Məhkəmə qərarları › İş №2-1(112)-988/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-988/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-988/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, X6 Ələkbər qızının, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 №-li Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 13 nömrəli Dövlət Notariat Kontorunun notariusu X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2-1(112)-988/2020 saylı qərardadı ilə, X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə tərəfindən həm məhkəmənin hazırlıq icraatının iclasında, həmçinin, iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia tələbi aydın deyildir, hazırki iddia tələbinə 13 №-li Dövlət Notariat Kontorunun notariusu hissəsində baxılması ümumi məhkəmənin səlahiyyətindədir. Bununla bağlı iddiaçıya qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, hazırki mübahisə ilə ümumi məhkəməyə müraciət etməsi təklif edilmişdir. Bundan başqa iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hissəsində baxılması ilə əlaqədar iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı 03 mart 2020-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsi, 13 №-li Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ona dəymiş maddi və mənəvi ziyanın tutularaq ödənilməsini xahiş etmişdir. İnzibati işin hazırlıq icraatının iclasında iddia tələbinin dəqiqləşdirilmsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(112)-988/2020 saylı qərardadı ilə X3 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə 03 mart 2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq icraatının iclasının yeri və vaxtı barədə cavabdeh 13 №-li Dövlət Notariat Kontoru Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 3-cü şəxs X5 lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdehlər və 3-cü şəxs səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin tələblərini rəhbər tutaraq, işə gəlməyən şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 mart 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 izahat verərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin hansı hərəkətsizliyi nəticəsində ona zərər dəydiyini qeyd etməmiş və iddia tələbində ümumiyyətlə, iddianın predmeti aydın olaraq göstərilməmişdir. İddiaçı ziyanın ödənilməsi ilə bağlı ilkin olaraq cavabdehə müraciət ünvanlamamış, həmçinin, iddia tələbində konkret olaraq hansı məbləğdə ziyanın ödənilməli olduğunu qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən K.Hüseynzadə iddia ərizəsinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, İnzibati Prosessual Məcəlləsinin 45-46cı maddələrində iddia ərizəsinin məzmunun və iddianın hansı qaydada qaldırılması təsfir olunmuşdur. İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Şərh olunan maddənin normaları baxımından qeyd olunmalıdır ki, iddiaçının tələbi dedikdə onun cavabdehə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret ifadə olunur: müəyyən pul məbləğinin tutulması, çıxarışın ləğvi, cavabdehin müəyyən hərəkətləri etməkdən çəkindirilməsi və s. Başqa sözlə desək, iddia ərizəsi yazılı şəkildə verilməli, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi onların iddianın predmetini (iddiaçının cavabdehə qarşı konkret maddi-hüquqi tələbini) və əsasını (iddiaçının öz tələbini əsaslandırdığı halları) müəyyənləşdirməsinə imkan verməlidir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, öz xidməti vəzifəsinə uyğun olaraq, iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsini, həmçinin iddia tələbinin nəticə hissəsisində cavabdehlərə yönəlmiş tələbin konkret olaraq göstərilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərsə belə, iddiaçı son olaraq təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsində iddia tələbinin konkret olaraq nəyi ifadə etdiyini təsfir etməmiş və iddianın nəticə hissəsini aydın göstərməmişdir. İddiaçı iddia ərizəsində hazırki tələbini konkret göstərməsə belə, 03 mart 2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatının iclasında verdiyi izahat əsasında məlum olmuşdur ki, iddiaçının hazırki iddiasının əsası daşınmaz əmlakın bağışlaması haqqında müqavilə təşkil edir və iddiaçı həmin müqavilənin bağlanması və onun nəticəsində mülkiyyət hüquqlarının qeydiyyatının alınması ilə bağlı çıxarışın verilməsi nəticəsində cavabdehlərdən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini iki hissədən ibarət olduğunu bildirir. 1) Maddi və mənəzi ziyanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsindən və13 №-li Dövlət Notariat Kontorundan tutulmasıdır. 2) Maddi və mənəzi ziyanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulmasıdır Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibət bildirərək qeyd edir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarının 2.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət notariat ofisləri inzibati orqan təsnifatına aid edilmişdir. Buna baxmayaraq, iddia tələbinin həmin hissəsinə baxılması ümumi məhkəmənin səlahiyyətlərinə aiddir. Belə ki, “Notariat haqqında” Qanunun 11-ci maddəsinə əsasən, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. “İnzibati və mülki hüququ münasibətlərindən irəli gələn mübahisələlərin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarın 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.8-ci maddələrinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər məhkəmənin xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, notariusun qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın tutulması ilə bağlı məhkəmənin aidiyyət qaydaları birbaşa olaraq müəyyənləşdirilməmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarın 8-ci bəndindən irəli çıxdıqda, Məhkəmə qeyd edir ki, maddi və mənəvi zərərin mövcudluğu notariat kontorunun hərəkət və hərəkətsizliyi nəticəsindən yarandığından, həmin növ iddialara baxılması da ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd etmək istəyir ki, iddia tələbi həmin hissədə də mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçının izahatından aydın olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən maddi və mənəzi zərərin tutulmasını tələb edir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə müraciət olunmamışdır. “İnzibati və mülki hüququ münasibətlərindən irəli gələn mübahisələlərin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarın 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, Plenumda kompensasiya ilə bağlı iddia növlərində, inzibati orqan tərəfindən həmin tələb təmin olunmadığı halda, iddiaçı həmin halı məhkəmə icraat qaydasında mübahisələndirə bilər. Lakin iddiaçı qanunvericiliyin tələblərini nəzərə almayaraq, cavabdeh orqana müraciət etməmiş və yaranmış mübahisənin həllini məhkəmədən kənar qaydada həll etməmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, Məhkəmə izah edir ki, iddiaçı hazırkı tələbin notariat ilə bağlı hissəsində aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli, tələbin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hissəsində isə ilk olaraq inzibati orqana müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə, 13 №-li Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar