Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9880/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və professor elmi adının alınması üçün vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və professor elmi adının alınması üçün vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra – AMEA) Fəlsəfə və Sosiologiya institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosentdir. İddiaçıya xx.xx.2009-cu ildə fəlsəfə elmlər doktoru elmi dərəcəsi verilmişdir. İddiaçıya fəlsəfə elmləri doktoru elmi dərəcəsi 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə verilmişdir. Bundan sonra iddiaçı "Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı iddia prosesinə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, Əsasnamənin 1.3-cü bəndinin tələblərinə uyğun olaraq, dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində verilir. AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №li qərarı ilə iddiaçıya Sosiologiya elm sahəsinin 6312.01 - "Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" ixtisası üzrə professor elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – cavabdeh və ya Komissiya) qarşısında vəsatət qaldırılmış, vəsatət xx.xx.2023-cü il tarixdə Komissiyaya göndərilmişdir. Komissiya xx.xx.2023-cü il tarixdə vəsatəti geri qaytarmışdır. Vəsatətin geri qaytarılmasına əsas kimi göstərilmişdir ki, iddiaçıya fəlsəfə elmləri doktoru elmi dərəcəsi 7210 - “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə verildiyindən, vəsatət elmi adların verilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının attestasiya sənədləri vəsatətin dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədi ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutuna geri qaytarılmışdır. İddiaçıya Əsasnamənin müvafiq bəndi əsas gətirilərək, elmi dərəcənin verildiyi elm sahəsi üzrə müraciət ediləcəyi təqdirdə, sənədlərinin Komissiya tərəfindən baxılmasının mümkünlüyü izah edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023 il tarixli 1 №-li qərarı ilə onun Sosiologiya elm sahəsi üzrə professor elmi adını almağı üçün vəsatətini icra etməkdən imtinaya dair cavabdehin qəbul etdiyi inzibati aktın ləğv edilməsinə və bu vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi həmin sözlər 11 iyun 2019 il tarixli Əsasnaməyə 3 il 5 aydan sonra - xx.xx.2022-cü il tarixində əlavə edilmişdir. Halbuki cavabdehə təqdim etdiyi elmi işləri və fəaliyyəti bundan öncəki illəri əhatə edir. Professor elmi adının alınması üçün iddia etmə prosesi cavabdehin imtinanı əsaslandırmağa cəhd etdiyi xx.xx.2022-ci il tarixli düzəlişdən deyil, iddiaçının elmlər doktoru elmi dərəcəsi alması tarixindən başlanır. O, isə elmlər doktoru elmi dərəcəsini 2009-cu ildə alıb və buna görə də professorluğa iddia etmə prosesi bu tarixdən başlanıb və 2010-2022-ci illəri əhatə edir. Beləliklə. 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid edilə bilməz, çünki qanunun geriyə qüvvəsi yoxdur. Eyni zamanda o, 2018-ci ildən başlayaraq institutun “Sosiologiya” şöbəsinin baş elmi işçisidir. Bu da o deməkdir ki, sosiologiya elm sahəsində elmi ad almağa iddiası təsadüfi deyil, birbaşa vəzifəsi ilə əlaqəlidir. Sosiologiya elm sahəsində fəaliyyət göstərərək o, 2016-cı il 14 iyun tarixli Azərbaycan Respublikası Elm Qanununun 31.1.15. bəndində təsbit olunmuş “işlədiyi elmi təşkilatın tədqiqat istiqaməti çərçivəsində elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti seçmək” hüququndan istifadə edib. Elmi təşkilatın isə tədqiqat istiqamətlərindən biri isə sosiologiyadır. Bu illər ərzində qanunlarda fəlsəfə elmləri doktorunun sosiologiya elm sahəsi üzrə professor elmi adını almaq üçün heç bir əngəl olmamışdır və buna görə də buna iddia edib. Bilə bilməzdi ki, 2022-ci ilin sonunda Əsasnaməyə düzəliş ediləcək. Buna görə həmin düzəliş onun iddiasına aid edilməməlidir, çünki geriyə qüvvəsi ola bilməz. Əsasnamənin 3.1.3. və 3.1.5.3. bəndlərinə görə, professor adına iddia etmək üçün əsas şərtlərdən biri iddiaçı tərəfindən elmi müəssisənin qərarı ilə monoqrafiyanın dərc edilməsidir. Bu qanunu icra edərək, institutun Elmi şurasının qərarı ilə 2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib və bunu edərkən bilə bilməzdi ki, xx.xx.2022-cü il tarixində Əsasnaməyə düzəliş ediləcək və professor elmi adı elmi dərəcə alındığı sahədə veriləcək. O zaman qüvvədə olan qanunlar ona zəmanət vermişdi ki, fəlsəfə elmləri doktoru olaraq institutuun əsas istiqamətlərindən biri olan sosiologiya elm sahəsində monoqrafiya dərc etsə, ona həmin sahədə professor elmi adı veriləcək və buna şübhə etmədən elmi fəaliyyət göstərib. Buna görə xx.xx.2022-cü il tarixli düzəliş, onun elmi işini pozduğuna və ona ziyan vurduğuna görə onun işinə aid edilməməlidir. Onun geriyə qüvvəsi ola bilməz, çünki monoqrafiya 2020-ci ildə dərc edilib. 2020-ci ildə monoqrafiyanı dərc edəndən sonra dərhal professorluğa iddia qaldırmaq mümkün deyildi, çünki Əsasnamənin 3.1.5.1. bəndinə görə professor elmi adı almaq üçün iddiaçının elmi rəhbərliyi ilə azı iki mütəxəssis elmi dərəcə almalıdır. Bunu isə qısa müddət ərzində etmək olmur, çünki mütəxəssisin hazırlanması üçün “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarının” 1.7. bəndinə görə 4 il vaxt tələb olunur. Bu müddət yenə də ona dəlalət edir ki, 2022-ci ilin sonunda Əsasnaməyə edilən düzəliş ona aid oluna bilməz, çünki mütəxəssislərin hazırlığı illər tələb edir və hazırlıq prosesi bu tarixdən öncə başlayıb. Buna baxmayaraq o, Əsasnaməyə 2022-ci ilin sonunda edilmiş düzəlişin qəbul olunmasından öncə iddia qaldırmalı idi. Ancaq cavabdehin təqsiri üzündən bunu edə bilmədi. Məsələ burasındadır ki, elmi rəhbərliyi ilə müdafiə etmiş birinci mütəxəssisə Komissiya tərəfindən 2018-ci ildə elmi dərəcə verilmişdir. İkinci mütəxəssis isə xx.xx.2021ci ildə dissertasiyasını müdafiə etməsinə baxmayaraq, təsdiqini bir ildən sonra xx.xx.2022ci il tarixində almışdır. Lakin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin” 6.7. və 6.8. bəndlərinə görə ən gec 6 aydan sonra (xx.xx.2022-ci ildə) almalı idi. Cavabdeh tərəfindən bu qayda pozulduğuna görə o, Əsasnaməyə edilən düzəlişdən qabaq xx.xx.2022 - xx.xx.2022 tarixləri arasında professorluğa iddia qaldıra bilməyib. AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurası professor elmi adını almaq üçün Vəsatəti, onun 2009-cu ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi aldığından sonra 2010-2022-ci illər ərzində həyata keçirdiyi elmi işlərin əsasında qaldırmışdır. Çünki elmi fəaliyyəti qısa zaman ərzində həyata keçirilib nailiyyətlər əldə etmək, eləcə də qaydalar üzrə 2 nəfər elmi ad almış mütəxəssis (fəlsəfə doktoru) yetişdirmək mümkün deyil, buna illər tələb olunur. Buna görə AAK-ın qeyd etdiyi Əsasnamənin 1.3. bəndinə xx.xx.2022-ci il tarixində edilən düzəliş geri tarixlərə deyil, qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilməlidir. Eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 149, Vİİ bəndinə görə həmin düzəliş, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyinə və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə onun geriyə qüvvəsi ola bilməz. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etitraz onunla əsaslandırılmışdır ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən müvafiq bəndə “elmi dərəcənin verildiyi elm sahəsində” sözləri əlavə edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı Komissiyaya 2023-cü ildə müraciət etmiş və dəyişikliklər artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə müvafiq olaraq elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. Əsasnamənin 4.2-ci bəndinə əsasən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları elmi adlar verilməsinə dair vəsatəti yalnız Əsasnamənin dosent və professor elmi adlarının verilməsinə dair tələbləri ödənildiyi halda qaldırır. Lakin yuxarıda qeyd olunanlardan anlaşılır ki, iddiaçıya professor elmi adı verilməsi haqqında vəsatət qanunvericiliyin tələbinə uyğun qaldırılmamışdır. İddiaçıya elmi adın verilməsi məsələsinə baxılması və qərarın qəbul edilməsi yalnız Əsasnamənin tələbləri ödənildiyi halda mümkündür. Bu səbəbdən iddiaçının sənədləri Komissiya tərəfindən ekspertizaya qəbul edilməmiş, vəsatətin qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədilə elmi müəssisəyə geri qaytarılmış və bununla bağlı heç bir inzibati akt qəbul edilməmişdir. İddiaçı yazılı izahat təqdim etmişdir. Yazılı izahatda qeyd edilmişdir ki, cavabdeh məhkəməyə həqiqətə uyğun olmayan məlumat verib. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanında deyilir: "Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara... verilir”. Göründüyü kimi, burada "iddiaçılara” sözündən sonra "elmi dərəcənin verildiyi elm sahəsində” sözləri yoxdur. Həmin sözlər Əsasnaməyə xx.xx.2022-cü il tarixində əlavə edilmişdir: "2.1. 1.3-cü bəndə birinci halda "iddiaçılara” sözündən sonra "elmi dərəcənin verildiyi elm sahəsində” sözləri əlavə edilsin”. Onun isə fəlsəfə elmləri doktoru olaraq sosiologiya elm sahəsi üzrə fəaliyyəti 2010-2022-ci illəri əhatə edir, o cümlədən AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının qərarı ilə 2020-ci ildə monoqrafiya dərc edilib. Buna görə də həmin düzəlişin Azərbaycan Respublikasının Konstitusiyasına (149, Vİİ) görə ona aid edilməsi qanuna ziddir, çünki ona ziyan yetirir, elmi fəaliyyətini məhv edir. Professorluq hansısa bir ərizənin ya vəsatətin əsasında qazanılmır, illərlə uzanan prosesin nəticəsidir. Proses elmlər doktoru elmi dərəcə alandan sonra başlanır. Bu sırada iddiaçı bir sıra tələbləri yerinə yetirməlidir: o cümlədən, bir neçə il iş stajı olmalı, monoqrafiya yazmalı, mütəxəssis yetişdirməlidir. Buna isə illər tələb olunur. Bu tələbləri o, elmlər doktoru elmi dərəcəsini alandan sonra 2010-2022-ci illər arasında yerinə yetirib, Əsasnaməyə düzəliş 2022-ci ilin noyabr ayında edilib, Komissiyaya müraciət 2023-cü fevral ayında edilib. Gecikmənin səbəbini də iddia ərizəsində göstərib. Məsələ burasındadır ki, Əsasnamənin tələbinə görə iddiaçının yetişdirdiyi mütəxəssislərin elmi dərəcələri dissertasiya müdafiəsindən sonra Komissiya tərəfindən təsdiq edilməlidir. Onun ikinci mütəxəssisinin dissertasiyasını Komissiya, 2022-ci ilin sonunda düzəliş qüvvəyə minəndən sonra təsdiq etmişdir. Mütəxəssisin hazırlığı isə 4 il əvvəl başlamışdır ki, o zaman Əsasnaməyə dəyişiklik ediləcəyini bilə bilməzdi. Buna görə, ona ziyan vurduğuna və elmi fəaliyyətini pozduğuna görə qanunun geriyə güvvəsi ola bilməz. Üstəlik Komissiyanın təqsiri üzündən həmin mütəxəssisin təsdiqi gecikdirilmiş və Azərbaycan Respublikasının Konstitusiyasına (68. İV bəndi) görə bununla ona ziyan vurulmuşdur. Halbuki Komissiyanın etirazında bu məsələyə aydınlıq gətirilməmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının sənədləri Komissiya tərəfindən ekspertizaya qəbul edilməmiş, vəsatətin qanunvericiliyin tələblərinə uyğun qaldırılması məqsədilə elmi müəssisəyə geri qaytarılmış və bununla bağlı heç bir inzibati akt qəbul edilməmişdir. Onun professorluğa iddiasına baxılmış və ona məktublar şəklində bu barədə dəfələrlə rəsmi cavablar verilmişdir. Ona (fiziki şəxsə) “...verilmiş müraciətimə aidiyyəti üzrə baxılmışdır”. Həmin məktubda etiraf edilən “aidiyyəti üzrə baxılma” və verilən cavab tərifə uyğun olaraq “müəyyən məsələni həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan... digər növ hakimiyyət tədbiridir”. Məhkəməyə məhz bu “inzibati aktın ləğv edilməsi” üçün İddia qaldırılmışdır. Professorluğa Vəsatət isə Komissiya onun tərəfindən deyil, AMEA Fəsəfə və Sosiologiya institutunun Elmi şurası tərəfindən qaldırılmışdır. Komissiya, həmin Vəsatətə rəsmi yazılı cavab verməmiş və bunu Etirazlarında təsdiq etmişdir. Bu da mövcud qanunvericiliyin pozulmasıdır, çünki rəsmi dövlət qurumu olan Komissiya, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra Fərman) görə AMEA Fəlsəfə və Sosiologiya institutunun Vəsatətini aktlaşdırmalı, sənədləşdirməli və ona yazılı cavab verməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilmişdir ki, AAK onun tərəfindən hazırlanan mütəxəssisin dissertasiyasını müdafiədən 1 ildən sonra təsdiq etmişdir. Halbuki bunu “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamənin” 6.7. və 6.8. bəndlərinə görə ən gec 6 aydan sonra etməli idi. Buna görə də o, vaxtında professorluq iddiasını qaldıra bilməyib. Komissiya bunu izah etməyimə baxmayaraq ona rədd cavabı verilmişdir. Bu məsələyə aydınlıq gətirmək üçün Komissiyaya sorğu göndərmiş və ona cavab verilmişdir. Cavabda deyilir ki, həmin mütəxəssisə Qanunvericiliyə uyğun olaraq altı aydan sonra imtina cavabı verilmişdir. Lakin həmin mütəxəssis bu qərarla razılaşmamış, Apellyasiyaya şurasına müraciət etmiş və onun işinə yenidən baxılmışdır. Nəticədə Apellyasiya şurası, öncə verilmiş imtina qərarını ləğv etmiş, ona elmi dərəcənin verilməsi haqqında yeni qərar qəbul etmişdir. Komissiyanın Kollegiyası Apelyasiya şurasının müsbət qərarını xx.xx.2022ci il tarixində təsdiq etmiş və mütəxəssis elmi dərəcə almışdır. Lakin bu hadisə onun iddisını qüvvədən salmır. Çünki belə olsa da, yenə də Komissiyanın təqsiri üzündən vaxtında professorluğa iddia qaldıra bilməyib. Apellyasiya şurası öncəki qərarın qüvvədən düşməsi haqqında qərar veribsə, deməli Komissiyanın ekspertləri və rəhbərliyi imtina qərarını səhv veriblər. Apellyasiya şurası isə bunu aradan qaldırıb və mütəxəssisi elmi ad almağa layiq bilib. Komissiya ekspertlərinin səhv qərar verməsi üzündən onun professorluq iddiasını xx.xx.2022-ci il tarixində “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamənin” 1.3 bəndinə edilmiş düzəlişdən qabaq qaldıra bilməyib. Bunu AAK-a bildirsə də rədd cavabı alıb. Buna görə Azərbaycan Respublikası Konstitusiyasının 68.İİİ və 68.İV bəndinə görə Komissiya hərəkəti ona ziyan vurmuş olub və bu qurum buna görə məsuliyyət daşımalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı iddia ərizəsində inzibati aktın ləğv edilməsini xahiş etsə də, cavabdeh tərəfindən hər hansı bir inzibati akt qəbul edilməmişdir. İddiaçıya professor elmi adının verilməsi ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №-li qərarı ilə Komissiyaya qarşısında vəsatət göndərilməsi qərara alınmış, “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-cü il tarixdə edilmiş dəyişikliyə istinad edilərək təqdim edilmiş vəsatətin qanunvericiliyin tələblərinə uyğun olmaması bildirilərək cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə vəsatəti geri qaytarılmışdır. İddiaçı inzibati aktın ləğv edilməsini və vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması tələbini irəli sürmüşdür ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən inzibati akt qəbul edilmədiyindən hazırkı iddia məcburetmə haqqında iddiadır. Yəni iddiaçı vəsatətə baxılaraq ona elmi adın verilməsini (inzibati aktın qəbul edilməsini) xahiş edir ki, bu iddia məcbuetmə haqqında iddiadır. İddiaçı tərəfindən müraciətinin təmin olunmasından imtina edilmiş, o bu bardə cavabdehə müraciət ünvanlamış, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina edilmiş, iddiaçı 8.05.2023-cü il tarixdə iddia verərək 30 günlük iddia müddətinə də riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2009-cu ildə “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bundan sonra “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" professor elmi adının verilməsi ilə bağlı iddia prosesinə başlayaraq, qanunvericilikdə professor elmi adı almaq üçün nəzərdə tutulmuş tələbləri yerinə yetirib (2020-ci ildə sosioloji mövzuda monoqrafiya dərc edib, 2 mütəxəssis yetişdirib və s.) AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi şurasının xx.xx.2023-cü il tarixli 1 №li qərarı ilə Komissiya qarşısında vəsatət qaldırılması qərara alınmış və vəsatət xx.xx.2023-cü il tarixdə Komissiyaya göndərilmişdir. Komissiya “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"yə xx.xx.2022-cü il tarixdə edilmiş dəyişikliyə istinad edərək vəsatəti geri qaytarmışdır. Həmin dəyişikliyə görə, Əsasanamənin 1.3-cü bəndinin tələblərinə uyğun olaraq, dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində verilir. İddiaçıya “Fəlsəfə tarixi” ixtisasında fəlsəfə elm sahəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir, lakin iddiaçı professor elmi adı almaq üçün həmin sahə üzrə deyil, “Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi" sahəsi üzrə iddia prosesinə başlamış və həmin sahə üzrə elmi ad almaq üçün Komisiya qarşısında vəsatət qaldırılmışdır. İddiaçı hesab edir ki, professorluq elmi adı uzun sürən prosesdir və bu proses ona elmi dərəcə verildiyi vaxtdan sonra başlamış və 2010-2022-ci illəri əhatə edir. Əsasnamədə edilən həmin dəyişiklik ona şamil edilməməlidir, qanunun geriyə qüvvəsi yoxdur. O, bu sahə üzrə elmi ad almaq üçün hazırlaşanda Əsasnaməyə belə bir dəyişikliyin ediləcəyini bilə bilməzdi. İddiaçı həmçinin hesab edir ki, cavabdeh onun mütəxəssisinə vaxtında elmi dərəcə vermədiyi üçün, elmi dərəcənin verilməsi gecikdirildiyi üçün vəsatət vaxtında qaldırılmamış, nəticədə cavabdehin hərəkətləri ucbatından ona maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Elmi Dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 1.3-cü bəndinə görə, Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara elmi dərəcənin verildiyi elm sahəsində, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir. Əsasnaməyə “elmi dərəcənin verildiyi elm sahəsində” dəyişikliyi 26 noyabr 2022-ci il tarixdə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya elmi adın verilməsi ilə bağlı müraciət olunan tarixdə elmi adın verilməsi qaydalarını tənzimləyən Əsasnamənin istinad olunan norması qüvvədə olduğuna görə, cavabdehin imtinası əsaslı olmuşdur. Əsasnaməyə həmin dəyişikliyin edilməsi barədə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli 1888 №-li Fərmanda, bu barədə hər hansı bir qeyd şərt nəzərdə tutulmamış, dəyişklik edilənə qədər elmi ad üçün iddia prosesinə başlamış şəxslər barəsində hər hansı güzəşt, imtiyaz və ya istisna nəzərdə tutulmamışdır. Nəticə etibarı ilə cavabdehin hərəkəti Əsasnamənin və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 149, Vİİ bəndinə istinad edərək, illərlə gördüyü elmi işlərin və əldə etdiyi nailiyyətlərin əsasında elmi ad almağını əngəllədiyinə və bununla da onun uzun müddət gördüyü qurucu elmi işlərini pozduğuna görə Sərəncamdakı həmin düzəlişin geriyə qüvvəsinin ona şamil olunmadığını göstərmişdir. Lakin hazırkı mübahisədə hər hansı normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət getmir. Cavabdeh iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan Əsasnaməyə istinad etmişdir ki, burada şəxsin vəziyyətini pisləşdirən normativ hüquqi aktın geriyə qüvvəsindən söhbət gedə bilməz. Cavabdeh vəsatəti geri qaytararkən hazırda qüvvədə olan normativ hüquqi akta istinad edir. İddiaçı cavabdehin təqsiri ucbatından (ikinci mütəxəssisə elmi dərəcənin verilməsinin gecikdirilməsi səbəbindən) cavabdehin ona maddi ziyan vurmasını göstərmişdir ki, bu hazırkı iddianın predmeti deyildir. Məhkəmən əlavə olaraq qeyd edir ki, hazırkı məsələyə baxılması cavabdehin diskression səlahiyyətlərinə aiddir. Belə olan halda, cavabdehin hərəkəti mübahisələndirilərkən, məhkəmə onun imtinasının diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə isə, cavabdeh inzibati orqanın imtina barədə hərəkəti edərkən qanunla müəyyən olunmuş müvafiq hədlərə əməl etməməsi, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayılmır. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və professor elmi adının alınması üçün vəsatətin icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9880/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9880/2023
21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver