdur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kursunda təhsil alır. Ailəsi rəsmi olaraq məcburi köçkündür və köçkün kimi, dövlət qeydiyyatındadır. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Yuxarıda qeyd edilən əsasları rəhbər tutaraq hələ 2020-ci tarixdən başalayaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəsmi qaydada müraciət edərək təhsil haqqının ödənilməsindən azad edilməsini xahiş etsə də, Azərbaycan X2 163/t saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən ancaq 2022/2023-cü il tədris ili üçün ödənişdən azad edib. Lakin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası əsasız olaraq xx.xx.2023-cü il tarixli bildirişi ilə ondan 2021/2022-ci il tədris ili üçün (2-ci kurs) 2500 manat təhsil haqqının ödənilməsini tələb edir. Həmçinin Azərbaycan X1 qanunsuz olaraq 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) 2500 manat təhsil haqqı ödəməyə məcbur etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki öhdəliyin icrası haqqında iddia növünə aid olan iddiaçının aldığı təhsil üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, AA seriyalı 473328 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı Qaçqınların və X3 üzrə Döclət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məcburi köçkün statusu və müvafiq vəsiqə verilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, “Təsviri Sənət və Sənətşünaslıq" fakültəsinin "Kitab tərtibatı və illüstrasiyası" ixtisasının ödənişli əsaslarla təhsil alan 3-cü kurs tələbəsi İddiaçı 2021/2022-ci tədris ili 2ci kurs üçün 2500 manat təhsil haqqı borcu vardır. 2020/2021-ci tədris ili 1 kursun ödənişi 2500 manat xx.xx.2020-ci tarixində ödənilmiş, 2022/2023-cü tədris ili 3 kursun təhsil haqqından xx.xx.2022 tarixli 163/t saylı əmrə əsasən azad olunmuşdur. İşdən görünür ki, iddiaçı məcburi köçkün statusunun olduğunu nəzərə alaraq xx.xx.2020-ci tarixdə etdiyi ödənişin geri qaytarılması, həmçinin 2021/2022-ci tədris ili 2-ci kurs üçün 2500 manat təhsil haqqı borcunun ödənilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 nömrəli Sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat təhsil səviyyəsində ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına əsasən məcburi köçkün statusunun verilməsi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirir və vətəndaşa bunu təsdiq edən vəsiqə verilir. Məktuba əsasən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə xx.xx.2022-ci il tarixdə verilmişdir. Bu səbəbdən vətəndaş yalnız həmin tarixdən müvafiq güzəştlərdən istifadə edə bilər. İddiaçı hazırda bu cavabla razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. İstinad olunan normalardan görünür ki, 2003-cü ildə məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları təhsil haqqını ödəməkdən azad edilsələr də, 2011/2012-ci tədris ilindən etibarən təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Yəni 2011/2012-ci tədris ilinə qədər məcburi köçkün statusuna malik şəxs təhsil haqqını ödəmirdisə, 2011/2012-ci tədris ilindən etibarən həmin haqqın ödənilməsi müəyyən edilmiş, lakin bu təhsil haqqının ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı tərəfindən ödənilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə”nə əsasən: - 1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə dövlət ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya olunması zamanı tərəflər arasında yaranan münasibətlərdir. - 3.1. Cavabdeh təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq, bu Müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş qaydada ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının onun təhsil aldığı dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. - 4.1. Ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 4.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Cavabdeh tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Qeyd olunan normalardan görünür ki, məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxsin təhsil haqqını ali təhsil müəssisəsinə şəxsin əvəzinə, büdcə vəsaiti hesabına Cavabdeh ödəyir. İddiaçıya məcburi köçkün statusunun xx.xx.2022-ci il tarixli qərarla verilməsi işin mübahisəsiz halını təşkil edir. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”na əsasən: - bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - bənd 3.1 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə (bundan sonra şöbə) ünvanlanır. - bənd 3.3. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. - bənd 3.5. “Məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. - bənd 3.6. “Məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, istinad olunan normalardan görünür ki, şəxsin məcburi köçkün olması barədə qərar Komitə tərəfindən qəbul edilir və yalnız həmin qərar qəbul edildikdən sonra şəxs üçün müvafiq hüquqi nəticələr yaranır, yəni bu statusu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. İşin yuxarıda sadalanan halları ilə müəyyən edildiyi kimi, iddiaçıya müvafiq status Komitənin xx.xx.2022-ci il tarixli qərarı ilə verilmiş, yəni o həmin statusu 2021/2022-ci tədris ili ərzində əldə etmişdir. Deməli, onun həmin qəbildən olan şəxslərə şamil edilən hüquq və vəzifələri, o cümlədən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququ həmin tarixdən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün statusunu 2021/2022-ci tədris ili ərzində əldə etdiyindən, onun həmin tədris ili üzrə təhsil xidmətlərinin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququ mövcud olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin iddiaçı 2020/2021-ci tədris ili zamanı müvafiq statusa malik olmadığından məhkəmə belə qənaətə gəlir ki, həmin il üzrə iddiaçının ali təhsil müəssisəsinə etdiyi ödənişin geri qaytarılmasını tələb etmək hüququ mövcud deyildir. Buna görə də iddia tələbi 2020/2021-ci tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının iddiaçıya geri qaytarılması hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 2021/2022-ci tədris ili üzrə təhsil haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında onun təhsil aldığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9876/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9876/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver