Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-988/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən mülkə dair adınına tərtib edilmiş dövlət reyestrindən çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 94 ünvanında yerləşən mənzilə dair Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ ilə aparılmış qeyddə dəyişiklik edilərək, mənzilin ümumi sahəsinin 107,57 kv. metr qeyd olunmasına dair düzəliş edilməsi və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş emişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X8 öldükdən sonra o, İddiaçı vərəsəsi kimi Baki şəhəri, Vidadi 94 ünvanında yerləşən atasının adında olan daşınmaz əmlak haqqında xx.xx.1992-ci il tarixli qeydiyat vəsiqəsinin dublikatının verilməsi xahişi ilə cavabdeh orqana müraciət etmiş, sənədi aldıqdan sonra müəyyən etmişdir ki, ona verilən sənəd qeydiyyat vəsiqəsi dublikatının deyil. Ona ciddi dəyişikliklərlə təzə çıxarış verilmişdir. Halbuki, dublikatda heç bir dəyişiklik edilmədən bütün məlumatlar olmalıdır. O, Dövlət reyestrində dəyişiklik edilməsini xahiş etməmişdir. Lakin onun məlumatı olmadan ona dublikat yox, əslində qöstərilməyən məlumatların daxil edildiyi, həqiqi hüquqa uyğun olmayan yeni çıxarış verilmişdir. Baki şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında tərtib edilmiş sənədlərdə ümümi sahəsi 46,57 kv. metr qöstərilmişdir. Halbuki müqaviləyə əsasən X5 mülkiyyətinə verilmiş səhə 107,57 kv. metrdən ibarət olmuşdur və bu barədə 24 iyul 1992ci il tarixli onunla bağlanmış bağışlama müqaviləsi Bakı şəhəri, 12 saylı DNK tərəfindən qeydə alınmış və ona mülkiyyətini təsdiq edən xx.xx.1992-ci il tarixli Qeydiyat vəsiqəsi verilmişdir. O, bütün lazımi sənədləri təqdim etmişdir və cavabdeh tərəfindən bu sənədlər nəzərə alınmır. Dəfələrlə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də konkret cavab verilməmiş və sənədin yazılmasında səhvlərini düzəltməmişlər, nətcədə onlarn hərəkətləri (hərəkətsizliyi) onun hüquqlarını pozur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 94 saylı evin - saylı mənzilin hüquqmüəyyənedici sənədlər əsasında ümumi sahəsi 46.57 kv. m. olmaqla, xx.xx.1992-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Təqdim edilmiş sənədlərdə mərhum X5 istifadəsinə verildiyi göstərilən təsərrüfat sahələri mənzil fonduna daxil edilmədiyindən, həmçinin həmin sahənin mənzil fonduna daxil edilərək mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı sənəd İdarənin arxivində aşkar olunmadığından iddiaçının ərizəsinin təmin olunması İdarə tərəfindən mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan sahələrin qəzalı (yararsız) vəziyyətdə olduğu müəyyən edilmiş, bu səbəbdən yoxlama ölçü işlərinin aparılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verimiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında yerləşən mənzil üzərində X5 xüsusi mülkiyyət hüququ ilə xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 23403/2024 №-li cavab məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: ünvan 2 ünvanında yerləşən evin bir hissəsinin X5 əvəssiz mülkiyyətinə verilməsi” haqqında 02/135-6 №-li xx.xx.1992-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında yaşayan X7 binanın birinci mərtəbəsində yerləşən 31 kv. metrdən ibarət iki otaqlı koməkçi sahənin ayrılması; 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 46,57 kv metrdən ibarət iki otaqlı ailəvi otaqların və evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələrin əvəssiz olaraq sonuncunun mülkiyyətinə verilməsi qərara alınmışdır. 24 iyul 1992-ci il tarixdə Oktyabr rayon XDS İK-nin nümayəndəsi X6 (xx.xx.1991-ci il tarixli 67 №li etibarnamə əsasında mənzillərin alqı-satqısına səlahiyyətləndirilmiş) ilə X8 12 saylı notariat kontorunda bağlanmaqla təsdiq olunmuş müqavilənin surətindən müəyyən olunur ki, X7 məxsus olan Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında, 2-ci mərtəbədə, ümumi sahəsi 46,57 kv metrdən ibarət iki otaqlı ailəvi otaqların yerləşdiyi evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr sonuncunun mülkiyyətinə verilmişdir. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “X1 məxsus Vidadi küçəsi 94 saylı aparılmış əlavə tikililərin faktının təsdiq edilməsi” xx.xx.2004-cü il tarixli, 1075 №-li sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 94 saylı mənzilin ümumi sahəsinin 227,5 kv. metr olması faktı təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” texniki pasportunun təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeydiyyat vəsiqəsinə (kitab: 126, səhifə 20093, xx.xx.1992) və Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 1075 №-li sərəncamına əsasən X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 94 saylı mənzilin yaşayış sahəsi 31.5 kv.metr və köməkçi sahəsi 196 kv.m olmaqla ümumi sahəsi 227,5 kv.metrdən ibarətdir. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 66 №-li məktubda göstərilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X4 qalmış miras əmlaka dair Bakı şəhəri 28 saylı notariat ofisində İddiaçı və X3 ərizələri əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq X5 adına ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair çıxarış verilməsi xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqınd daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 46.57 kv.metrdən ibarət № **********63-05101-093002 reyestr nömrəli daşınmaz əmlak (mənzil) üzərində X5 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Texniki istehsalat şöbəsi”nin mühəndisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmalkın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Vidadi küç. 94 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 46,57 kv. metrdir. Mühəndis tərəfindən aktda aşağıdakı məzmunda qeydlər aparılmışdır: “Vidadi küçəsi 94 saylı ünvanda oldum. Ərizəçi bildirdi ki, bizim mənzilə baxıblar. Çıxarışda sahə az yazılıb. Mənim təsərrüfat otaqlarımı yaşayış kimi sahəyə salmayıblar. Ərizəçi göstərdi ki, bu otaqlar sahəyə salınmayıb və siz bu otaqları ölçməlisiniz. Ərizəçiyə bildirdim ki, həmin otaqlar qəzalı yararsız olduğundan ölçü işləri aparmaq mümkün deyil. Ərizəçi bildirdi ki, onda biz sizdən şikayət edəcəyik. Yararsız olan otaqların foto şəkilləri çəkilib işə əavə edildi”. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-Z-00xx-xx/2023 saylı cavab məktubunda göstərilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 94 saylı evin – saylı mənzili hüquqmüəyyənedici sənədlər əsasında ümumi sahəsi 46.57 kv. olmaqla, xx.xx.1992-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Ərizəyə əlavə edilmiş sənədlərdə mərhum X5 istifadəsinə verildiyi göstərilən təsərrüfat sahələri mənzil fonduna daxil edilmədiyindən, həmçinin həmin sahənin mənzil fonduna daxil edilərək, mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı sənəd İdarənin arxivində aşkar olunmadığından müraciətinin təmin olunması tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq bildirmişlər ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müraciətdə qeyd olunan sahələrin qəzalı (yararsız) vəziyyətdə olduğu müəyyən edilmiş, bu səbəbdən yoxlama ölçü işlərinin aparılması mümkün olmamışdır”. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6906 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən üzərində X5 mülkiyyət hüquqları xx.xx.2023cü il tarixdə ********* qeydiyyat nömrəsilə qeydiyyata alınmış, ünvan 6ünvanında yerləşən **********63-05101-093002 reyestr nömrəli 46,57 kv.metrdən ibarət daşınmaz əmlak (mənzil) üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirmiş mənzilin” Texniki Pasportunda müəyyən olunmuş tikililərin faktiki ölçüləri (yaşayış və qeyri-yaşayış, yararlı və yararsız sahələr ayrı-ayrılıqda (1 saylı tikilinin sahəsi 14,1 kv. metr, 2 saylı tikilinin sahəsi 8,5 kv. metr, 3 saylı tikilinin sahəsi 23,9 kv. metr, 4 saylı tikilinin sahəsi 29,6 kv. metr, 5 saylı tikilinin sahəsi 82,3 kv. metr, 6 saylı tikilinin sahəsi 32,6 kv. metr) qeyd olunmaqla) 190,1 kv. metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirmiş mənzilin” Texniki Pasport sənədində göstərilən 7 saylı tikilinin qapısı bağlı olduğundan baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ... 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.3. tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi; 6.1.5. torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - (hər döngə nöqtəsi üçün); 6.1.6. daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə. 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. ... 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. ... Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. … Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. … Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. … Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 94 ünvanında yerləşən mənzilə dair Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ ilə aparılmış qeyddə dəyişiklik edilərək, mənzilin ümumi sahəsinin 107,57 kv. metr kimi qeyd olunmasına dair düzəliş edilməsi və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.12, 3.1.16, 3.1.20-ci yarımbəndlərə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən həyata keçirilir və müvafiq çıxarış ilə rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların normalarına görə əgər bu sferaya aid işlərin aparılması, misal olaraq, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək cavabdeh inzibati orqanın səlahiyyətlər dairəsinə aiddir. Necə ki cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı səlahiyyətə malikdirsə, eləcə də, o, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək səlahiyyətinə də malikdir. Hazırkı iddia üzrə cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirildiyindən məhkəmə ilkin olaraq mübahisə predmenti olan Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 94 ünvanında yerləşən mənzilin hüquqi rejiminə dair sənədlərə münasibət bildirirməyi zəruri hesab edir. Məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 02/135-6 №-li xx.xx.1992-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında yaşayan X7 binanın birinci mərtəbəsində yerləşən 31 kv. metrdən ibarət iki otaqlı koməkçi sahəsinin ayrılması; 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 46,57 kv metrdən ibarət iki otaqlı ailəvi otaqların və evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələrin əvəssiz olaraq sonuncunun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra 24 iyul 1992-ci il tarixdə Oktyabr rayon XDS İK-nin nümayəndəsi (xx.xx.1991ci il tarixli 67 №li etibarnamə əsasında mənzillərin alqı-satqısına səlahiyyətləndirilmiş) X6 ilə X8 arasında bağlanmış müqaviləyə əsasən X7 məxsus olan Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında, 2-ci mərtəbədə, ümumi sahəsi 46,57 kv metrdən ibarət iki otaqlı ailəvi taqların yerləşdiyi evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr sonuncunun mülkiyyətinə verilmişdir. Başqa sözlə desək, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 02/135-6 №-li xx.xx.1992-ci il tarixli sərəncamı və mənzilin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Vidadi küçəsi, ev 94 ünvanında, 2-ci mərtəbədə, ümumi sahəsi 46,57 kv. metrdən ibarət iki otaqlı ailəvi otaqların yerləşdiyi evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr X5 mülkiyyətinə verilmişdir. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 02/135-6 №-li sərəncamına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək olur ki, mübahisə predmeti olan mənzilə dair ümumi sahəsi 46,57 kv metrdən ibarət iki otaqlı mənzillə yanaşı, evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr də mərhum X5 mülkiyyətinə ayrılmış və onun mülkiyyət hüquqları isə xx.xx.1992-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən mərhum X5 xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınması zaman üzərinə düşən vəzifələri qüsurlu icra edilərək, onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 95 saylı evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində qeydiyyat vəsiqələri də müəyyən edilmişdir. Məhkəmə həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir. Oxşar yanaşma N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.” Ekspert rəyi ilə də bir daha müəyyən olunur ki, vaxtı ilə iddiaçının atası X7 Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 02/135-6 №-li sərəncamı əsasında mülkiyyətinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 95 saylı evin 2-ci mərtəbədə yerləşən iki otaqlı ümumi sahəsi 46,57 kv metrdən yaşayış sahəsi ilə yanaşı, evin 1-ci mərtəbəsində yerləşən 30,0 kv metr və 31 kv. metrdən ibarət köməkçi sahələr hazırda da sonuncunun vərəsəsi olan iddiaçının istifadəsindədir. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınması zamanı yol verilmiş yanlışlıqların düzəldilməsindən imtina edilməsi üçün hər hansı bir halın mövcudluğu müəyyən edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci, 69-cu, 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 94 ünvanında yerləşən mənzilə dair Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ ilə aparılmış qeyddə dəyişiklik edilərək, mənzilin ümumi sahəsinin 107,57 kv. metr qeyd olunmasına dair düzəliş edilməsi və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-988/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-988/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver