Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9879/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayədəsi və ya vəkili Vəkil, cavabdehin nümayəndələri X8 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində yeni məlumat vərəqəsinin tərtib edilib (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dekabr 1994-cü ildən aprel 2004-cü ilə kimi Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə, o cümlədən 1999-cu il aprel 2004cü ilədək Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 1900 manat olmuşdur. Lakin pensiyaya çıxanda son iş yeri Şəki Sərhəd dəstəsində sərhəd məsələləri üzrə hüquqşünas olduğu üçün (əmək haqqı 950 manat olmuşdur) pensiyası da bu əmək haqqına əsasən səhv hesablanmışdır. Ona görə pensiyası Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavinin vəzifəsinə uyğun yenidən hesablanmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı səhhəti və ya yaşı ilə əlaqədar az maaşlı vəzifəyə keçirilməmişdir. O, təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamından başqa vəzifəyə təyin edilmişdir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanun daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulardan bəhs edir. Daha az maaşlı vəzifəyə, yəni xx.xx.2004 il tarixdə Şəki sərhəd dəstəsində sərhəd nümayəndəliyi bölməsinin hüquq məsləhətçisi vəzifəsinə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, İddiaçı yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. İddiaçı polkovnik-leytenant hərbi rütbəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qanunvericiyə əsasən, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 48 yaş kimi müəyyənləşdirilib. Lakin xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə aşağı vəzifəyə təyin olunanda onun 48 yaşı tamam olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2004-cü il tarixli əmri ilə DSX rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2004-cü il tarixdən N №-li hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixdə “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsinə uyğun olaraq məlumat vərəqəsinin tərtib edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Pensiyaların təyin edilməsi şərtləri Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
13. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: ... baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; ...
78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir.
81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 79-cu maddəsinin tələblərinin və səhhətinin vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı X3 ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İddianın maddi hüquqi əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.18-ci maddəsi təşkil edir ki, həmin maddəyə əsasən, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, tələb olunan dispozisiya şərtləri baxımından iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməlidir, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalıdır, yeni vəzifəyə keçirildiyi günə yasa görə əmək pensiyası hüququna malik olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud oldudu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2004-cü il tarixli əmri ilə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2004-cü il tarixdən N №-li hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Həmin əmrdə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə dair hər hansı qeyd mövcud deyil. İddiaçı, təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamından başqa vəzifəyə təyin edilmişdir. Digər tərəfdən, iddiaçı daha az maaşlı vəzifəyə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. İddiaçı polkovnikleytenant hərbi rütbəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qanunvericiyə əsasən, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 48 yaş kimi müəyyənləşdirilmişdir, lakin xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə aşağı vəzifəyə təyin olunan zaman onun 48 yaşı tamam olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov